Məhkəmə qərarları › İş №2-2(103)-338/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-338/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-338/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X10 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. . İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcu, 770,63 manat məbləğində cərimə olmaqla, cəmisi 16182 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqının, 139 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2-2(113)- 5859/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 13061,5 manat (on üç min altmış bir manat əlli qəpik) əsas borc, 2351,05 manat (iki min üç yüz əlli bir manat beş qəpik) ƏDV məbləği, 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə və ödənilmiş dövlət rüsumuna görə 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) olmaqla, ümumilikdə 16321,78 manat (on altı min üç yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

3. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5859/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5859/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

5. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qətnaməsi ilə qismən hüquqi xidmətə görə ödənilmiş 700 manat məbləğində pulun tutulmaması hissəsində razı deyil. Hesab edir ki, həmin hissədə qətnamə əsassız olduğu üçün ləğv edilməli iddia ərizəsi tam təmin edilməlidir. Belə ki, tərəfindən "xxxx" MMC ilə “X11” MMC arasında İddiaçı Uni-Trdade” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair BakıKommersiya Məhkəməsində olan iş üzrə göstərilən hüquqi xidmətə görə 700 manat məbləğində hüquqi xidmətin göstərilməsi barədə müqaviləni, hesabatı və ödəniş tapşırını məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə tərəfindən bununla bağlı hər hansı sübutun təqdim edilmədiyi qətnamədə qeyd edilmişdir. Halbuki, sənədlərin təqdim edilməsində əlavə baxış iclasında sənədlərin tədqiqi zamanı da hakimə həmin sənədlər təqdim edilmişdir. Hakim hətta sənədlərin baxış iclasında ona göstərməyimizi bildirmişdir. Biz də iclasda sənədləri hakimə təqdim etmişik. Buna məhkəmə iclasının audio video yazısına qulaq samaqla da müəyyən etmək olar. Bunlardan əlavə məhkəmə qətnaməsinin qət etdi hissəsində iddianın təmin edilməsi qeyd edilir, lakin qət etti hissəsinə diqqət yetirildikdə 700 manat hüquqi xitmətə görə ödədiyi pulun tutulması hissəsində iddianın təmin edilmədiyi görünür. Əgər bir hissədə iddia təmin edilməmişdirsə məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmalı idi. Tərəfindən hüquqi xidmət müqaviləsi, ödəniş tapşırığı e-qaimə məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sənədləri nəzərə almamış, nəticədə həmin hissədə əsassız qətnamə qəbul etmişdir.

6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı, Paşa bankın hesab üzrə çıxarışı, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahının heç bir əsası yoxdur. Çünki iddiaçının nümayəndəsinin məhkəmə iclasında təsdiq etdiyi kimi həmin sənədlərin hazırki işə heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında hazırki işdə tərəf olmayan ödəyici "xxxx" MMC qeyd edilir. Daha sonra, Paşa bankın hesab üzrə çıxarışında təyinat kimi yanacağın alğı-satqısı qeyd edilmişdir, halbuki hazırki işdə müqavilə xidmətlərin göstərilməsi barədədir. Daha sonra, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahıda da təqdim olunan elektron qaimələr hazırki işdə tərəf olmayan X8, X5 barədədir. Həmçinin, həmin sənəd də kserosurət ollmaqla mötəbər sənəd kimi istinad oluna bilməz. Beləliklə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 da həmin sənədlərin hazırki işə aid olmadığını və elektron kabinetə səhvən yükləndiyini bildirdiyinə görə həmin sənədlərə hazırki iş üzrə yekun qərar çıxarılarkən istinad edilməməli idi. Lakin məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə iclasında təhvil-təslim aktlarının kserosurət olması və həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısının saxtalaşdırılaraq məhkəməyə təqdim olunması bildirilsə də, məhkəmə buna münasibət bildirməmiş və elektron-qaimənin sistem tərəfindən təsdiq edildiyini bildirərək iddianı təmin etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəfimdən iddiaçının nümayəndəsi X4 verilən suala cavabda qeyd edilmişdir ki, hazırki iş xidmətlərin göstərilməsi ilə əlaqədardır və xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsini təsdiq edəcək hər hansı təhvil-təslim aktı mövcud deyil. İşə sədrlik edən hakim tərəflərin əlavə hər hansı sübut təqdim edib-etməyəcəyi barədə fikrini soruşduqdan sonra xx.xx.2024-cü il tarixə saat 16:00-a məhkəmə baxışına təyin etmişdir. Həmin günün axşamı isə iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları yüklənmişdir. Əvvəla qeyd edir ki, həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Lakin iddiaçının nümayəndəsi həmin sənədləri hazırlıq iclası bitdikdən və baxışa təyin edildikdən sonra elektron kabinetə yükləmişdir. Azərbaycan Respubikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İkincisi, həmin təhvil-təslim aktları kserosurət olmaqla əsli mövcud deyil və mötəbər sənəd kimi istinad oluna bilməz. Azərbaycan Respubikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Deməli, iddiaçı təhvil-təslim aktlarının əslini də məhkəməyə təqdim etməli idi. Üçüncüsü, həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısı saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Onları cavabdeh imzalamamışdır. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan cərimə borcunu da əsassız olaraq tam təmin etmişdir. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuş və iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

13. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

27. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

28. Tərəflər arasında müqavilə münasibətlərinin olması işin mübahisəsiz halını təşkil edir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış malların cavabdeh tərəfindən təhvil alındığını, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələrin təqdim edildiyini, lakin həmin qaimələr əsasında ödənişlərin həyata keçirilmədiyini, cavabdeh tərəf isə hər hansı malı təhvil almadığını bildirmişdir.

29. İddia tələbinin bir hissəsini cavabdehdən 30 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcunun tutulması təşkil edir.

30. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 13061,5 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi əsas məbləğ) əsas borc, 2351,05 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi ƏDV məbləği) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir.

31. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı tərəfindən 2022-2023-cü illər ərzində yuxarıda qeyd olunan elektron qaimələr cavabdehə göndərilmişdir. Qaimələrdə malların adları, miqdarı, bir ədədinin qiyməti, yekun məbləği barədə məlumatlar öz əksini tapmışdır. Qaimələr sistem tərəfindən təsdiq olunsa da, sonradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin hazırkı etirazını əsaslı saymamışdır.

32. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında təhviltəslim aktlarının kserosurət olması və həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısının saxtalaşdırılaraq məhkəməyə təqdim olunması bildirilsə də, məhkəmə buna münasibət bildirməmiş və elektron-qaimənin sistem tərəfindən təsdiq edildiyini bildirərək iddianı təmin etmişdir.

33. Cavabdeh təhvil-təslim aktlarının kserosurət olmasına və imzanın saxtalaşdırılmasına əsaslansa da, istinad etdiyi halı təsdiq edən sübut təqdim etməmişdir. Məsələn cavabdehin imza nümunələri, cavabdehin imzası və ya yazısı olan digər sənədlər, mötəbərliyi şübhə altına alan halı təsdiq edən sübut təqdim edilməmişdir. Eqaimələrə nəyə görə etiraz edilməməsi də əsaslandırılmamışdır. Qeyd edilən səbəblərdən cavabdehin xətşünaslıq ekspertizasının keçirilməsi barədə apellyasiya icraatında verdiyi vəsatət təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

35. Məhkəmə qeyd edilən qərardadı hüquqi mövqeyi nəzərə alaraq e-qaimələri digər sübutlarla (təhvil-təslim aktları ilə) əlaqəli şəkildə qiymətləndirmişdir.

36. Bundan əlavə, iddiaçı cavabdehdən 770,63 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmişdir.

37. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və tələb edilən 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə Cavabdeh alınaraq iddiaçıya ödənməlidir.

38. Cavabdeh şikayətdə dəbbə pulunun məhkəmə tərəfindən nəyə görə təmin edilməsini əsassız hesab etdiyini göstərməmişdir.

39. Aktların kserosurət olması qəbul edilə bilməz. Çünki elektron kabinetdən görünür ki, sistemə yüklənərkən aktların kserosurəti yüklənməyib.

40. İşdən görünür ki, iddiaçı təhvil-təslim aktlarını hazırlıq iclasında baxış iclası təyin edilən gün elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı aktları baxış iclasında deyil, ona qədər yükləmişdir.

41. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində göstərilən hallar əsassızdır.

42. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

43. İddiaçı hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqının, 139 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

44. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Hüquqi yardımla bağlı hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 700 manat məbləğində ödəniş edilməsi ilə əlaqədar sübut məhkəməyə təqdim etməmişdir.

46. İddiaçı apellyasiya şikayətində yalnız hüquqi xidmət xərcini mübahisələndirərək qeyd etmişdir ki, məhkəmə xərci tutmursa iddianı qismən təmin etməli idi və sübutlar təqdim etdiyinə görə hüquqi xidmət xərcini cavabdehin tutmalı idi.

47. İddiaçının mövqeyi əsassızdır. Belə ki, məhkəmə xərclərinə daxil olan hüquqi xidmət xərci iddianın qiymətinə daxil deyil. Ona görə qətnamənin nəticə hissəsində iddianın qismən təmin edilməsini qeyd etmək prosessual baxımdan düzgün deyil. Məhkəmənin iddianın təmin edilməsini qeyd etməsi qanuna uyğundur.

48. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

49. İşdən görünür ki, iddiaçı hüquqi yardımla bağlı müqaviləni və ödəniş tapşırığını təqdim etmədiyindən məhkəmə əsaslı olaraq xərci cavabdehdən tutumayıb.

50. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən tərəflərin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar