Məhkəmə qərarları › İş №2-2(103)-333/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-333/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-333/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4508/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 20/38 nömrəli alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 21.446,4 manat əsas borcun, 6.433,9 manat cərimənin, 1.340,4 manat faizin, 200 manat mediasiya xərclərinin, toplam 29.420,7 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 21.446,4 manat əsas borcun, 215 manat cərimənin və 200 manat mediasya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, alqı-satqı müqaviləsi və qaimə-fakturadakı imzalar cavabdehə məxsus deyil. Məhkəmə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməli, iş materiallarında olan xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsində, 125 nömrəli qaimə-fakturada olan imzaların cavabdeh tərəfindən icra edilməsi ekspertiza ilə yoxlanılmalı idi. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı sonrakı qoyulmuşdur: “Cavabdeh məhkəmə kollegiyasının iclasında alınmış imza nümunələri və təqdim etdiyi kassa mədaxil orderinin qəbzi, audit müqaviləsi, kredit və icarə müqavilələrinin əsllərində onun tərəfindən çəkilmiş imzaları əsas götürülüb, həmin imzalarla müqayisə edilməklə, işin 31-ci vərəqində 24 avqust 2020-ci il tarixli alq-satqı müqaviləsinin “Alıcı” Cavabdeh” hissəsində, 32-ci vərəqində qiymətlərin razılaşdırılması protokolunun “Alıcı” Cavabdeh” hissəsində, 33-cü vərəqində qaimə-fakturanın “Təhvil aldı:” hissəsində atılan imzalar Cavabdeh tərəfindən icra olunmuşdurmu?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixi 4/700 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 28-31-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli 20/38 nömrəli Alqı-satqı müqaviləsinin 4-cü vərəqində ““ALİCİ “Cavabdeh"” qrafasından aşağı hissədə yerləşən “Fiziki şəxs:" qrafasındakı İmza, 32-ci vərəqində olan xx.xx.2020-ci il tarixli 001 nömrəli Qiymətlərin razılaşdırılması protokolunda ““ALİCİ “Cavabdeh"" qrafasından aşağı hissədə yerləşən “Fiziki şəxs:" qrafasındakı imza, 33-cü vərəqində olan xx.xx.2020-ci il tarixli 125 nömrəli Qaimə-fakturada “Təhvil aldı:" qrafasındakı İmza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.” İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, tələbi faktiki əsası kimi iddiaçının istinad etdiyi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, o cümlədən eyni tarixli 001 nömrəli Qiymətlərin razılaşdırılması protokolu və 125 nömrəli qaimə-faktura cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. İddiaçı iddianı qəbul etmir, iddiaçı ilə onun arasında hazırkı tələblə bağlı hər hansı hüquq münasibətinin yaranmadığını bildirir. Belə olan halda, tərəflər arasında mülki hüquq və vəzifələri əmələ gətirən əsaslardan biri kimi Mülki Məcəllənin 567-ci maddəsi anlamında alqı-satqı müqaviləsi bağlanmamış, nəticədə, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, iddiaçı isə cavabdehə qarşı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olmamışdır. İddianın alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən əsas borcun tutulması tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan cərimə və faizin tutulması tələbləri də, belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirəyə lüzum görülmədən rədd edilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və onun dəlillərini əsaslı sayır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməli, apellyasiya şikayəti təmin edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4508/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı aralarında bağlanmış 24 avqust 2020-ci il tarixli 20/38 nömrəli alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 21.446,4 manat əsas borcun, 6.433,9 manat cərimənin, 1.340,4 manat faizin, 200 manat mediasiya xərclərinin, toplam 29.420,7 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələblərinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat İddiaçı MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar