Məhkəmə qərarları › İş №2-2(103)-334/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-334/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-334/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “Hika Maden ve X1 Limited” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Hika Maden ve X1 Limited” şirkəti Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 189.119 ABŞ dolları məbləğində əsas borcun və əldən çıxmış fayda kimi 208.030 ABŞ dolları məbləğində pulun tutularaq, “İddiaçı” Şirkətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “Hika Maden ve X1 Limited” şirkəti həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürüldüyünə, elektron kabinet vasitəsilə verilmədiyinə, habelə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı “Hika Maden ve X1 Limited” şirkəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İddiaçı “Hika Maden ve X1 Limited” şirkəti isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Bundan başqa işin 92-ci vərəqəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə dəftərxana vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx xxxxxx 2020-ci il tarixdə bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmçinin Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Lakin apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, iddiaçı şikayətdə yalnız prosessual müddətin üzrlü səbəbdən ötürdüyünə istinad etmiş və şikayəti bu hallarla əsaslandırmışdır. Kollegiya qeyd edir ki, həmin hallar yalnız buraxılmış prosessual müddətin bərpası üçün üzrlü hallar hesab oluna bilər. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir ərizə verməmiş və bu hal hazırki apelyasiya baxışının predmeti deyildir. Bundan başqa yuxarıda da qeyd olunduğu kimi iddiaçı apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürməklə yanaşı, şikayəti məhkəməyə elektron kabinet vasitəsilə göndərməmiş və şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Hika Maden ve X1 Limited” şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar