Məhkəmə qərarları › İş №2-2(103)-337/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-337/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-337/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Araz Alakhverdiyevin iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-370/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən və Cavabdeh2 subroqasiya qaydasında onun xeyrinə müştərək qaydada dəymiş ziyana görə 4415 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-370/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 4415 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Bundan başqa zərərin hansı qaydada hesablanması bəlli deyildir. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməli olduğu halda keçirilməmişdir. Həmçinin məhkəmə dəymiş zərəri Cavabdeh2 tutmalı olduğu halda, Cavabdeh1 MMCdən tutmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Araz Alakhverdiyev apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Fiat Doblo” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 MMC-nin mülkiyyətindədir. Cavabdeh2 08 avqust 2019-cu il tarixdən 13 noyabr 2019-cu il tarixədək Cavabdeh1 MMC-də sürücü vəzifəsində işləmiş və o, 02 noyabr 2019-cu il tarixdə “Fiat Doblo” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Nissan Teana” markalı ** KS *** dövlət qeydiyyat nişanlı, “Kadillak” markalı ** CF *** dövlət qeydiyyat nişanlı və “Lexus RX 300” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. DYP-nin 06 noyabr 2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “Fiat Doblo” minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına və yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Eyni zamanda 06 noyabr 2019-cu il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən təqsirli şəxs kimi “Fiat Doblo” minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2, zərərçəkənlər kimi isə X1, X2 və X6 tanınmışlar. "xxxx" MMC-nin 16 yanvar 2020-ci il tarixli yekun defekt aktına əsasən “Nissan Teana” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilə 1620 manat, 20 dekabr 2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Kadillak” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat, "xxxx" MMCnin 18 yanvar 2020-ci il tarixli yekun defekt aktına əsasən “Lexus RX 300” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə 2295 manat zərər dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 080672, 078043 və 080919 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti ASC cəmi 4415 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı həmin sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür. Cavabdeh1 MMC-nin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, icbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilmişdir. İddiaçının istinad etdiyi hallardan (Cavabdeh2 yol-nəqliyyat hadisəsi yerindən yayınması) müəyyən olunur ki, o, subroqasiya hüququnun yaranmasını həmin Qanunun 25.1.8-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin tələblərinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Kollegiya hesab edir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Fiat Doblo” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 MMC-nin sürücüsü olmuş Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxslərə məxsus “Nissan Teana” markalı ** KS *** dövlət qeydiyyat nişanlı, “Kadillak” markalı ** CF *** dövlət qeydiyyat nişanlı və “Lexus RX 300” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt sürücü Cavabdeh2 yol hərəkəti qaydalarını pozduğuna və hadisə yerindən yayındığına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 327.1-ci və 327.6cı maddələrinə uyğun olaraq təqsirli bilinmiş və iddiaçı avtomobillərə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8 və 63.1-ci maddələri və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Eyni zamanda subroqasiya hüququ məhz Cavabdeh1 MMC-yə münasibətdə təmin olunmalıdır. Belə ki, zərər yüksək təhlükə mənbəyi hesab edilən nəqliyyat vasitəsi ilə vurulmuşdur. Belə olan halda zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən müəyyən edilməlidir. Həmin maddənin tələblərinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu baxımdan kollegiya hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Fiat Doblo” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi mülkiyyətçi Cavabdeh1 MMC qəbul edilməlidir. Çünki Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi kimi həmin avtomobili idarə edib və ona gərə də o, Mülki Məcəllənin 1108.1-ci maddəsində göstərilən “yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs” hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının subroqasiya hüququ məhz Cavabdeh1 MMC-yə qarşı əmələ gəlmiş və hazırkı işdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı sığortalılara ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh1 MMC-dən tələb etməkdə haqlıdır. Cavabdeh1 MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilmiş və çatdırılmışdır. Zərərin məbləğləri isə yuxarıda qeyd olunan sığorta aktlarına əsasən müəyyən olunmuş, lakin birinci instansiya məhkəməsində həmin zərərlərin məbləğləri mübahisələndirilməmişdir. Cavabdeh2 münasibətdə təkrarən qeyd olunur ki, o, hüquqi şəxsin işçisi kimi “Fiat Doblo” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə Mülki Məcəllənin 1108.1-ci maddəsi baxımından yüksək təhlükə mənbəyi olan həmin avtomobilin sahibi hesab olunmur. Eyni zamanda kollegiya izah edir ki, Cavabdeh1 MMC Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsaslanaraq Cavabdeh2 qarşı reqres qaydasında tələb hüququna malikdir. Belə ki, həmin maddənin tələbinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-370/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar