Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-338/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: yük daşıma müqaviləsi, ekspeditor xidməti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ekspeditor xidməti müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2- 2(113)-4633/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı ekspedior xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin hesabına təşkil edir və sifarişçi hazırkı müqavilənin 3- cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən daşıma şərtləri, marşurut, yük nomenklaturası, həcmi, dərəcələri, xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər tərəflərlə arasında razılaşdırılır və hazırkı müqavilənin əlvəsi kimi rəsmiləşdirilən xidmət sifarişində göstərilir.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən ekspeditorun vəzifələri aşağıdakılardır: -2.1.1. sifarişçinin yükün daşınmasını xidmət sifarişinə və müvafiq əlavəyə uyğun olaraq təşkil etmək; - 2.1.3. yükün çatdırılma tarixi barəsində 3 iş günü əvvəl sifarişçiyə bildiriş vermək; -2.1.4. icra olunan işlər üzrə elektron qaimə-fakturanın əslini və təhvil-təslim aktını təqdim etmək; - 2.1.6 yükün bütövlüyünə, çatıdırlma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımı qaydada yerinə yetirilməməsinə mənfi təsir edən və ya təsir edə biləcək bütün halar, o cümldən bu halların aradan qaldırılması üçü görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat vermək; - 2.1.10 yükün qəbul edildiyi andan onun təhvil verilmə anına kimi onu lazımi qaydada və səylə daşımaq.
3. Müqaviləsinin 2.3-cü bəndinə əsasən sifarişçinin öhdəlikləri aşağıdakılardır: -2.3.1. Ekspeditoru Xidmət Sifarişində göstərilən yükün xüsusiyyəti, ölçüsü, çəkisi, qablaşdırılması, paketlərin sayı, mənşə və təyinat yerləri, yükün daşınmaya hazır tarixi, Xidmət Sifarişində göstərilən bəyan edilmiş yük dəyəri ilə bağlı tam məlumat ilə təmin etmək. - 2.3.3. gömrük prosedurlarına və digər formallıqlara riayət etmək məqsədilə hesabfakturalar, lisenziyalar, müqavilələr, gömrük bəyannamələri, keyfiyyət və kəmiyyət sertifikatları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün zəruri sənədləri Ekspeditora təqdim etmək, - 2.3.4. yükün ixrac/idxal edilməsi prosessində zərurət yarandıqda Azərbaycan Respublikasını və digər ölkələrin qanunvericiliklərinə uyğun olaraq yükün daşınması/tranziti üçün tələb olunan lisenziya, bəyannamələri təqdim etmək və rəsmi icazələr alınması məqsədilə Brokerə tapşırıq vermək. - 2.3.5. daşınması üçün tələb olunan və Ekspeditora təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünü, eləcə də yükün Ekspeditora təqdim edilən sənədlər və informasiya ilə uyğunluğunu təmin etmək. - 2.3.6 hazırkı müqavilənin 3-cü maddəsinə və müvafiq əlavəyə əsasən ekspeditora xidmət haqqını vaxtında ödəmək; -2.3.7 xidmət sifarişində sifarişçi tərəfindən verilən yalnış məlumata görə Ekspeditorun çəkdiyi hər hansı əlavə xərcləri və digər xərcləri ödəmək. Sifarişçi öz təqsiri səbəbindən yaranan hər hansı əlavə xərclərə görə məsuliyyət daşıyır və onları hazırkı müqavilədə nəzərdə tutulduğu kimi öhdəliklərə əlavə olaraq ödəmələdir; - 2.3.9 sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözügedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 ABŞ dolları/100 EUR həcmində əlavə ödəniş edir (müvafiq olaraq yükün Türkiyə Respublikası və ya Avropa ölkələrindən daşınmasından asılı olaraq).
4. Müqavilənin 3.2-ci bəndinə əsasən hər iki tərəfin imzaladığı göstərilmiş xidmətlər haqqında aktda xidmətlərin təhvil verildiyi/alındığı tarix qeyd edilməli və bu tarix ekspeditor tərəfindən müvafiq xidmət sifarişi üzrə xidmətlərin tam olaraq başa çatdırıldığını müəyyən etməlidir.
5. Müqavilənin 3.3-cü bəndinə əsasən göstərilmiş xidmətlər haqqında aktın hər iki tərəfin imzaladığı və ödəniş üçün elektron qaimə-fakturanın alındığı tarixdən etibarən 10 iş günü ərzində xidmətin dəyəri ödənilməlidir.
6. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş gecikdiyi halda, ekspeditor müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin 0.1 %-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün, lakin müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10%dən çox olmayaraq sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir.
7. Müqavilənin 4.11-cı bəndinə əsasən ekspeditor çatdırmanın gecikdirilməsi ilə bağlı sifarişçiyə dəyən zərər üçün məsuliyyət daşıyır.
8. xx.xx.2022-ci il tarixli 4687 saylı satınalma sifarişinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 24000 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixli 4658 saylı satınalma sifarişinə əsasən 360 ABŞ dolları dəyərində və xx.xx.2023- cü il tarixli 4683 saylı satınalma sifarişinə əsasən isə 400 ABŞ dolları dəyərində sifariş verilmişdir.
9. xx.xx.2022-cü il tarixli SİNV0583 saylı invoys üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 357 manat, xx.xx.2022-cü il tarixli SİNV0584 saylı invoys üzrə 255 manat, xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat və xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat məbləğində borcu olduğu qeyd olunmuşdur.
10. xx.xx.2023-cü il tarixli EBCM seriyalı 521043 saylı elektron qaiməyə əsasən 40800 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBCM seriyalı 693496 saylı elektron qaiməyə əsasən 680 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDA seriyalı 666713 saylı elektron qaiməyə əsasən isə 8500 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət göstərilmişdir.
11. İş materiallarındakı tərəflər arasında aparılan Whatsapp yazışmasından görsənir ki, “bəzi işlərin həll edilməsi üçün sifarişçiyə vaxt lazım olması və bu səbəbdən sürücülərin 19-20 dekabr deyil, 21 dekabrda olması” istənilib.
12. Orxan adlı şəxs tərəfindən Ceyhun adlı şəxsə ünvanlanmış Whatsapp yazışmasından görsənir ki, “sürücülərin orada gözləməsi və ya bilet alıb geri qayıtmaları barədə şirkətə bildirilib və nəticədə sürücülərin orada qalması qərarın alınması” bildirilib.
13. Elektron ünvan 1 email poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli hesablamada düzəliş edilməsi adlı mesajda «maşınların açarlarının meyvəli terminalında əməkdaşlarınıza təhvil verildi. Asrtaların daşınması üçün Türkiyədə yaranan əlavə xərcləri diqqətinizə çatdırıraq: Sürücülər 22 dekabr tarixində yükləmə adresində oldular. Əlavə hər gün üçün qidalanma və otel xərci 50 USD olacaqdır. 7 sürücü çıxış tarixi-27 Dek. 7X5 günX50 USD=1750 USD. 3 sürücü çıxış tarixi 30 Dek.3X8 günX50 USD=1200 USD, servis xərci 1800 USD.» qeyd olunmuşdur.
14. Elektron ünvan 3 email poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mesajlarda qeyd edilmiş təmir xərclərinin tərəflərindən qarşılanacağı. Sürücülərin əlavə gözləmə müddəti müqavilə üzrə göstərildiyi kimi gündəlik 100 ABŞ dolları hesablanaraq invoice ediləcəyi, sürücülərin 22 dekabr tarixində yükləmə adresində olduqlarını nəzərə alınanda, 1 gün azad vaxtın olduğunu, 27 dekabr tarixinə qədər digər günlər üçün cərimələr 1- sürücü X 100 USD=5000 USD şəklində hesablanacağı, sürücülərin 27 dekabr tarixində günün 2- ci yarısında yola çıxdıqları üçün, həmin gün üçündə cərimə hesablandığı qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı MMC-nin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabilində xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat, xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat olmaqla cəmi 49980 manat xidmət haqqı, 4998 manat cərimə və 2499 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 54477 manat pulun, ödənilmiş 410 manat mediasiya xərcinin və vəkilə ödənilmiş 120 manat haqqın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqavilə bağlanmışdır. Ekspeditor xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, ekspeditor Sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/ və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və sifarişçi həmin müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekspeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq əlavələr ilə müəyyənləşdirilir. İddiaçı MMC ilə Cavabdeh MMCarasında bağanmış xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabili xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat, xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat olmaqla ümumilikdə 49980 manat təşkil etmişdir. Cavabdeh MMC ekspeditor xidmətlərinə dair müqavilənin 2.3.6-cı bəndinin tələblərini pozaraq, həmin müqavilənin 3-cü bölməsinə əsasən 49980 manat vəsaiti İddiaçı MMC-nə ödəməmişdir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq gecikmiş ödəniş olan halda, İddiaçı MMC-nin müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %- i dəyərində Cavabdeh MMC-dən cərimə ödənişi tələb etmək hüququ vardır. Lakin bu ödəniş müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %-ni keçməməlidir. Ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış cərimə 4998 manat təşkil edir. Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə İddiaçı MMC-nə zərər vurmuşdur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından mərhum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Hal hazırda Mərkəzin bankın uçot dərəcəsinə uyğun olaraq ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış əldən çıxmış fayda 2499 manat təşkil edir. Ekspeditor xidmətlərinə dair müqavilənin 7.1 bəndinə əsasən hazırkı müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh olunur. Tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən irəli gələn və ya müqavilənin icrası ilə əlaqədar yaranan və tərəflər arasında müzakirə yolu ilə həll edilə bilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4633/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətləri müqaviləsinə dair xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə - 40.800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə - 680 manat, xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə - 7310 manat (4300 ABŞ dolları) borc məbləği, 2289 manat məbləğində dəbbə pulu olmaqla cəmi 51079 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 410 (dörd yüz on) manat və vəkil xərcinin əvəzi olaraq 120 (yüz iyirmi) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********0 saylı “Ekspeditor xidmətlərinə dair” müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/ və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və sifarişçi həmin müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekspeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq əlavələr ilə müəyyənləşdirilir.
19. Məhkəmə iddianın xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat məbləğində borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirilmiş, o cümlədən cavabdeh şirkətin təchizat şöbəsinin rəhbəri X1 tərəfindən də SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat məbləğində borc məbləğlərinin mövcudluğunu, həmin xidmətlərin onlara göstərildiyini xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qəbul edilmişdir.
20. Məhkəmə iddianın xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat məbləğində məbləğində borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3.9-cu bəndindən də göründüyü kimi sifarişçiyə yük boşaldılması üçün 48 saat azad vaxt verildiyi, iddiaçının işçilərinin daşıma məntəqəsində olduqları vaxtdan (xx.xx.2022) həmin 48 saat müddəti keçdikdən sonra təyinat məntəqəsinə 23 dekabr tarixdə gəlməli olduqları halda, ilkin olaraq göndərilmiş 10 sürücüdən 7 sürücü 27 dekabr tarixdə yola çıxmışlar. Buna görə də müqavilədə nəzərdə tutulmuş 48 saatlıq azad vaxt cavabdeh tərəfindən ötürülmüş, iddiaçının 7 sürücüsü 4 gün (21 dekabr – 27 dekabr=6 gün- 48 saat=4 gün) vaxt itkisinə məruz qalmışdır (7 sürücü x 4 gün x 100 ABŞ dolları) gün=2800 ABŞ dolları). Digər 3 sürücü isə 30 dekabr tarixdə yola çıxmış və bununla da 5 gün (21 dekabr-30 dekabr = 7 gün – 48 saat = 5 gün) vaxt itkisinə məruz qalmışlar. (3 sürücü x 5 gün x 100 ABŞ dolları =1500 ABŞ dolları). Bununla da iddiaçı tərəfindən əlavə 4300 ABŞ dolları məbləğində xərc çəkilmişdir. (2800 ABŞ dolları+1500 ABŞ dolları=4300 ABŞ dolları). Həmin 4300 ABŞ dolları (ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində xərc də müqavilənin 2.3.9-cü maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 2289 manat məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə iddianın əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, işdə iddiaçı hüquqlarının pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4633/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın tam rədd edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılan müqavilənin 2.1.6-cı maddəsində ekspeditorun vəzifəsi kimi yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımı qaydada yerinə yetirilməməsinə mənfi təsir edən və ya təsir edə biləcək bütün hallar, o cümlədən bu halların aradan qaldırılması üçün görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat vermək qeyd olunmuşdur. İddiaçı tərəf müqaviləyə müvafiq olaraq bu öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün cavabdehə öncədən məlum olmayan hal baş vermiş və çatdırılmada gecikmə baş vermişdir. Qətnamədə qeyd olunduğu kimi iddiaçı gömrük rəsmiləşdirməsindən məsul olmasa belə, bu halın baş vermə ehtimalını nəzərə alaraq digər tərəfi məlumatlandırmalı idi. Bundan əlavə gecikməyə səbəb olan digər bir hal– maşınlardan birində texniki nasazlığın yaranması halına məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Belə ki, rəsmi servisdə tərtib olunan qüsur aktından məlum olur ki, texniki nasazlıq istifadə nəticəsində yaranmışdır. Nəqliyyat vasitəsinin ekspeditor xidməti göstərən sürücülərdən başqa biri tərəfindən istifadə edilmədiyini nəzərə alsaq, son 3 gün gecikmənin məhz iddiaçının təqsiri ucbatından baş verdiyini anlamış olarıq. Lakin məhkəmə ümumiyyətlə bu məsələyə münasibət bildirməmişdir. Bundan əlavə məhkəmə tərəflər arasında bağlanan müqavilənin 2.3.9.-cu maddəsini düzgün tətbiq etməmişdir, çünki müddəaya əsasən qeyd olunur: sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözügedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 ABŞ dolları/100 EUR həcmində əlavə ödəniş edir (müvafiq olaraq yükün Türkiyə Respublikası və yaAvropa ölkələrindən daşınmasından asılı olaraq). İş üzrə tərəflər hər ikisi Azərbaycan Respublikasının hüquqi şəxsləridir, belə olan halda isə onlar arasında kommersiya münasibəltərindən irəli gələn pul öhdəlikləri manatla ifadə olunmalıdır. Yəni xarici valyutada pul öhdəliyin ifadə olunması Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə ziddir və qanunsuzdur və beləliklə tərəflər arasında olan dəbbə pulu ilə əlaqədar müddəanın hüquqi qüvvəsi yoxdur. Lakin, məhkəmə nəinki bu halı nəzərə almış, hətta mülki qanunvericiliyə zidd olaraq müqavilənin müddəasını tətbiq edərək cərimə məbləğini ABŞ dolları ilə hesablayaraq qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh tərəfin müqavilə öhdəlikləri üzrə cərimə üçün öhdəlik daşımamalı olduğu üçün müvafiq olaraq buna uyğun dəbbə pulunun hesablanması qanuni hesab oluna bilməz. Sonuncu üç gün üçün gecikmənin əsas səbəbinin məhz iddiaçı tərəfin öhdəliklərinin düzgün, vicdanla yerinə yetirilməməsi halı məhkəmə tərəfindən, ümumiyyətlə, aydınlaşdırılmamışdır. Cərimənin ödənilməsi öhdəliyinin cavabdehə aid olub-olmaması faktı düzgün aydınlaşdırılmamışdır. Müqavilə müddəasında qeyd olunan kimi gecikmə halının cavabdehin təqsiri ucbatından olduğu sübut olunmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
26. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 427.3-cü maddə-əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.2-ci maddə- əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 850.1-ci maddə-yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1-ci maddə- ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddə- daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-cü maddə- ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərənin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4-cü maddə- ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1-ci maddə- daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2-ci maddə- və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5-ci maddə- Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. 857-ci maddə-daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. 859.2-ci maddə-bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2-ci maddə-iddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar;
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4633/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı ekspedior xidməti müqaviləsi əsasında iddiaçı cavabdehin sifarişi əsasında onun İstanbul şəhərindən Bakı şəhərinə göndərdiyi yük maşınlarının daşınması üçün sürücülər təqdim etmişdir. xx.xx.2022-ci il tarixli 4687 saylı satınalma sifarişinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 24000 ABŞ dolları (40800 manat) dəyərində, xx.xx.2022-ci il tarixli 4658 saylı satınalma sifarişinə əsasən 360 ABŞ dolları (612 manat) dəyərində və xx.xx.2023- cü il tarixli 4683 saylı satınalma sifarişinə əsasən isə 400 ABŞ dolları (680 manat) dəyərində xidməti göstərilmişdir.
30. İddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat və xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat məbləğində ödəniş tələb edilmişdir.
31. Cavabdehin təchizat şöbəsinin rəhbəri X1 tərəfindən də SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat məbləğində borcun mövcudluğu, həmin xidmətlərin göstərildiyi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qəbul edilmişdir. Həmin hissədə iddianın rədd edilməsi üçün əsaslar apellyasiya şikayətində də əsaslandırılmadığından məhkəmə bu məbləğin cavabdehdən tutulması hissəsində qətnaməni qanuni və əsaslı hesab edir.
32. Cavabdeh apellyasiya şikayətində satınalma sifarişində xidmətin dəyərinin dollarla ifadə edilməsinin MM-nin 439.1-ci maddəsinin tələbinə zidd olduğunu və bu halın məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh nə iddiaya etirazında, nə də nümayəndəsi məhkəmə iclaslarında bu halı və tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirmədiyindən məhkəmə tərəfindən xidmətin dəyərinin xarici valyutada ifadə edilməsinə hüquqi qiymət verilməməsi pozuntu hesab edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, xidmətin dəyərinin xarici valyutada ifadə edilməsi onun etibarsız sayılması üçün əsas olmadığından cavabdeh bu hala istinad edərək xidmətin dəyərinin ödənilməsindən imtina edə bilməz.
33. Mübahisəli xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə gösləmə xərci olaraq tələb edilən 8500 manatla bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclaslarında verdiyi izahatda bildirmişdir ki, şirkət daşıma şirkəti olsa da, hazırkı müqavilə üzrə qarşı tərəfə yalnız sürücülər təqdim edilmişdir. Sürücülər cavabdehin təqdim etdiyi maşınları İstanbul şəhərindən sürərək Bakıya çatdırmalı idilər. Sürücülər xx.xx.2022-ci ildə İstanbul şəhərinə təyyarə ilə uçmuş, müəyyən olunmuşdur ki, təqdim edilən maşınların gömrük rəsmiləşdirilməsi başa çatmamış, maşınların tranzit nömrəsi olmamış, maşınların birində isə nasazlıq olmuşdur. Razılaşmaya əsasən bütün bu məsələləri cavabdeh həll etməli idi. Cavabdehə problemlər həll olunanadək demuraj xərci yaranmasın deyə sürücülərin Bakıya geri qayıtması təklif olunsa da, cavabdehin əməkdaşı Orxan adlı şəxs bildirmişdir ki, sürücülər oteldə gözləsin, bütün xərclər rəhbərlik tərəfindən ödəniləcək. Bununla əlaqədar 5 gün üçün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 10 sürücüyə hər birinə gündəlik 100 ABŞ dolları olmaqla, ümumilikdə 5000 ABŞ dolları (8500 AZN) demuraj xərci (əlavə gözləmə) hesablanmışdır.
34. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar- email və watsapp yazışmaları əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən CMR (yol vərəqəsi) sənədi iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və maşınlar təqdim edilənədək sürücülərin xərclərinin qarşılanacağı bildirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında gecikmənin səbəbinin daşıma sənədlərinin gec hazır olması ilə bağlı olduğunu mübahisələndirməmiş, lakin bildirmişdir ki, daşıma üçün hansı sənədlərin zəruri olduğu barədə məlumat vermək daşıyıcı olaraq iddiaçı tərəfin öhdəliyi olmuşdur.
35. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçının belə bir öhdəliyi nəzərdə tutulmadığından məhkəmə cavabdehin iddiaya etirazını və apellyasiya şikayətini əsassız hesab edir. Apellyasiya şikayətində istinad edilmiş müqavilənin 2.1.6-cı bəndi ilə bağlı məhkəmə qeyd edir ki, həmin bənddə ekspeditorun yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımı qaydada yerinə yetirilməməsinə mənfi təsir edən və ya təsir edə biləcək bütün hallar, o cümlədən bu halların aradan qaldırılması üçün görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat vermək öhdəliyini nəzərdə tutulmuşdur ki, hazırkı halda ekspeditor yükün daşınmasına maneə olan problemlər barədə yazılı şəkildə (email və watsapp yazışmaları) cavabdehə məlumat verməklə bu vəzifəsini icra etmişdir. Daşımanın ekspeditorun təqsirindən gecikməsi ilə bağlı isə cavabdeh tərəfindən iddiaçıya pretenziya göndərildiyinə dair işdə hər hansı sübut yoxdur.
36. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3.9cu bəndində sifarişçiyə yük boşaldılması üçün 48 saat azad vaxt verilmiş, iddiaçının işçilərinin daşıma məntəqəsində olduqları vaxtdan həmin 48 saat müddəti keçdikdən sonra təyinat məntəqəsinə 23 dekabr tarixdə gəlməli olduqları halda, ilkin olaraq göndərilmiş 10 sürücüdən 7 sürücü 27 dekabr tarixdə yola çıxmışlar. Buna görə də müqavilədə nəzərdə tutulmuş 48 saatlıq azad vaxt cavabdeh tərəfindən ötürülmüş, iddiaçının 7 sürücüsü 4 gün (21 dekabr – 27 dekabr=6 gün- 48 saat=4 gün) vaxt itkisinə məruz qalmışdır (7 sürücü x 4 gün x 100 ABŞ dolları) gün=2800 ABŞ dolları). Digər 3 sürücü isə 30 dekabr tarixdə yola çıxmış və bununla da 5 gün (21 dekabr-30 dekabr = 7 gün – 48 saat = 5 gün) vaxt itkisinə məruz qalmışlar. (3 sürücü x 5 gün x 100 ABŞ dolları =1500 ABŞ dolları). Bununla da iddiaçı tərəfindən əlavə 4300 ABŞ dolları məbləğində xərc çəkilmişdir. (2800 ABŞ dolları+1500 ABŞ dolları=4300 ABŞ dolları). Həmin 4300 ABŞ dolları (ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində xərc də müqavilənin 2.3.9-cü maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
37. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)-4633/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4633/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.