Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-34/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı üzrə borcun tutlmasına dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-18/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən (hakim Rüstəm Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 64.527,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında SF-037 saylı, xx xxxxxx 2013-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq cavabdehə mallar satılmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə duşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, 2013-2015-ci illər ərzində əlavə dəyər vergisi ilə birlikdə tərəflər arasında 105.949,90 manat dövriyyə olmuşdur. Cavabdeh isə 41.422,64 manat ödəniş etmiş, 64.527,26 manat borc qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-143/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “Cavabdeh” MMCdən 64527,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 64557,26 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə verərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-143/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Cavabdeh” MMC-dən 32.129,36 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatı İddiaçı MMC-yə aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsini qismən – “iddianın qalan hissədə rədd edilməsi” hissəsində ləğv etməklə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların cavabdehə 3 ədəd qaimə faktura əsasında cəmiyyətə məxsus yük nəqliyyat vasitələri ilə və cəmiyyətin sürücüləri tərəfindən daşınması və təhvil verilməsi həyata keçirilmişdir. “Cavabdeh” MMC Sabirabad rayonu ərazisində qaz boru kəmərlərinin çəkilməsi və təmiri işləri ilə məşğul olmuşdur. Bu səbəbdən də mallar onun sifarişi əsasında Sabirabad rayonuna aparılmış və Cəmiyyətin əməkdaşlarına təhvil verilmişdir. xx.xx.2013-cü il tarixli 705230 saylı qaimədə imza olsa da malların kim tərəfindən təhvil alınması qeyd edilmədiyindən cavabdeh tərəfindən qəbul edilmir. Həmin malın həqiqətən təhvil verildiyi elektron hesab fakturalarla da təsdiq edilir. Malları daşımış sürücülərin bəzilərinin işdən azad olunması, bir sürücünün isə ezamiyyətdə olmasına görə məhkəmə iclasında şahid qismində iştirakı təmin edilə bilməmiş, nəticədə cavabdehin məhafeyinə uyğun qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(82)- 18/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, cavabdeh “Cavabdeh” MMC-dən 32.397,9 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-2(102)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə SF-037 saylı alqı-satqı müqaviləsi bağlanılmışdir. İddiaçı müqaviləyə uyğun olaraq cavabdehə dəyəri 36776 manat olan xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705029 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura əsasında dəyəri 32397,20 manat olan 832,50 manat uzunluğunda olan D250x14,8 mm olan plastik boru, dəyəri 36776 manat olan xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705314 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru satdığını, lakin dəyərinin ödənilmədiyini iddia etmişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705029 saylı və xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705314 saylı qaimə fakturalar üzrə malların müəssisənin işçisi olmuş Rəsul Hüseynova təhvil verilməsi faktını qəbul etmiş, lakin xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura əsasında dəyəri 32397,20 manat olan malın onlara təhvil verilmədiyini göstərmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddia qisməncavabdeh tərəfindən etiraf edilən hissədə təmin edilmiş, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə tələb edilən 32.397,9 manat məbləğində borcun tutulması hissəsində isə iddiaçının həmin tələblə bağlı sübutlarının olmaması əsası ilə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə yalnız iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd edilən normaların tələblərinə əsasən alqı-satqı münasibətləri zamanı satıcı alıcının özünə və ya onun səlahiyyət verdiyi şəxsə satılan malların həqiqətən təhvil verildiyini sübut etməlidir. Yəni alıcı, satıcının adından malı təhvil alan şəxsdən buna səlahiyyəti olması barədə sənəd tələb etməli, eyni zamanda həmin səlahiyyətli şəxsdən həqiqətən satılan malı (miqdarı, çeşidi və s qeyd edilməklə) qəbul etdiyini imzası ilə təsdiq etməsini tələb etməlidir. Bu cür tələb irəli sürülmədiyi halda malın təhvil verildiyinin sübut edilməməsi ilə bağlı risk alıcının üzərinə düşür. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, satıcı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyən olunmuş qaydada təhvil verməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar satıcı və alıcı arasında İnkotermsə əsasən FCA franko-zavod şərti ilə təhvil-təslim olunur. Göründüyü kimi, alqı-satqı müqaviləsində malların satıcı tərəfindən alıcıya təhvil verilməsinin xüsusi qaydası nəzərdə tutulsa da, satıcı malları qaimə əsasında təhvil vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş "Qaimə-Faktura'nın (forma № QF-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları"na əsasən qaimə fakturanın “Kimə” rekvizitindən vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi - məsul şəxsin vəzifəsi, soyadı, adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəriciləri əks etdirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura tərtib edilərkən bu qaydaların tələblərinə riayət olunmamış, malın təhvil verildiyi maddi məsul şəxsin vəzifəsi, soyadı, adı qeyd edilməmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilir ki, qeyd edilən qaimədəki “Təhvil aldım” qrafasındakı imza digər 2 qaimədəki imzalardan fərqlidir. İddiaçı xx xxxxxx 2013-cü il tarixli qaimədəki imzanın cavabdehin maddi məsil şəxsinə aid olduğuna dair nə birinci instansiya məhkəməsinə, nə də işə apellyasiya qaydasında baxılarkən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki əgər malın təhvil verildiyi alıcı tərəfindən qəbul edilmirsə bu halı sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə alıcıya göndərilmiş vergi hesab fakturası həmin malın alıcı tərəfindən təhvil alındığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları" 5.4-cü bəndinə əsasən elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Yəni daxil olmuş elektron vergi hesab-fakturası əsassız olduğu halda alıcının texniki cəhətdən bu fakturanı ləğv etmək imkanı mövcud deyil. Alıci yalnız həmin fakturanın ləğvi üçün satıcıya müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında iddiaçı tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturaları dolayı sübut kimi qiymətləndirilmiş, dolayı sübutun mövcudluğunun birbaşa sübutlar olmadan iddianı təmin etmək üçün yetərli əsas olmadığı qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mal təqdim edilməsi elektron vergi hesab fakturası ilə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən həmin Qaydaların tələblərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq edilə bilərdi. Qaydaların 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Qaydaların tələblərindən göründüyü kimi, elektron qaimə-fakturanın özü belə təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə əsasında tərtib edilmədiyi halda malın təqdim edilməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədi kimi qəbul edilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron vergi hesab fakturası xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə malın cavabdehə təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında cavabdehin irəli sürdüyü dəlillərin araşdırılması üçün “Azəriqaz” İB-nin iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsinin məqsədəuyğun olduğu göstərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən “Azəriqaz” İB-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi məhkəmə iclasında tərəflərin nümayəndələri ilə müzakirə edilmiş, nümayəndələr buna zərurət olmadığını bildirmiş, məhkəmə tərəflərin mövqeyini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbini nəzərə alaraq hazırda baxılan mübahisə “Azəriqaz” İB-nin maraqlarına toxunmadığından və “Azəriqaz” İB tərəflər arasında bağlanmış müqavilə münasibətlərində bilavasitə iştirak etmədiyindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini zəruri hesab etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, işə baxmış məhkəmə maddi və prosessual hüquq pozuntularına yol vermədən mübahisəni düzgün həll etdiyindən apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-34/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-34/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver