Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-340/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqavilələri üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Türkiyə Respublikasının “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı 161983.25 manat ödənilməmiş pulun, 250 manat hüquq xidməti üçün çəkilmiş xərcin, 52 manat dövlət rüsumunun və 400 manat mediasiya üçün çəkilmiş xərcin, ümumilikdə 162685,25 manat pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əsl iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı əsl İddiaçı Şirkəti ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə (etirazla) müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və etirazda qeyd etmişdir ki, mübahisənin əsasını təşkil edən müqavilələrin 6.1-ci bəndində tərəflər arasında yarana biləcək mübahisəyə Azərbaycan Arbitraj Məhkəməsində baxılacağı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 29-cu maddəsinə əsasən məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda hesab edirlər ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunması və iddia ərizəsinin icraata götürülərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda göstərmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində bağlanmış alqısatqı müqavilələrində həmin müqavilələrdən irəli gələn bütün mübahisələrin arbitrajın həllinə verilməsi barədə arbitraj qeyd-şərti nəzərdə tutulduğundan, cavabdeh tərəfindən işə məhkəmədə baxılmasına dair etiraz verildiyindən, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Müqavilələrin 6.1-ci bəndində göstərilmişdir ki, “hazırkı müqavilə ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası əsasında Azərbaycanda Arbitraj Məhkəməsində baxılacaq.” Məhkəmə müqavilələri nəzərdən keçirərkən təəssüf ki, ancaq 6.1-ci maddədəki söz və ifadələri əsas götürərək belə bir qənaətə gəlmişdir. Müqaviləni imzalayan tərəflərin kimliyini və onun predmetini nəzərə almadan, tərəflərin həqiqi iradəsini müəyyən etmək üçün araşdırma aparmadan ancaq yazılı sənəd olan müqavilənin bir maddəsi əsasında qərar qəbul etmişdir. Halbuki müqavilələrin 6.1-ci bəndində arbitraj haqqında qeyd-şərt göstərilsə də, bu bəndin özü-özlüyündə konkret deyil. Nə arbitrajın yerləşdiyi yer, nə də onun adı dəqiq göstərilməmişdir. Arbitrajın aparılacağı dil, arbitr barədə razılıq olmadıqda atılacaq növbəti addımlar isə ümumiyyətlə öz əksini tapmamışdır. Bununla da həm iddiaçının, həm də cavabdehin müqavilələr imzalandığı tarixdə gələcəkdə yarana biləcək mübahisənin həll edilməsi üçün Azərbaycanda Arbitraj Məhkəməsinə müraciət etmək kimi niyyətlərinin olmaması öz təsdiqini tapır. Müqavilələri imzalayan hər iki tərəfin qanuni nümayəndəsi hüquqşünas ixtisasına malik olmadıqları üçün müqavilələrin 6.1-ci bəndinin mahiyyətini başa düşmələri qeyri-mümkün idi. Çünki Müqavilələr imzalandığı tarixdə Azərbaycanda Arbitraj Məhkəməsi mövcud olmamışdır. Hal-hazırda da Azərbaycan Artbitraj Məhkəməsi mövcud deyildir. Çünki Arbitraj Məhkəmələrinin fəaliyyətini tənzimləyən heç bir qanunvericilik aktı qəbul edilməmişdir. Həmçinin, əgər gələcəkdə müqaviləyə dair mübahisə yaranacağı təqdirdə tərəflərin arbitraj məhkəməsinə müraciət etmək kimi niyyətləri olsa idi, müqavilələrdə arbitraj məhkəməsinə müraciət edilməsi ilə bağlı ödənişlərin tərəflər arasında bölüşdürülməsi şərtləri və arbitrların çıxardığı qərarlardan tərəflər narazı qaldıqda tərəflərin sonrakı mərhələlərdə hansı addımlar atması şərtləri qeyd olunardı. Bununla belə tərəflərindən işin arbitraj qaydasında baxılması üçün araşdırma aparılmış və Azərbaycan Respublikasında yeganə arbitraj təşkilatı olan və 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan X1 Məhkəməsinin mövcud olması təsbit edilmişdir. Daha sonra BKAM-a mübahisənin həll edilməsi ilə bağlı iddia ərizəsi ilə tərəflərindən müraciət edilmişdir. BKAM-ın Əsasnaməsinin 1-ci bəndinə əsasən, “Azərbaycan X1 Məhkəməsi” 18 noyabr 1999-cu il tarixli “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununa əsasən öz fəaliyyətini könüllülük əsasında həyata keçirən müstəqil, daimi fəaliyyət göstərən arbitraj təşkilatıdır (münsiflər məhkəməsidir).” “Beynəlxalq arbitraj haqqında” qanunun 1-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən, “bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əməl edilməklə, beynəlxalq ticarət arbitrajına tətbiq edilir. Arbitraj aşağıdakı hallarda beynəlxalq sayılır: arbitraj razılaşması (sazişi) bağlananda onun tərəflərinin müəssisələri ayrı-ayrı dövlətlərdə yerləşirlər.” BKAM-ın Əsasnaməsinin 2-ci bəndində göstərilmişdir ki, “BKAM-a tərəflərin razılığı ilə xarici ticarət və beynəlxalq iqtisadi əlaqələrin digər növlərinin həyata keçirilməsindən yaranan müqavilə və digər mülki-hüquqi münasibətlərə dair mübahisələr (əgər tərəflərdən ən azı birinin kommersiya müəssisəsi xaricdə yerləşirsə), həmçinin, Azərbaycan Respublikasının ərazisində yaradılmış xarici investisiyalı və beynəlxalq birlik və təşkilatların öz aralarında və ya onların iştirakçıları arasında mövcud olan mübahisələr, eləcə də onlarla Azərbaycan Respublikasının digər hüquq subyektləri arasındakı mübahisələr verilə bilər. Mülki-hüquqi münasibətlərdən yaranan mübahisələrə, xüsusilə, malların alqı-satqısına (çatdırılmasına), işlərin həll edilməsinə, xidmətlərin göstərilməsinə, malların və (və ya) xidmətlərin mübadiləsinə, malların və sərnişinlərin daşınmasına, ticarət nümayəndəliyinə və vasitəçiliyinə, icarəyə (lizinqə),elmi-texniki mübadiləyə, yaradıcılıq fəaliyyətinin digər nəticələrinin mübadiləsinə, sənaye və digər obyektlərin yaradılmasına, lisenziyalı əməliyyatlara, investisiyalara, kredit hesablaşma əməliyyatlarına, sığortaya (təkrar sığortaya), müştərək sahibkarlığa, sənaye və sahibkarlıq kooperasiyasının digər formalarına dair münasibətlərdən yaranmış mübahisələr və s. kommersiya münasibətlərindən irəli gələn mübahisələr BKAM-ın həllinə verilə bilər.” Sözügedən Əsasnamənin 3-cü bəndinin tələbinə görə isə “BKAM mübahisələrə, tərəflər arasında yaranmış və ya yarana biləcək mübahisələrin həlli üçün yazılı Saziş və ya müqavilə qeydşərti olduqda, hazırki Əsasnaməyə uyğun olaraq baxır.” BKAM-ın Əsasnaməsindəki bəndlərdən də aydın olur ki, BKAM-a müraciət etmək üçün tərəflərdən birinin kommersiya müəssisənin və fəaliyyətinin xaricdə yerləşməsi və həmçinin tərəflər arasında xarici ticarət və beynəlxalq iqtisadi əlaqələrin digər növlərinin həyata keçirilməsindən yaranan müqavilə və digər mülki-hüquq münasibətlərə dair mübahisələrin olması şərt kimi göstərilmişdir. Həmçinin müqavilədə mübahisənin həll edilməsi üçün arbitraj qeyd-şərti olduqda orada mübahisənin həllinə məhz BKAM-ın baxacağı qeyd olunmalıdır. Bu səbəbdən BKAM öz Əsasnaməsinə istinad edərək hazırkı iddia üzrə mübahisəyə baxmaq səlahiyyətinə malik olmadıqlarını rəsmi məktubla bildiriblər. BKAM həmin məktubda iddia ərizəsi ilə iddiaçıya ərazi aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq kommersiya məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. Onu da qeyd edirlər ki, məhkəmə müqavilələrin 6.1-ci bəndində göstərilən qeydşərtin müqavilələr imzalandığı tarixdə həm iddiaçının, həm də cavabdehin qanuni nümayəndəsinin bu bəndin həqiqi mahiyyəti barədə xəbərdar olubolmamalarını müəyyən etmək üçün müqavilələri imzalamış hər iki tərəfin qanuni nümayəndəsini izahat alınması üçün məhkəməyə dəvət etməmişdir. Bu isə o deməkdir ki, məhkəmə müqavilələri imzalayan tərəflərin onun 6.1-ci maddəsi barədə həqiqi niyyətlərini müəyyən etmək üçün zəruri araşdırmanı aparmamışdır. Digər tərəfdən bir çox hallarda malları satan tərəfin marağında olur ki, mübahisəyə arbitraj qaydasında baxılsın, halbuki, məhz satıcı iddiaçı qismində iştirak etmiş və iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etmişdir. Həmçinin Müqavilələrin 6.1-ci bəndində qeyd olunan Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyasının tətbiq sahəsi və ümumi müddəalar hissəsinin 1-ci fəslinin tətbiq sahəsi başlığının 1-ci maddəsinə əsasən, “bu Konvensiya fəaliyyət yerləri müxtəlif Dövlətlərdə yerləşən tərəflər arasında malların alğı-satqı müqavilələrinə aşağıdakı hallarda tətbiq olunur: (a) bu Dövlətlər Razılığa gələn Dövlətlər olduqda; və ya (b) beynəlxalq xüsusi hüququn normaları Razılığa gələn Dövlətin hüququnun tətbiqinə gətirib çıxardıqda.” Yuxarıda göstərilən Konvensiyanın 1-ci maddəsinin mahiyyətindən də anlaşılır ki, beynəlxalq alqı-satqı müqaviləsində tərəflərin fəaliyyət yerləri müxtəlif dövlətlərdə yerləşdiyi halda beynəlxalq alqı-satqı gerçəkləşmiş olur. Faktiki mübahisənin iştirakçılarının hər ikisi Azərbaycan Respublikasında fəaliyyət göstərir. İddiaçı Şirkət Türkiyədə təsis edilsə də, Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı Dövlət Vergi Xidmətində qeydiyyata alınmış və həmin filiala məxsus mağazalar elektrik, inşaat avadanlıqlarının satışı üzrə fəaliyyət göstərir. Müqavilələri də məhz iddiaçının Azərbaycandakı filialı imzalamışdır. Göründüyü kimi Cavabdehə mallar xaricdən deyil, iddiaçının Azərbaycan ərazisində, Bakı şəhərində yerləşən mağazalarından tədarük edilmişdir. Bu da onu deməyə əsas verir ki, ortada beynəlxalq alğı-satqı mövcud deyil və BMT-nin malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası hazırki mübahisəyə tətbiq edilə bilməz. MPM-in 4-cü maddəsində müdafiə üçün məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Bu hüquq Azərbaycan Respublikasında yaşayanhər kəsə məxsusdur. Lakin hazırki halda Bakı Kommersiya Məhkəməsi İddiaçının ərizəsini baxılmamış saxlamışdır, ölkədə fəaliyyət göstərən yeganə arbitraj təşkilatı olan BKAM isə iddia ərizəsini icraata götürməkdən imtina etmiş və Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsini tövsiyə etmişdir. Hazırki vəziyyətdə belə bir nəticə ortaya çıxır ki, cavabdeh tərəf müqavilələr üzrə öz öhdəliyini pozsa da, İddiaçı hüquqlarının bərpasını təmin etmək imkanından məhrum olur. Cavabdehin öz öhdəliklərini pozmasını elə Bakı Kommersiya Məhkəməsi özü təsbit etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-207/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-207/2023 nömrəli qərardadı ləğv edilməli, iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 6.1-ci bəndində qeyd edilmişdir ki, hazırkı müqavilə ilə bağlı tərəflər arasında yaranan mübahisələrə “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” Konvensiya əsasında Azərbaycan Arbitraj Məhkəməsində baxılacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi cavabdehin iddianın baxılmamış saxlanılması barədə vəsatətini və qeyd edilən normanın tələbini nəzərə alaraq hesab etmişdir ki, mübahisəyə arbitraj məhkəməsində baxılması barədə yazılı saziş olduğundan iddia baxılmamış saxlanılmalıdır. İddiaçının şikayət ərizəsinə əlavə etdiyi Azərbaycan X1 Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndindəki qeyd-şərt 2003-cü ildən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin səlahiyyətini əhatə etmir və iddiaçıya Bakı Kommersiya Məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında Azərbaycan X1 Məhkəməsindən başqa fəaliyyət göstərən digər arbitraj məhkəməsi olmadığından, Azərbaycan X1 Məhkəməsi isə bu mübahisəyə baxmaqdan imtina etdiyindən iddiaçının hüquqlarının müdafiəsi üçün mübahisəyə Bakı Kommersiya Məhkəməsi tərəfindən “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” Konvensiya tətbiq edilməklə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)-207/2023 nömrəli qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-207/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-340/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-340/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver