Məhkəmə qərarları › İş №2-2(103)-342/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-342/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-342/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qərardadından (hakim Kənan Hüseynov) iddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən, AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğ üçün illik 5% hesablanmaqla 6252 manatın tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93.783 manat məbləğinə 16 ay ərzində "xxxx" ASC tərəfindən hesablanmış 17.756 manatın tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) bazar dəyəri 25.000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manatın tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə Mimaki CJV30-160BS” çap avadanlığı (Seriya№ N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya№EJ**********0) avadanlıqların cəmi 70.000 manat dəyəri ilə illik 20% illik olmaqla hesablanmış 24.999 manat əldən çıxmış faydanın tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “MCB BOKT“ QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 7.033,72 manat məbləğin, vəkilə ödənilmiş 800 manat məhkəmə xərcinin, 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" QSC şikayət verərək, qeyd edilən qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 664/2021 saylı 11.02.2022-ci il tarixli qərardadında istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə hazırkı iddia üzrə mülki işə, o cümlədən bu mülki iş üzrə verilmiş apellyasiya şikayətinə tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 363-VİQD 9 iyul 2021-ci il Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə daxil edilmişdir. Həmin qanunun 2.1.-ci maddəsinə görə bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin qanunun 2.2.-ci maddəsinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırkı iş üzrə iddia məhkəməyə 08.12.2020-ci ildə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə isə 01.10.2022-ci ildən qüvvəyə minmişdir. Beləliklə, açıq aşkar görünür ki, Bakı Kommersiya Məhkəməsi tətbiq edilməli olmayan qanunu tətbiq etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.02.2022-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olmayan qanunun tətbiq olunması barədə şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti “Elektron məhkəmə” sistemində yaranmış elektron kabinet vasitəsi ilə 29.12.2021-ci il tarixdə verilmiş və imzalanmışdır. Göründüyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verildiyindən apellyasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPMə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun gəlməməsi barədə nəticəyə gəlsə də məhkəmə kollegiyası elektron iş materialları əsasında müəyyən etmişdir ki, iddiaçı "xxxx" QSC tərəfindən elektron kabinet vasitəsi ilə verilmiş apellyasiya şikayəti “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" QSC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli, e-2-2(113)-664/2021 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti mümkün sayılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar