Məhkəmə qərarları › İş №2-2(103)-342/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-342/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-342/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(113)-3440/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadla təsdiq edilmiş barışıq sazışının şərtləri cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçının nümayəndəsinin 25 sentyabr 2023-cü il tarixli ərizəsinə əsasən qərardad icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Daha sonra borclu Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin iddiaçıya olan borcunun hissə-hissə qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(113)-3440/2023 nömrəli qərardadı ilə məhkəmənin e-2-2(113)-3440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının hissə-hissə icra olunması barədə Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu Cavabdeh MMC xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3440/2023 saylı qərardaddan şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixində çıxardığı qərardadda qeyd edilənə əsasən, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixində 27.406,06 manat (ƏDV xaric) ümumi borcdan (bundan sonra “ümumi borc”) 5000 manat ödəmişdir. Bu isə o deməkdir ki, cavabdeh ümumi borcu hal-hazırda ödəməyə qadirdir. Cavabdeh və iddiaçı arasında Bakı Kommersiya Məhkəməsində aparılan kommersiya mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində çıxarılan qərardada əsasən cavabdeh ümumi borcu 2023-cü ilin iyul-avqust ayları ərzində ödəməliydi. Lakin, qərardadda da qeyd edildiyi kimi, cavabdehin həmin aylar maddi vəziyyəti qeyri-satbil olduğundan, borcunu ödəyə bilməmişdir. Amma hal-hazırda iddiaçıya borcunu 3 ay ərzində qaytarmağa hazırdır. Məhkəmə, cavabdehin ümumi borcu 3 ay ərzində ödəməyə hazır olduğunu deməsinə baxmayaraq, ərizəni təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələblərinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətdə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunda məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Azərbaycan Respublikası Konstitusisya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndindən görünür ki, qətnamənin icrasına möhlət verilməsi və ya hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Sadalanan normaların tələbinə əsasən qətnamənin icrasına möhlət verilməsi, eləcə də hissə-hissə icra olunması üçün məhkəmələr tərəfindən ərizə təmin olunarkən hər iki tərəfin əmlak vəziyyəti nəzərə alınaraq ağlabatan müddət müəyyən olunmalı, bu zaman mütənasiblik prinsipi gözlənilməli, bütün tərəflərin-tələbkarın və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll edilməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrası mümkünlüyü ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının kontitusion hüquqlarını pozmamalıdır. Borclunun MMC-nin və onun maliyyə vəziyyətinin yaxşı olmamasına əsaslanmaqla qərardadın hissə-hissə icrasına dair ərizənin təmin edilməsini xahiş etsə də, bunu təsdiq edən heç bir sənədi iş materiallarına əlavə etməmişdir. Bundan əlavə, ərizənin təmin edilməsi tələbkar tərəfin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb ola bilər. Həmçinin, ərizə təmin olunduğu təqdirdə tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmənin qərardadı xx.xx.2023-cü il tarixdə qəbul edilməsindən və icraya yönəldilməsindən üç aydan çox vaxt keçmiş, lakin həmin müddət ərzində də borclu şəxs tərəfindən əsas borcun ödənilməsi istiqamətində hər hansı tədbirlər görülməmişdir. Lakin, məhkəməyə ərizə verildiyi tarixdən bir gün öncəsində borclu tərəfindən ödəniş həyata keçirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış barışıq sazşin 2-ci bəndinə belə əsas borcun aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, həmin barışıq sazişin tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilmiş, o cümlədən hazırkı ərizəni verən X1 xx.xx.2023-cü il tarixli ərizəsi də nəzərə alınmaqla barışıq sazişi təsdiq edilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh MMC həmin barışıq sazişi bağlayarkən şirkətin maliyyə və digər vəziyyətləri nəzərə alınaraq və tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilmişdir. Göründüyü kimi borclu MMC aralarında bağlanmış barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi istiqamətində səmimi hərəkət etməmiş, sadəcə məhkəməyə ərizə verilmədən 1 gün öncə qismən ödəniş (5000 manat) həyata keçirmişdir. Halbuki işin icrası mərhələsində hər hansı ödəniş edilməsi ilə bağlı tədbirlər də görülməmişdir. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi kreditorun pozulmuş hüquqlarının real müdafiəsini uzaqlaşdırır və bunun üçün əsaslar müstəsna xarakter daşımalıdır, yəni hərəkətlərin həyata keçirilməsində ciddi maneələr olduqda yaranmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qərardadın hissə-hissə icra olunması barədə ərizənin rədd olunması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(113)-3440/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar