Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-336/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1249/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2296 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 56 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2382 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1249/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən 2054 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,20 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 87,33 manatının “xxxx” ASC-dən, 12,67 manatının isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh «xxxx» ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı özünə məxsus “BAİC A115” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” ASC-də “Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi” üzrə 4 il müddətinə sığortalanmış, sığorta haqqı 630 manat, sığorta məbləği 10000 manat, azadolma məbləği 300 manat miqdarında müəyyən edilmişdir. “xxxx” ASC-nin nəqliyyat vasitələrinin sığorta təminatı ilə bağlı öhdəliklər xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə) “xxxx” ASC-yə ötürülmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan, sığortalı “BAİC A115” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında yanvar 2020-ci il tarixdən X1 istifadəsində olmuşdur. Həmin avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə təxminən saat 04:30 radələrində Bakı şəhəri H.Əliyev prospektindən Arif Heydərov küçəsi istiqamətinə dönmə manevri edib yola davam edərkən, sol tərəfdən hərəkət edən “DAEWOO CENTRA” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “BAİC A115” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi maddi zərərə məruz qalmışdır. Nərimanov rayon X11 Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən “Deawoo Gentra” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məmmədov X9 Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrinə əsasən yol nəqliyyat hadisəsi baş verməsində təqsirli bilinmişdir. İddiaçı MMC tərəfindən verilmiş hesabata əsasən avtomobilə dəymiş maddi ziyanın məbləği 2596 manat həddində müəyyən edilmişdir. İddiaçı 300 manat franşiza xərci çıxılmaqla cavabdehdən 2296 manat sığorta ödənişinin tutulması tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “BAİC Al 15” markalı 90PE945 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuş X4 RPİ DYPŞ-yə verdiyi xx xxxxxx 2020-ci il tarixli izahatında bildirmişdir ki, hadisədən sonra sənədlərinin qaydasında olmaması səbəbindən sürücü kimi özü yox, atası təqdim olunmuş, polis və sığorta şirkəti sürücü kimi atasını qeydiyyata almışdır. Lakin sonradan bütün sənədlərdə sürücü kimi Məhərrəmli Müzəffər qeydiyyata alınmışdır. Sığorta müqaviləsinin tərkib hissəsi olan “xxxx” ASC-nin “Hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası Qaydaları”nın 17.1.2-ci bəndinə əsasən sığorta hadisəsi baş verdikdə dərhal, lakin hər halda 24 saatdan gec olmayaraq hadisənin baş verməsi haqqında sığortaçıya məlumat vermək sığortalının vəzifəsi kimi qeyd edilmişdir. Lakin sığortalanmış avtomobili idarə edən şəxs hadisə barədə “xxxx” ASC-yə hadisədən 2 gün sonra məlumat vermişdir. Hadisə barədə vaxtında məlumat verilməməsi səbəbindən “xxxx” ASC həmin qəzanın sığorta hadisəsi olub-olmamasını araşdırılaraq müəyyən edilməsi hüququndan tam məhrum etmişdir. Sürücü sığorta müqaviləsinin 17.1.2-ci bəndinin tələblərini pozduğu üçün sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Mülki Məcəllənin 933.1 və 934.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada sığorta müqaviləsi bağlanılmış, müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə ilə müəyyən edilən sığorta hadisəsi baş vermiş və sığortalanmış əmlaka maddi zərər dəymişdir. Sığorta ödənişinin məbləği isə aşağıdakı qadada müəyyən olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 9/3107 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən buraxılış ili 2014-ci il olan BAİC minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2354 manat müəyyən edilir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi avtomobilə dəymiş 2354 manat məbləğindən tərəflərin razılaşdığı 300 manat azadolma məbləği (franşiza) çıxılmaqla 2054 manat təşkil edir. Cavabdeh «xxxx» ASC-nin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 923.1-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1 və 935.1.1-ci maddələrinə görə Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Hazırki işdə isə bu hal mövcud deyil. Çünki iş materiallarından görünür ki, Nərimanov rayon X11 Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP saylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən “Deawoo Gentra” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məmmədov X9 Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrinə əsasən yol nəqliyyat hadisəsi baş verməsində təqsirli bilinmiş, bununla da sığorta hadisəsinin baş verməsi təsdiq edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən həm X2, həm də onun atası X3 etibarnamə verilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1249/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-336/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-336/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver