Məhkəmə qərarları › İş №2-2(103)-341/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-341/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-341/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2021 nömrəli iş üzrə qiyabi qətnamənin ləğvi barədə ərizənin qaytarılması haqqında 04 fevral 2022-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 36.000 ABŞ dolları xidmət haqqının, 3 il xidmət haqqının ödənilməməsinə görə bank uçot faiz dərəcəsi hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7.560 ABŞ dolları cərimənin və işgüzar nüfuza vurulmuş zərərə görə 30.000 manat vəsaitin məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 36.000 ABŞ dolları xidmət haqqı, 3 il xidmət haqqının ödənilməməsinə görə bank uçot faiz dərəcəsi hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7.560 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və işgüzar nüfuza vurulmuş zərərə görə 30.000 manat məbləğdə vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmiş və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-1251/2021 nömrəli iş üzrə 06.12.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1544/2021 nömrəli iş üzrə 15.09.2021-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin ərizəsi təmin edilməmiş, müddətin bərpasından imtina edilmiş, iddiaçının şikayəti təmin edilmişdir. Bundan sonra cavabdeh ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli qərardadı ilə ərizə qaytarılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdeh məhkəmə iclasları barədə bildirişləri almadığından, üzrlü səbəbdən həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Belə ki, qiyabi qətnamə çıxarılanadək olan dövrdə cavabdehin direktoru Gal Wagner idi. O, İsrail Dövlətinin vətəndaşıdır və onun karantin qaydaları ilə əlaqədar olaraq müvafiq mülki iş üzrə icraat dövründə Azərbaycana girişi qadağan idi. Odur ki, direktor pandemiya və qanunvericilikdəki məhdudiyyətlərə görə Azərbaycana gələ bilmədiyindən, cavabdeh hüquqi ünvanı üzrə məhkəmə bildirişlərini almamış və ümumiyyətlə, məhkəmə iclasları barədə məlumatlı olmamışdır. Qiyabi qətnamə yalnız 21.01.2022-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Belə ki, məhz bu tarixdə adıçəkilən qiyabi qətnamə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 elektron məhkəmə sistemindəki kabinetində yerləşdirilmişdir. Qiyabi qətnamənin 2021-ci ilin iyul ayında cavabdehin guya “nümayəndəsinə rəsmi qaydada təqdim edilməsi” məsələsinə gəldikdə isə, 2021-ci ilin iyul ayında adıçəkilən qətnamə Vəkil1 elektron məhkəmə sistemindəki kabinetinə yerləşdirilmişdir. Lakin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Vəkil1 verilmiş etibarnamə qanunla tələb olunan şəkildə rəsmiləşdirilməmişdir və bu səbəbdən o, cavabdehin səlahiyyətli nümayəndəsi hesab oluna bilməz. Odur ki, qiyabi qətnamənin 2021-ci ilin iyul ayında Vəkil1 məhkəmə sistemindəki kabinetinə yerləşdirilməsi həmin qətnamənin cavabdehə rəsmi qaydada verilməsi hesab edilə bilməz. Qiyabi qətnamə cavabdehin səlahiyyətli nümayəndəsinə yalnız 21.01.2022-ci il tarixdə elektron kabinet vasitəsilə çatdırılmışdır və 24.01.2022-ci il tarixdə (yəni 10 günlük şikayət vermə müddəti ərzində) qətnamənin ləğvi üçün məhkəməyə ərizə təqdim edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin qiyabi qətnamənin ləğvinə dair şikayət etmək üçün olan 10 günlük müddəti buraxdığı qənaətinə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.02.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, MPM-in 397.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İşdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 06.12.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin ərizəsi təmin edilməmiş, müddətin bərpasından imtina edilmiş, iddiaçının şikayəti təmin edilmişdir. Qərardadda göstərilmişdir ki, müddətin buraxılması ilə nəticələnmiş səbəbin cavabdehin iradəsindən asılı olmaması, yaxud onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması və ya ona maneə törətməsi və məhdudiyyət yaratması iş üzrə müəyyən olunmur. Müddət cavabdeh tərəfindən təqsirli olaraq, üzrsüz səbəblərdən buraxıldığı, habelə bu barədə ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün, yanlış olaraq birinci instansiya məhkəməsi tərəfindən bərpa olunmuşdur. Göründüyü kimi, cavabdehin qiyabi qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunda nəzərdə tutulan 1 aylıq müddəti buraxması faktı qanuni qüvvədə olan məhkəmə qərardadı ilə müəyyən edilmişdir. MPM: Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; Maddə 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sadalanan normaların təhlilindən çıxan nəticəyə görə, qiyabi qətnamədən şikayət verilməsi müddətinin ötürülməsi eyni zamanda həmin qiyabi qətnamənin ləğvi barədə ərizə vermək müddətinin də ötürülməsi deməkdir. Belə ki, tərəfin qiyabi qətnamədən apellyasiya şikayət verməsi yalnız qiyabi qətnamənin ləğvi barədə ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra mümkündür. Bu mənada, məhkəmə kollegiyası şikayətin vəkillərin (nümayəndələrin) dəyişməsi və müddətin axımının qətnamənin təkrar yeni vəkilə (nümayəndəyə) təqdim olunduğu tarixdən yenidən başlaması kimi tamamilə qanunazidd dəlilləri ilə razılaşmır. Belə ki, MPMin: 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər; 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası bildirir ki, MPM-in 10-1.3 və 135.8-ci maddələri anlamında məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə yaxud vəkil orderi əsasında məhkəmədə çıxış edən şəxsləri də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətsizliyi demək olardı. Digər tərəfdən, qiyabi qətnamənin ləğvi barədə hazırkı ərizə də cavabdehin özü tərəfindən deyil, onun, lakin bu dəfə yeni vəkili və nümayəndəsi tərəfindən verilmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2021 nömrəli iş üzrə 04 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar