Məhkəmə qərarları › İş №2-2(103)-340/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-340/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-340/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6763/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K2022-0169 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və oun vəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşdırma protokolu və ya satıcı tərəfindən verilən qiymət cədvəlində müəyyən edilir. 3.3-cü bəndinə əsasən alıcı aldığı malların qiymətini satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. 5.4-cü bəndində razılaşdırılmış müddət ərzində malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1% məbləğində dəbbə pulu ödəyir.

2. 16.08.2023-cü il tarixli O4607301 saylı ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBDM096043 saylı e-qaimə üzrə 365,75 manat dəyərində ödəniş edilmişdir.

3. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 1035,80 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 1.583,71 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 560,50 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1583,70 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 527,90 manat dəyərində və xx.xx.2023-cü il tarixli akta əsasən 1583,71 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

4. İddiaçı MMC tərəfindən ƏDV daxil 6.775,33 manat dəyərində mal satışına dair xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən 6775,32 manat əsas borc, 677 manat gecikdirilmiş faiz borcu, cəmi 7452,32 manat məbləğində pul vəsaitinin və 94,52 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022 – ci il tarixində K2022-0169 nömrəli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC – dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC – yə 6775,32 manat əsas borc, 677 manat gecikdirilmiş faiz borcu, cəmi 7452,32 manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC – yə ödəniş edilməmişdir. Əlavə olaraq tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı – satqı münasibətləri davam etmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2022–ci il tarixində K2022-0334 nömrəli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1 %-i (ümumi məbləğin 10 %-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.” Alıcının əsas borcu 6775,32 manat təşkil edir. Həmçinin 275 gün əsas borc ilə əlaqədar heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 1863.2 manat faiz borcu – dəbbə pulu hesablanmışdır. Lakin Müqavilə şərtinə əsasən, dəbbə pulu 10 % məbləğinin keçməməlidir. Bu səbəbdən 1863.2 manat dəbbə pulu 6775,32 manat əsas borcun 10%- iməbləğində hesablanaraq 677.32 manat təşkil etmişdir. (Cəmi isə 7452.32 manat hesablanmışdır).

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, Cavabdeh MMC-dən 6775,32 manat əsas borc, 338 manat dəbbə pulu, cəmi 7113,32 manatın və 94,52 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6763/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və Cavabdeh MMC-dən 6775,32 manat əsas borc, 338 manat dəbbə pulu və dövlət rüsumunun əvəz olaraq 94,52 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

5. 15.11.2024-cü il tarixində Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6763/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qəradad qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6763/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6763/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnməsi qərara alınmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6763/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 6775,32 manat əsas borc, 338 manat dəbbə pulu və dövlət rüsumunun əvəz olaraq 94,52 manat tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K2022-0169 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və təhvil-təlim aktı ilə təstiq olunduğu üçün 6775,32 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh MMC məhkəmə tərəfindən qəbul edilmiş qiyabi qətnamənin ləğv olunması barədə ərizə ilə EMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət etsə də, qiyabi qətnamə ləğv olunandan sonra iddiaya dair hər hansı etirazını yazılı qaydada məhkəməyə bildirməmiş, nə də ki, məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir (cavabdehin EMİS-də e-kabineti də mövcüddür). Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 6775,32 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 6775,32 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 338 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 338 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

9. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6763/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 avqust 2021-ci il tarixli, K2022-0169 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və oun vəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. Sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir, müvafiq həcmdə malı cavabdehə təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə mal verilmişdirsə, həmin malın dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı tərəfindən malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə, yalnız iddiaçının mövqeyinə və özünun subyektiv mülahizəsinə əsaslanaraq, iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Bakı Kommersiya Məhkəməsinə 23 oktyabr 2024-cü il tarixdə təqdim edilmiş və məhkəmə tərəfindən qeydiyyata alınmış 23-21245 №-li, 23-21271 №li, 23-20477 №li, 23- 20151 №li, 23-21583 №li Təhvil-Təslim Aktlarına əsasən, aktlarda göstərilən mallar Cavabdehnə təhvil verilmiş, beləliklə, akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdehin həmin aktı öz imzası ilə təsdiqlənməsinə, o cümlədən elektron kabineti olduğu halda elektron məhkəmə sistemində yerləşdirilməsindən xəbərdar olmasına baxmayaraq apellyasiya şikayətində əsassız olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim olunmamışdır. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmişdir və öz ərizəsində göstərdiyi həcmdə malları cavabdehə təhvil vermişdir. Cavabdehin elektron kabineti mövcuddur, apellyasiya şikayəti və qiyabi qətnamədən şikayətləri elektron formada vermişdir. Bu o deməkdir ki, cavabdeh aktiv şəkildə kabinetdən istifadə edir və buna baxmayaraq iclaslarda iştirak etməmiş, birinci instansiya məhkəməsinin icraatında etirazlarını bildirmək üçün nə elektron kabinetlə etiraz bildirmiş, nə də fiziki formada iclaslara gəlməmişdir. Bu halda o, təhvil-təslim aktlarını rahat şəkildə sistemdə görə bilərdi. Lakin süründürməçiliyə yol vermək və işin icra şöbəsinə gedərək icra prosesini uzatmaqdan ötürü apellyasiya şikayəti vermişdir. Qeyd etmək lazımdır ki, cavabdeh ilə şirkətlərinin satış müdiri və hüquqşünası dəfələrlə əlaqə saxlamış, hətta cavabdehin nümayəndəsi qismində direktoru şirkətə qonaq edilmiş, lakin borcun ödənilməsi barədə barışığa nail oluna bilməmişdir. Baxmayaraq ki, bütün aktlar cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş və üzərlərinə düşən bütün öhdəliklər tərəflərindən vaxtında və tam həcmdə yerinə yetirilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi cavabdehin irəli sürdüyü fikir tamamilə əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini və Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli e-2-2(113)-6763/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

14. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən, cavabdehim apellyasiya şikayətinin dəlilləri qətnamənin tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022 – ci il tarixində K2022-0169 nömrəli malların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəməməsini, nəticədə cavabdehin iddiaçıya 6775,32 manat məbləğində borcu yaranmasını əsas göstərərək həmin borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir.

20. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 598.1-ci maddələri təşkil edir.

21. Kollegiya qeyd edir ki, iddiaçının ödənilməsini tələb etdiyi malların cavabdehə təqdim edilib-edilməməsi işin mübahisəli halını təşkil edir. İddiaçı malların təqdim edilməsi faktını təsdiq etmək üçün malların təqdim edilməsinə dair elektron qaimələri, habelə təhviltəslim aktlarını məhkəməyə təqdim etmişdir.

22. Odur ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi ilə bağlı təhvil-təslim aktlarının imzalandığını, eləcə də həmin mallara dair iddiaçı tərəfindən elektron qaimələrin tərtib edilərək cavabdehə göndərildiyini, cavabdeh tərəfindən vergi öhdəlikləri yaradan həmin qaimələrin düzəliş üçün qaytarılmadığını, eləcə də əvvəllər iddiaçı tərəfindən göndərilmiş elektron qaimə üzrə cavabdeh tərəfindən ödəniş edildiyini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi və həmin mallara görə cavabdehin ƏDV daxil 6775,32 manat məbləğində borcunun ödənilməmiş qalması sübutların məcmusu ilə öz təsdiqini tapır.

23. Odur ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 6775,32 manat məbləğində tutulması hissəsində iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddianın dəbbə pulu hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulu tələbinə dair hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddianın malların təhvil verilməsinə dair təhvil-təslim aktlarının olmaması barədə dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi malların təqdim edilməsini təsdiq edən təhvil-təslim aktları iddiaçı tərəfindən elektron işə əlavə edilmişdir. Odur ki, sözügedən dəlillərin əsassızlığı açıq-aşkardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6763/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar