Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-344/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh1 ASC-nin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X8 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4766/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı MMC arasında kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 1853-p/18 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən 1902 adda ümumi dəyəri 38426822 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra İddiaçı MMC-nin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir.
2. 28 dekabr 2018-ci il tarixli P001 nömrəli "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış "xxxx" ASC-yə məxsus texnikaların İddiaçı MMC-yə təhvili barədə aktlara əsasən tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli 1853-p/18 nömrəli və "xxxx" ASC-nin 6139/ü-1 nömrəli xx.xx.2018-ci il tarixli əmri əsasında lizinqə verilən texnikalar saz, nizamlanmış və komplekt halda müvafiq olaraq "xxxx" ASC-nin təchizat bazaları, rayon bölmələri və regional nümayəndəlikləri tərəfindən lizinq alana təhvil verilmişdir.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək Cavabdeh1 ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC-nın cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1853-p/18 saylı müqavilənin və xx.xx.2018ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmanın qiymətlə bağlı şərtinin qismən etibarsız hesab edilməsi, mediasiya xidmətinə çəkilən 200 manatın (100,00 manatının dövlət rüsumuna aid edilməsi) xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış lizinq müqaviləsinə əsasən cavabdeh tərəfindən təqdim edilən ödəniş cədvəli araşdırılarkən müəyyən edilmişdir ki, lizinq predmeti olan ümumi dəyəri 38151012 manat təşkil edən 1902 adda kənd təsərrüfatı texnikalarının işlənmə vəziyyəti və həmin texnikaların illər üzrə aşınması nəzərə alınmadan ilkin alış qiyməti ilə lizinqə verilmişdir. Lizinqə verilmiş kənd təsərrüfatı texnikalarının əvvəllər müxtəlif təsərrüfatlarda işləməsi və ötən illər üzrə təbii aşınması nəzərə alınmadan yeni qiymətlərlə satılması, bağlanmış müqavilənin qiymətlə bağlı şərtlərinə müvafiq dəyişiklərin edilməsinə zərurət yaratmışdır.
6. Cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1853-p/l 8 saylı lizinq müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən lizinq verən texnikanın tam komplektləşdirilmiş və saz şəkildə lizinq alana verilməsini təmin edir. Orada texnikanın yeni və ya istifadə olunmuş halda verilməsi ilə bağlı şərt yoxdur. Lizinq alan kənd təsərrüfatı sahəsində ixtisaslaşmış hüquqi şəxs olaraq texnikanı qəbul edəndə onun istifadə olunmuş texnika olması barədə məlumatlı olmuşdur. Cavabdehlər tərəfindən xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli D-1853- P/l8 saylı razılaşmanın şərtlərinin pozulması halı mövcud deyildir
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4766/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdilər, Cavabdeh1 ASC-nin nümayəndəsi X4 və cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X9 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin:
14. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
16. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
17. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. [323]
18. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
19. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
20. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
22. Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
23. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
24. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
28. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
29. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
30. Lakin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi dəlillər qeyd olunan şərtlərə və əsaslara aid deyildir. Çünki iddiaçı müqavilənin qismən etibarsız hesab edilməsi tələbini irəli sürsə də, tələblərini ümumiyyətlə əsaslandırmamış, yuxarıda qeyd olunan əsaslardan və maddi hüquq normalarından hər hansı birinə istinad etməmiş, yalnız Mülki Məcəllənin 421-ci və 390-cu maddələrinə istinad etmişdir.
31. Halbuki, həmin müddəalar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzimləyir və müqavilə azadlığı prinsipini müəyyən edir.
32. Hazırki apellyasiya baxışı zamanı da iddiaçı əvvəlki iclaslarda iddia ilə bağlı konkret münasibət bildirməmiş, yalnız sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi müqavilə bağlanarkən İddiaçı MMC-nin aldadıldığına istinad etmişdir.
33. Bu əsasla əqd mübahisələndirildiyi halda iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələri təşkil edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfı əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfın iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
35. Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmur.
36. Çünki iddiaçı istinad etdiyi halların, yəni mübahisələndirilən müqavilənin məhz aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
37. Bundan əlavə iddiaçı hazırki apellyasiya baxışı zamanı bildirdi ki, lizinqə verilmiş kənd təsərrüfatı texnikaları əvvəllər müxtəlif təsərrüfatlarda işlədilib və istifadəyə görə ******* manat borc yaranmış, lizinq müqavilələri bağlandıqda isə həmin borc məbləği nəzərər alınmamış və hazırda cavabdeh həm kənd təsərrüfatı texnikalarının işlədilməsinə görə əvvəlki ******* manat borcu, həm də hazırki lizinq müqaviləsi üzrə 38000000 manat borcu tələb edir.
38. Bu faktlarla bağlı iddiaçı tətəfindən xx.xx.2019-cu il tarixli üzləşmə aktının surəti təqdim edilmişdir.
39. Kollegiya qeyd edir ki, iddiaçı həmin faktlara və sübuta birinci instansiya məhkəməsində istinad etməmişdir.
40. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
41. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
42. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni halların və sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
43. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
44. Göründüyü kimi iddianın təmin edilməsi üçün əsaslar mövcüd deyil.
45. Bundan əlavə iddia tələbi üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür.
46. Belə ki, həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
47. İddiaçı MMC isə müqaviləni xx.xx.2018-ci il tarixdə bağladığı halda, hazırki iddianı 2022-ci ilin avqust ayında irəli sürmüşdür.
48. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4766/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn