Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-339/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1484/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinqi müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 6 ədəd Traktor Belarus 892, 2 ədəd Traktor Belarus 1523, 2 ədəd Traktor Belarus 2022.3, 2 ədəd Traktor Belarus 80 X, 1 ədəd Qatı gübrə dağıdan 10 tonluq, 2 ədəd Cərgəarası mala (kultivator) 5 gövdəli UM-KG-5, 5 ədəd Dırmıx 5li UM-HR 5, 4 ədəd X1 Dolphin, 2 ədəd Gübrəsəpən Agrohasat AHTÇ 1000, 4 ədəd Palazoğlu 6T lafet, 2 ədəd Kotan 5 cərgəli Agrotech AP145, 2 ədəd Pnevmatik toxumsəpən Maschio Gaspardo MTR 6 və 2 ədəd Pnevmatik toxumsəpən Maschio Gaspardo MTR 8-i öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
3. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin alış qiyməti ******* manat təşkil edir.
4. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 663427,33 manat; 2.2.1. avans məbləğindən: 211356 manat; 2.2.2. AKİA tərəfindən ödənilən güzəşt məbləği: 415688,67 manat; 2.2.3. lizinq məbləği: 429735,33 manat; 2.2.4. lizinq şirkətinin komissiyası: 22336 manat təşkil edir.
5. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği və tarixləri haqqında məlumat lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir.
6. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti 60 ay təşkil edir.
7. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin satıcı tərəfindən lizinq verənə və lizinq alana təhvil-təslimi alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
8. Həmin müqavilənin 14.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir.
9. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərən ibarətdir.
10. Həmin müqavilənin 15.3-cü bəndinə əsasən bu müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% məbləğində faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir.
11. Müqaviləyə edilən 1 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2020xx.xx.2025-ci il tarixlərdə hər ay 7163 manat, sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixdə 7188,33 manat məbləğində ödənişlər etməlidir. Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinqi müqaviləsinə əsasən 124680 manat əsas borc, 30192,85 manat faiz borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 400 pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 47 manat olmaqla, ümumilkdə 155919,85 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı bildirir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq, ödənişlər dayandırılmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etməklərinə baxmayaraq, cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1484/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli, AL/ML/0493 saylı Maliyyə lizinq müqaviləsi üzrə 124680 manat əsas borc, 10000 manat cərimə, 400 manat mediasiya, 600 manat hüquqi yardım xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat olmaqla, cəmi 135727 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə alınmış texnikalar tam geri qaytarılanadək cavabdeh tərəfindən ümumiyyətlə istifadə edilməmiş, ödənişlər qeyd edildiyi təqdirdə ekspertiza təyin edərək əsas borcu və faiz borcunun dəqiqləşdirilməsi aparılmamış və cavabdehin ödəməli olduğu məbləğdən əlavə borc məbləği hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən hallar tamamilə formal xarakter daşımaqla yanaşı, sadəcə olaraq məhkəmə aktının icrasının gecikdirilməsi məqsədi daşıyır. Belə ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq, ödənişlər dayandırılmış və hazırda Maliyyə Lizinq müqaviləsinə əsasən 124.680 manat əsas borc və 30.19,85 manat cərimə borcu vardır. Bütün alqısatqı əməliyyatları zamanı təhvil-təslim aktları tərtib edilmiş və hər iki tərəfin imzası ilə möhürlənmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmış və qəbul edilmiş məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarına uyğun olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
19. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur
21. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
26. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
27. İş materiallarından müəyyən olunur ki, iddiaçı öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir.
28. Belə ki, AL/ML/0493 saylı, xx-xx-2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 144-20/AGS saylı, xx-xx-2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktında qeyd olunmuşdur ki, lizinq verən – İddiaçı MMC və satıcı – "xxxx" MMC (1 ədəd Qatı gübrə dağıdan 10 tonluq, 2 ədəd Cərgəarası mala (kultivator) 5 gövdəli UM-KG5, 5 ədəd Dırmıx 5İİ UM-HR 5) qeyd edilmiş maddi qiymətliləri lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Qeyd edilən (1 ədəd Qatı gübrə dağıdan 10 tonluq, 2 ədəd Cərgəarası mala (kultivator) 5 gövdəli UM-KG-5, 5 ədəd Dırmıx 5İİ UM-HR 5) maddi qiymətlilərdə heç bir çatışmamazlıq aşkar edilmədi. Bununla da lizinq verən AL/ML/0493 saylı lizinq müqaviləsi və satıcı 144-20/AGS saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin, AL/ML/0493 saylı, xx-xx-2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən AQT/2-S-300 saylı, xx-xx-2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə təhvil-təslim aktında qeyd olunmuşdur ki, lizinq verən – İddiaçı MMC və satıcı – X4 İstehsalat Birliyi (6 ədəd Traktor Belarus 892 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Belarus 1523 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Belarus 2022.3 (Texniki istismar kitabçası)) qeyd edilmiş maddi qiymətliləri lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Qeyd edilən (6 ədəd Traktor Belarus 892 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Belarus 1523 (Texniki istismar kitabçası), 2 ədəd Traktor Beiarus 2022.3 (Texniki istismar kitabçası) maddi qiymətlilərdə heç bir çatışmamazlıq aşkar edilmədi. Bununla da lizinq verən AL/ML/0493 saylı lizinq müqaviləsi və satıcı AQT/2-S-300 saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. Göründüyü kimi tərəflərin təsdiq etdiyi aktlara əsasən lizinqə götürülmüş texnikalar cavabdehə təhvil verilmişdir
30. Eyni zamanda, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.
31. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
32. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 1070/22 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AL/ML/0493 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri ******* manat olan 36 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Həmin texnikalara görə xx.xx.2022-ci il tarixədək 207821 manat ödənilməli olduğu halda 83141 manat ödəniş edilmiş və həmin tarixədək 124680 manat borc yaranmışdır.
33. Müqaviləyə edilən 1 nömrəli Əlavə - ödəniş cədvəlindən də müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən iddia ərizəsində tələb edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər cəmi 207821 manat məbləğində ödəniş etməli idi.
34. İddiaçı etiraf edir ki, cavabdeh tərəfindən cəmi 83141 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh isə həmin məbləğdən əlavə ödəniş etməsi barədə sübutları təqdim etməmişdir.
35. Göründüyü kimi ödənilməli olan borc məbləği 124680 manat təşkil edir (207821- 83141=124680).
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış 124680 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.
37. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
38. Tərəflər arasında bağlanmış müqavilənin 15.3-cü bəndində də müəyyən edilmişdir ki, bu müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% məbləğində faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir.
39. İşin hallarını, yəni cavabdeh tərərfindən ödənişlərin gecikdirildiyi müddəti və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 10000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
40. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflərin təsdiq etdiyi aktlara əsasən lizinqə götürülmüş texnikalar cavabdehə təhvil verilmişdir. Cavabdeh isə onların geri qaytarıldığını bildirsə də, həmin halları təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Lizinq müqaviləsi üzrə borcun müəyyən edilməsinə dair qeyd edilir ki, məhkəmə istənilən məsələnin aydınlaşdırılması üçün deyil, yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər (MPM-in 97.1-ci maddəsi). Hazırki işdə isə lizinq müqaviləsi üzrə borcun hesablanması üçün xüsusi bilik tələb olunmur. Çünki kredit müqavilələrindən fərqli olaraq lizinq müqavilələri üzrə ödənilməli oan məbləğlər dəyişməz qalır və sadə riyazi hesablama aparmaqla müvafiq tarixə ödənilməli olan borcun hesablanması mümkündür.
41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1484/2023 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Vahid Sadıqov