Məhkəmə qərarları › İş №2-2(103)-339/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-339/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-339/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı QSC-nin cavabdeh “Umur Basım Sanayi ve Ticaret” A.Ş.-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2-2(113)-1186/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Umur Basım Sanayi ve Ticaret” A.Ş.-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17871,7 ABŞ dolları dəymiş ziyanın, 182 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2-2(113)-1186/2025 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər aralarında bağlanmış müqavilədə mübahisələrin arbitraj qaydasında həll olunması nəzərdə tutulmuşdur. Cavabdeh işə mahiyyəti üzrə baxılmazdan əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə yazılı olaraq etiraz etmişdir. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunmalıdır ki, MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, 04102022 nömrəli müqavilənin 8.1-ci maddəsində qeyd olunmuşdur ki, tərəflər bu müqavilədən doğa biləcək mübahisəli məsələləri dostluq və anlayışla həll edəcəklər. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən əgər razılıq əldə oluna bilinməsə, bütün mübahisəli məsələlər baxılmaq üçün (ümumi məhkəmədə baxılmaq istisna olmaqla) Türkiyə/İstanbul arbitrajına verilir, bu ölkənin qanunlarına uyğun həmçinin bu arbitraj orqanlarında istehsal işləri qaydalarına uyğun həll edilir, hansı ki, hər iki tərəf üçün məcburi və son sayılır. Müqavilənin 8.3-cü maddəsinə əsasən bu müqaviləyə görə hər iki tərəf arbitrajın hər hansı qərarın özündə göstərilən müddətdə yerinə yetirməlidir. Həmçinin, iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən prosesin hazırlıq mərhələsində məhkəməyə təqdim olunmuş vəsatətə əsasən işə məhkəmədə baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iddia ərizəsinə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməsi, gələcəkdə tərəflərin mübahisənin arbitraj şərtinə uyğun olaraq həllinə nail olmadığı halda, iddiaçını yerli məhkəməyə müraciət etmək hüququndan məhrum edəcəkdir. Bu səbəbdən MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilə bilməz. Ona görə də kollegiya hesab edir ki, ərizənin baxılmamış saxlanılması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1186/2025 nömrəli iş üzrə 17 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar