Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-346/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə İddiaçı2 Cavabdeh qarşı icarə haqqının, elektrik enerjisi haqqının və əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-238/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, cavabdehdən ödəmədiyi 7500 (yeddi min beş yüz) manat icarə haqqının və icarəyə götürdüyü qeyri-yaşayış sahəsində oğurlanan zəruri ləvazimatlara (qab-qaşıq və mebellərə), avadanlıqlara görə ona vurulan 20000 (iyirmi min) manat miqdarında zərərin, işlədib ödəmədiyi elektrik enerjisinə görə 4550 (dörd min beş yüz əlli) manat məbləğində, cəmi 32050 (otuz iki min əlli) manat miqdarında pul vəsaitinin alınaraq ona verilməsi və on iki il müddətə işlədərək yararsız vəziyyətə saldığı «Durna Teli» kafesinin əsaslı təmir olunaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı tərəflər arasında xx xxx 2012-ci il tarixdə notariat qaydada bağlanmış icarə müqaviləsi əsasında faktiki sahibliyində olan Bakı şəhəri. Xətai rayonu. Nobel prospekti, 141 ünvanda yerləşən, ümumi sahəsi 154,5 kv.m olan «Durna Teli» kafesini aylıq 500 manat icarə haqqı ödənilməsi şərti ilə cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinin 4.3-cü bəndinə əsasən tərəflərdən hər biri müqavilədə nəzərdə tutulan müddətin başa çatmasına 30 gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 11 ay müddətinə uzadılır. Bu minvalla kafeni icarəyə götürən cavabdeh xeyli müddət onu işlətmiş, lakin 2017-ci ilin dekabr ayında gözlənilmədən iddiaçıya məlumat verilmişdir ki, kafenin içərisindəki qab-qaşıq və avadanlıqlar oğurlanmış, seyf qapı, digər qapı və pəncərələr çıxarılmış, kafeni talan etmişlər. İddiaçı polsə Binəqədi rayon 37-ci Polis bölməsinə və 112 xidmətinə məlumat vermiş, oğurluq nəticəsində vurulan zərər təhqiqatçı tərəfindən siyahıya alınmış, nəticəsi barədə bu vaxtadək ona heç bir məlumat verilməmişdir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən icarəçi qeyri-yaşayış sahəsini ləvazımatı ilə birlikdə qəbul edib bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi və müqavilədə göstərilən müddət başa çatdıqda onu dərhal qəbul etdiyi vəziyyətdə icarəyə verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh istifadə etdiyi sahənin icarə haqqını hər ayın 15-dək ödəməli, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə vergi, telefon, elektrik, digər kommunal xərcləri ödəməli, icarəyə verilən sahədə olan əşyaları icarə müddəti bitdikdə tam və işlək şəkildə sahəni icarəyə verənə təhvil verməli idi. Müqavilənin 2.2.3-cü bəndinə əsasən istifadə sahəsinin istismara yararlı və qənaətbəxş vəziyyətdə saxlanması üçün cari təmir işlərini icarəçi öz hesabına həyata keçirməli idi. İcarə müqaviləsinin 2.2.9-cu maddəsinə əsasən icarə müqaviləsinə xitam verildikdə icarəçi istifadə etdiyi obyektdə qeydiyyata alınmış NKA-nı qeydiyyatdan çıxarmalı və obyektin olduğu yer üzrə uçota alınması haqqında arayışı (kodu) müvafiq vergilər idarəsinə geri qaytarmalı idi. İcarəçi Cavabdeh icarə müqaviləsinə xitam verilməsi haqqında heç bir müraciət etmədiyi halda icarəyə götürdüyü kafeni oğurladaraq, oğurlanan ləvazimatlara və avadanlıqlara görə iddiaçıya 20.000 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə 15 ay icarə haqqını ödəmədiyindən onun 7.500 manat icarə haqqı borcu qalmış, bundan əlavə istifadə edib ödəmədiyi elektrik enerjisinə görə 4550 manat borcu yaranmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı iə əsl olmayan İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)5321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ödənilməmiş icarə haqqına görə 5000 (beş min) manat alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)11448/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)5321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(103)-238/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 5.000,00 manat məbləğində icarə haqqının və 15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia qalan hissdə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-629/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iş üzrə cavabdeh xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apllyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin 5.000,00 manat məbləğində təmin edilən hissəsində ləğv edib iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilən hissəsində əsassızdır, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 9.1-9.3, 185.2 və 185.5-ci maddələri baxımından, çəkişmə prinsipini pozmuşudur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, guya cavabdeh qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin müvafiq bəndinə əsasən əgər tərəflər müqaviləyə xitam verilməsini tələb etməmişlərsə, bu halda müqavilə daha 11 ay müddətinə uzadılmış hesab olunur. Lakin cavabdeh faktiki olaraq qeyri-yaşayış sahəsini faktiki olaraq son illərdə işlətməmiş, obyekt fəaliyyətsiz qalmışdır. İiddiaçı bunun səbəbləri ilə maraqlanmamış, daha sonra isə icarə müqaviləsində belə müddəanın olmasından suiistifadə edərək, ona qarşı əsassız iddia qaldırmışdır. İddiaçı Mülki Məcəllənin 685.2-ci maddəsinin mühüm şərtinddən istifadə etməmişdir. Həmin Məcəllənin 686-cı madəsinə əsasən isə əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmanın qüvvəsi yoxdur. Obyekti işlətmədiyini təsdiq edən əsas hallardan biri odur ki, işıq, qaz və su daxil olmamış, işıq enerjisinə görə borc hələ 2006-cı ildən yaranmış, ödənilmədiyindən hazırkı həddə gəlib çatmışdır. Bu hal, işıq, qaz və su təchizatı müəssisələrinin arayışlaprı ilə təsdiq olunur. Bundan başqa məhkəmə 10 ay, yəni xx.xx.2017-xx.xx.2017 dövrü üçün ondan icarə haqqı tutulması nəticəsinə gəlmişdir. Halbuki, iddiaçının şikayətinə əsasən Xətai RPİ-də aparılan araşdırma zapmanı müəyyən edilmişdir ki, cavabdeh qeyd olunan müddət ərzində ölkə hüdudlarından kənarda olmuşdur. Ölkədə olmayan cavabdeh iddiaçının qeyriyaşayış sahəsində fəaliyyət göstərməmiş, bu səbəbdən də heç bir fayda əldə etməmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamış, sübutlara düzgün hüququi qiymət verməmiş, əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə MPM-in 135.8-ci maddəsində nəzərədə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, həmin Məcəllənin 146 və 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ona məxsus olan Bakı şəhəri. Xətai rayonu, Nobel prospekti, 141 ünvanda yerləşən, ümumi sahəsi 154.5 kv.m olan «Durna Teli» kafesini xx.xx.2012- ci il tarixdə bağlanılmış icarə müqaviləsinə əsasən 500 manat aylıq icarə haqqı ödənilməsi şərti ilə cavabdehin icarəsinə vermişdir. İddia ərizəsindən və cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründyü kimi, icarə müqaviləsinin bağlandığı və obyektin cavabdehin 2012-ci ildən istifadəsinə verildiyi işin mübahisələndirilməyən halıdır. Konkret halda, cavabdehin apellyasiya şikayətinə əsasən onun mahiyyəti üzrə mübahisələndirdiyi hallardan biri ondan ibarətdir ki, icarəyə götürdüyü qeyri-yaşayış sahəsini faktiki olaraq son illərdə, o cümlədən, xx.xx.2017 - xx.xx.2017-ci il zaman çərçivəsində, yəni 10 aylıq müddət ərzində işlətməmiş, çünki, ölkə hüdudlarından kənarda olmuş və fəaliyyət göstərməmiş, obyektdən fayda götürməmişdir. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq onu qeyd edir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək onun 10 aylıq müddət ərzində ölkədən kənarda olması və icarəyə götürdüyü obyekti işlətməməsi, iddiaçıya icarə haqqının ödənilməsindən imtina etməsinə əsas ola bilməz. Birincisi ona görə ki, onun bu istəyinə müvafiq olan müqavilə şərti mövcud deyil. Əksinə, tərəf kimi imzalayıb təsdiq etdiyi icarə müqaviləsinin 2.2.8-ci bəndi ilə üzərinə öhdəlik götürmüşdür ki, icarəçi olaraq icarəyə götürdüyü qeyri-yaşayış sahəsini ləvazımatı ilə birlikdə qəbul edib bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəyəcək və müqavilədə göstərilən müddət başa çatdıqda onu dərhal qəbul etdiyi vəziyyətdə də icarəyə verənə qaytaracaq. Həmin müqavilənin 3.1-ci bəndində isə aylıq icarə haqqının məbləği 500 manat müəyyən olunmuş, 3.2-ci bəndinə müvafiq olaraq müqavilə təsdiq olunduğu andan ayda bir dəfə nağd və ya köçürmə yolu ilə icarəyə verənə ödənilməli olduğu razıllaşdırılmışdır. Mülki Məcəllənin 700.3-cü maddəsindən isə görünür ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3). Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İcarə müqaviləsinin qeyd olunan şərtləri və mülki qanunvericiliyin sözügedən tələbləri baxımından icarəyə götürdüyü byektin icarəsinə görə cavabdeh hər ayın sonunda, yəni icarə müqaviləsi may ayının 15-də bağlandığı nəzərə alındıqda, hər növbəti ayın 15-nə qədər icarə haqqını ödəməyə borclu olduğu halda, üzərinə düşən bu müqavilə öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin şikayətinin, Mülki Məcəllənin 685.2-ci və 686-cı maddələrinə istinad olunuan digər bir dəlilindən isə dolayısı ilə belə anlaşılır ki, iddiaçının, onunla bağlanmış icarə müqaviləsinə xitam vermək imkanı olduğu halda, hüququndan sui istifadə edərək, məhkəmədə ona qarşı iddia qaldırmış, halbuki, icarə müqviləsinin şərtləri, davam etdirilməsini mümkünsüz etdiyi dərəcədə pozulduğu halda, onun xəbərdarlıq müddəti gözlənilmədən icarə müqaviləsini ləğv etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdehin istinad etdiyi, Mülki Məcəllənin: 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbardarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: -kirayəçi iki aylıq ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; -ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbəlğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 686-cı maddəsinə əsasən isə əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Birincisi, qeyd olunmalıdır ki, Mülki Məcəllnin qeyd olunan müddəalarında nəzərdə tutulan hallarda icarəyə vermək hüququ icarəyə verənin səlahiyyətlərinə aiddir. İcarəyə verənin qeyd olunan hüququndan yararlanmaması və icarəçiyə, onun maliyyə vəziyyətini nəzərə alaraq güzəştə getməsi, vəziyyətinin düzələcəyinə gümanla yanaşması, digər tərəfdən, uzun müddət icarə münasibətlərində olan və hələ icarə müqaviləsinə xitam vermək barədə fikri və istəyi olmayan bir şəxsə qarşı, müqaviləyə xitam verilməsi kimi sərt davranmaqdan imtina etməsi, bütün bunlar heç də mübahisəli obyekti icarəyə verən iddiaçının hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilə bilməz. İkincisi, cavabdeh icarə müqaviləsini imzalamaqla 4.3-cü bəndinin şərtini qəbul etmişdir ki, «tərəflərdən hər biri müqavilədə nəzərdə tutulan müddətin başa çatmasına 30 (otuz) gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 11 ay müddətinə uzadılır.» Belə olan halda, Mülki Məcəllənin 351.3-cü maddəsi bəyan edir ki, əgər əqdi onun barəsində mübahisə etimək hüquqna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Ümumiyyətlə, hüquqdan sui-istifadə etmə qarşı tərəfə ziyan vurma məqsədini daşımalıdır. İddiaçıda isə belə bir məqsədin mövcudluğu görünmür. Əksinə, ona məxsus obyektdə oğurluq hadisəsi baş vermiş, qapı, pəncərə və s. predmetlər oğurlanmışdır. Başqa sözlə, Mülki Məcəllənin 560.3-cü maddəsində sadalanan hüquqdan sui istifadə halları iddiaçının hərəkətlərində mövcud deyil. Cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulduğunu mübahisələndirən dəlillərinə gəldikdə isə, iş materiallarına əsasən onun birinci instansiya məhkəmələrində işə baxılarkən məhkəmə iclasları barədə onun ünvanı üzrə məhkəmə bildirişləri göndərilmiş, həmin bildiriş geri qayıtsa da, MPM-in 146cı maddəsi baxımından ünvanını dəyişməsi və ya konkret ünvanı barədə barədə məhkəməyə məlumat verməyən cavabdehin axırıncı ünvanı üzrə bildirişin çatdırılması bilidirinş rəsmi qaydadada verilməsi sayılır və bu zaman məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunmalıdır ki, hətta hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişi geri qayıtmış, lakin MPM-in 135.8-ci maddəsinə müvafiq olaraq ona elektron kabinet vasitəsilə «SMS» bildirişlə məlumat verilmiş, lakin cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdehin istinad etdiyi, MPM-in 9.1-9.3, 184.2-ci və 185.5-ci maddələri isə onu ehtiva edir ki, məhkəmənin şərait yaratmasına və təklif etməsinə baxmayraq sübutların təqdim edilməməsi və ya məhkəməyə gəlməməsi, məhkəmənin işdə olan sübutlara əsasən işə baxmasının qarşısını almır və işə çəkişmə prinsipi əsasında baxılmış sayılır. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsi, yəni 5.000,00 manat məbləğində icarə haqqının cavabdehdən iddiaçının xyrinə tutulması nəticəsinə gəlinməsi, faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirilməlidir. Belə olan halda, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, həmin qətnamə iddiaçının yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən bütün faktiki halların aydınlaşdırılmadığını, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-238/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-238/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(103)-346/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-346/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver