Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-332/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2162/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.
2. "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 41149,84 manat borcu vardır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlə "xxxx" Mənzil Tikinti Kooperativinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 41075,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 671,58 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 671,58 manat, dövlət büdcəsinə 41075,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 2462,86 manat, faizlər üzrə 893,74 manat, maliyyə sanksiyası üzrə 420 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 37299 manat) olmaqla, ümumilikdə 41747,18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********991000, xx.xx.2022-ci il tarixli **********699700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2162/2025 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 41149,84 manat borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlə "xxxx" Mənzil Tikinti Kooperativinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 41075,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 671,58 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
8. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda həmin Kooperativin əvvəlki rəhbəri olmuş şəxslərin fəaliyyəti ilə bağlı iş üzrə cinayət işi qaldırıldığından və cinayət işinə Sumqayıt Ağır cinayətlər məhkəməsində baxıldığından və minlərlə zərərçəkmiş şəxsin mənzil təminatının həyata keçirilməsi ilə bağlı müxtəlif dövlət orqanları ilə yarımçıq qalmış binanın istismara verilməsi istiqamətində müəssisə rəhbəri kimi maraqlı şəxsin adından sənədlər hazırlanıb təqdim edilməli idi. Bu səbəbdən heç də könüllü olmadan o yarımçıq qalmış binanın istismara verilməsi ilə bağlı Baş Prokurorluq yanında KQMBİ-nin təklifi ilə həmin müəssisəyə müvəqqəti olaraq rəhbərliyi həyata keçirməyə başlamışdır. Bu müddət ərzində heç bir əmək haqqı belə almadan yalnız və yalnız dövlət qurumları ilə yazışmaların yekunlaşdırılması və minlərlə vətəndaşın mənzil hüquqlarının təmin olunması istiqamətində müvafiq köməklik etməyə çalışmışdır. Bu barədə aidiyyəti orqanlar sırasında Dövlət Vergi Xidməti də məlumatlı olmuşdur. Yalnız həmin qurum formal prosedur olaraq maraqlı şəxs barəsində bu tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin məhkəmə tərəflərin iştirakını təmin etmədən işin faktiki hallarını araşdırmadan yalnız formal prosedurlara riayət edərək ədalətsiz qərar qəbul etmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında həqiqətən cavabdehin həmin müəssisəyə nə vaxtdan rəhbərlik etdiyi və borcun hansı dövrü əhatə etdiyini, bununla bağlı əvvəlki rəhbərlik barəsində ittiham aktı tərtib edilməsini araşdırmamış, digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
13. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
14. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
15. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
Apellyasiya baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" Mənzil Tikinti Kooperativi vergi və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna və dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
19. Bundan əlavə kollegiya işin diqqətəlayiq hallarını, o cümlədən "xxxx" Mənzil Tikinti Kooperativinin borcunun 40.000 manatdan artıq olduğunu, həmin borcun uzun müddətdir ki, ödənilmədiyini (borcun 37.299 manat hissəsinin mövcudluğu faktı xx.xx.2019-cu il tarixli məhkəmə hökmü ilə təsdiq edilmiş, lakin hal-hazıradək ödənilməmişdir) nəzərə alaraq hesab edir ki, hazırkı halda həmin borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılması mütənasiblik meyarlarına cavab verir.
20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə birinci instanisya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, "Progress-2016” Mənzil Tikinti Kooperativinin vergi və icbari tibbi sığorta haqları üzrə borclarının ödənilməsini təmin etmək məqsədilə sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdılması qanuni və əsaslıdır.
21. Apellyasiya şikayətinin dəlilləri bağlı məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin hansı tarixdən etibarən kooperativin icra orqanının rəhbəri kimi fəaliyyət göstərməsi, habelə Kooperativin əvvəlki rəhbəri olmuş şəxslər nunbarəsində cinayət işinin mövcudluğu hazırkı işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar olmadığından həmin halların araşdırılması zərurəti mövcud deyildir.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2162/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov