Məhkəmə qərarları › İş №2-2(103)-344/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-344/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-344/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının və cavabdehin nümayəndəsi (vəkili) Rüstəmov Anar Abbas oğlunun iştirakı ilə İddiaçı «xxxx» MMC-nin cavabdeh «Unico Logistics Co» LTD-yə pul tələbinə dair kommersiya mübahisəsi üzrə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından həmin iddia ərizəsini verən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh «Unico Logistics Co» LTD-nin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. «Unico Logistics Co» LTD həmin qərardadan şikayət verərək, ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin məhkəmə baxışına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixində təqdim olunmuş, həmin ərizənin baxılmamış saxlanılması barədə qərardadı isə xx.xx.2020-ci il tarixində, yəni 4 ay sonra qəbul etmişdir. Bu isə ağlabatan müddətin pozulmasını göstərir. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iddia ərizəsində «xxxx CP.Z.O.O.» şirkətinin hüquqi ünvanının Nəsimi rayonunda olduğunu göstərmiş, halbuki, şirkətin hüquqi ünvanı Yasamal rayonu ərazisində yerləşir. Məhkəmə «xxxx» MMC-nin Azərbaycan Respublikasındakı Filialı ilə «xxxx CP.Z.O.O.» şirkətini səhv salmışdır. Onlar ayrı-ayrı vergi ödəyiciləri və hüquqi ünvanları da bir-birindən fərqlənir. İddia bu şirkətlərdən «xxxx CP.Z.O.O.» şirkətinə qarşı deyil, «xxxx» MMC-yə qarşı qaldırılmışdır. Pretenziya məktubu da həmin şirkətin Polşada olan və həmin şirkətin Azərbaycanda olan filialının hüquqi ünvanlarına göndərilmişdir. Məhkəmə hazırkı işdə iddiaçı «xxxx» MMC-nin nümayəndəsinin onların pretenziya qaydasına riayət edərək məhkəməyə qədər işin həllinə çalışdığını bildirmişdir. Bütün bunlar onu göstərir ki, pretensiya qaydasına riayət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) A.Rüstəmov şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin («MPM») 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh «Unico Logistics Co» LTD-nin iş materiallarında (iş vərəqi 64-66) olan qarşılıqlı iddia ərizəsindən görünür ki, «Unico Logistics Co» LTD iddiaçı kimi pul tələbini hazırkı iş üzrə iddiaçı «xxxx» MMC-dən başqa, ikinci bir, işdə iştirak etməyən şəxsə («xxxx CP.Z.O.O.») də qarşı irəli sürərək, cavabdehlərdən müştərək qaydada xeyrinə pul tutlmasını xahiş etmişdir. Halbuki, MPM-in 155.1-ci maddəsinə əsasən işdə iştirak edən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin qeyd olunan imperativ tələbindən göründüyü kimi, cavabdehin qarşılıqlı iddianı yalnız işdə iştirak edən iddiaçıya qarşı verilməsi mümkünlüyünü nəzərdə tutur. Beləliklə də cavabdeh «Unico Logistics Co» LTD tərəfindən qarşılıqlı iddia ərizəsi prosessual qanunvericiliklə müəyyən edilən qaydalarına uyğun vermilməmişdir. Belə olan halda da qarşılıqlı iddia ərizəsi forma və məzmunca MPM-in 149-cu maddəsinin tələbilərinə uyğun verilmiş hesab edilə bilməz və işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbi çərçivəçində geri qaytarılmalı, icraata qəbul olunduğu halda isə həmin Məcəllənin 259.0.12-ci maddəsi tətbiq olunmaqla, baxılmamış saxlanılmalıdır. Odur ki, ilk öncə, qarşılıqlı iddia ərizəsinin, MPM-in 155.1-ci maddəsinin tələbinə uyğun verilmədiyini müəyyən edildiyi halda, artıq, həmin iddia üzrə işdə iştirak etməyən ikinci cavabdehə qarşı iddiaçının pretenziya qaydasına riayət edib-etməməsinin araşıdırılmasına heç bir zəruriyyət də qalmır (Əslində, cavabdehin qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısı və ona əlavə olumuş sənədlərə əsasən işdə iştirak edən iddiaçı «xxxx» MMC-nin özünə belə, məhkəməyə qədər pretenziyanın təqdim edildiyi müəyyən olunmur). Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdeh «Unico Logistics Co» LTD-nin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikaytə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: «Unico Logistics Co» LTD-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar