Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-346/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Səmədov Ruzi Emin oğlunun iştirakı ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı daşıma müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 847/2020 saylı qətnaməsindən (hakim F.Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən daşıma müqaviləsi üzrə 26670 avro məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli, 23011/18 saylı daşıma müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişlərinə uyğun olaraq cavabdehə yükdaşıma xidmərlərinin göstərilməsini, cavabdeh isə bunun müqabilində müvafiq xidmət haqqının iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdehin müvafiq sifarişlərini yerinə yetirərək yüklərin daşınmasını həyata keçirmişdir və təyinatı üzrə çatdırmışdır. Lakin cavabdeh müqavilənin 2.1.2-ci və 3.1-ci bəndlərinin şərtlərini pozaraq iddiaçının göstərdiyi xidmətlərə razılaşdırılmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Beləliklə, cavabdeh öz müqavilə öhdəliklərini pozmuşdur. Müqavilənin 4.1-ci maddəsinə tərəflər bu müqavilə üzrə götürdükləri öhdəliklərini icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət daşıyırlar. İddiaçının cavabdehə göstərdiyi xidmətlərə görə cavabdehin iddiaçıya ümumi məbləği 26670 avro borcu yaranmışdır. Borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq borc bu günədək ödənilməmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2019-cu il tarixli 13/245 saylı rəsmi zəmanət məktubu ilə cavabdehin iddiaçıya borclu olduğu 26670 avro borc məbləğinin etiraf edərək həmin borcun 2019-cu ilin aprel ayının sonunadək iddiaçıya ödənilməsinə zəmanət vermişdi və iddiaçıdan yüklərin ünvana çatdırılmasına xahiş etmişdir. İddiaçı cavabdehin zəmanət məktubunu və xahişini nəzərə alaraq yükləri ünvana çatdıraraq təhvil vermişdir. Lakin cavabdeh zəmanət məktubunun şərtlərini pozaraq borcunu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-847/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 25670 avro məbləğində pul tutulmuş, qalan hissədə iddia rədd edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edildikdə 1-ci instansiya məhkəməsi ilk növbədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Eyni zamanda 1-ci instansiya məhkəməsində müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübüt edilməmişdir. İddiaçı müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən borc ödənilməmişdir. Mülki Məcəllənin 441.2. maddəsinə görə, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, tərəflər arasında olan və mübahisənin əsasını təşkil edən xx.xx.2018-ci il tarixli, 23011/18-saylı daşıma müqaviləsi üzrə iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə külli miqdarda ziyan vurmuşdur. Belə ki, iddiaçı yük göndərən xarici şirkət -Calvatis Gmbh tərəfindən avtonəqliyyat vasitəsilə göndərilmiş yükü onun sahibinə - “xxxx” MMC-yə çatdırılmasını təmin etməli idi. Bununla belə, iddiaçı tərəfindən dəyəri 12.236,50 AVRO olan yük qarşısında öhdəlik götürdükləri “xxxx” MMC-yə) vaxtında təhvil verilmədiyindən, həm yük sahibi - “xxxx” MMC, həm cavabdeh külli miqdarda ziyan çəkmişdir. Halbuki, qeyd olunan malın və əmlakın gömrük və idxal rüsumları, X1, gömrük əməliyyat haqları, cəmi - 9.055,39 manat ödənilmiş və gömrük rəsmiləşdirilməsi işləri cavabdeh – “xxxx” MMC tərəfindən tam başa çatdırılmışdır. İddiaçıya xx xxxxx 2019-cu il tarixdə zəmanət məktubu ilə müraciət edərək, təkcə adı gedən yükün onun tərəfindən saxlanılmasından bir həftə öncə də iddiaçıya 7.350 USD və 1900 EURO ödənildiyi nəzərə almaqla, qalıq borcun qısa müddətdə tam ödənilməsinə tərəfimizdən zəmanət verilmişdir. Bunun müqabilində isə xahiş etmişdik ki, adı gedən yük mümkün qədər tez ünvanına çatdırılması başa çatdırılsın. Belə ki, yükün saxlanılması səbəbi ilə, məlum olduğu kimi hər gün əlavə zərər çəkməli olacağımız iddiaçıya bildirilmişdir. Buna baxmayaraq yük təhvil verilməmişdir. Bunun nəticəsində isə cavabdehin önəmli müştərilərindən olan “xxxx” MMC əməkdaşlıqdan imtina etmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayənədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Səmədov Ruzi Emin oğlu məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-847/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli 23011/18 saylı daşınma müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin daşınma sifarişinə əsasən malları təyinatı üzrə çatdırmağı, “Murphy Shipping and Commercial Services Azerbaijan” MMC isə bunun müqabilində müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürür. İşdəki xx.xx.2019-cu il tarixli zəmanət məktubu ilə təsdiq olunur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında malların daşınmasını həyata keçirmiş, cavabdeh tərəfindən daşıma xidmətinin dəyəri olaraq 7350 USD və 1900 Euro ödənilmiş, müvəqqəti maneələrə əlaqədar ödənilməmiş 26670 avro borcun 2019-cu ilin aprel ayının sonunadək ödənilməsinə zəmanət verilmişdir. xx.xx.2019-cu il tarixdə tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar barədə aktdan görünür ki, “Murphy Shipping and Commercial Services Azerbaijan” MMC-nin xx.xx.2019- cu il tarixə iddiaçıya cəmi 25670 avro məbləğində borc qalığı mövcud olduğu və tərəflər akt tərtib olunduğu gündən borc qalığının hissə-hissə “Caspian Logistics” LTD-yə hər ay 5134 avrodan az olmamaqla, 5 aydan çox müddət keçməmək şərti ilə ödənilməsi barədə razılıq əldə edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlara əsasən cavabdehin daşıma xx.xx.2018-ci il tarixli 23011/18 saylı daşınma müqaviləsinə əsasən 25670 avro məbləğində borc qalığı olduğunu müəyyən edərək aşağıdakı normalara əsasən iddianı həmin borcun cavabdehdən tutulması hissəsində təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, o cümlədən işin faktiki hallarına uyğundur. Cavabdeh apelyasiya şikayətində iddiaçıya daşıma müqaviləsi üzrə borcun tam ödənilmədiyini təsdiq etsə də, iddiaçının borcla əlaqədar daşınan malın təhvil verilməməsini iddiaçı tərəfindən müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirərək hesab edir ki, Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən cavabdehin öz öhdəliyinin icrasından imtina etmək hüququ var. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini əsassız hesab edir. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı halda iddiaçının tərəflər arasında bağlanmış daşıma müqaviləsi üzrə öhdəliyini icra etdiyi və malların daşınmasını həyata keçirdiyi cavabdehin zəmanət məktubundakı qeydlə təsdiq olunur. Daşıma haqqı tam ödənilmədiyinə görə iddiaçının yükə girov hüququndan istifadə etməsi isə müqavilə şərtinin iddiaçı tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 860.1-ci maddəsinə əsasən daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir. Qeyd edilən normanın tələbindən göründüyü kimi, iddiaçının ödənilməmiş daşıma haqqına görə yükü təhvil verməkdən imtina etməsi mülki qanunvericiliyin tələbinə uyğundur və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 847/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-847/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-346/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-346/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver