Məhkəmə qərarları › İş №2-2(103)-346/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-346/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-346/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6846/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin 124 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadı ilə şikayət Mülki Prosessual Məcəllənin “Apelyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində qeyd olunan formada tərtib edilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadı ilə şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə İddiaçı tərəfindən verilən ərizənin şikayətin verilməsi üçün müəyyən olunmuş müddət ötürülmədiyindən təmin edilməməsi, İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadından şikayətin verilməsi üçün müəyyən olunmuş müddət ötürülmədiyindən şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadından verilən şikayət təmin edilməmiş və şikayət e-2-2(113)-6846/2022 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6846/2022 nömrəli qərardadı Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Lakin iddiaçı tərəfindən şikayətin forması ilə bağlı çatışmazlıq aradan qaldırılaraq ikinci dəfə verilmiş şikayət xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələblərinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi şikayətin verilməsi müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İddiaçının şikayətinin Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, şikayətin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış şikayət yenidən verildikdə də 10 günlük müddətə riayət olunmalı, bu mümkün olmadıqda isə prosessual müddətin bərpası barədə ərizə verilməlidir. Əks yanaşma həm Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi isə müddətin ötürülməmiş hesab edilməsi barədə nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 379 və 380-ci maddələrində müəyyən edilən iddia müddətinin axımının dayandırılması və kəsilməsi anlayışları mülki prosessual qanunvericiliyə deyil, mülki qanunvericiliyə aid anlayışlardır və yalnız maddi hüquq normalarının tətbiqi və iddia tələblərinə mahiyyəti üzrə münasibət bildirilən zaman tətbiq olunur. Mülki prosessual qanunvericilikdə belə anlayışlar, yəni qanunla müəyyən edilən prosessual müddətlərin axımının dayandırılması və kəsilməsi anlayışları mövcud deyil. Mülki Prosessual Məcəllənin 131.1-ci maddəsi isə yalnız iş üzrə icraat dayandırıldığı hallara aiddir. Eyni zamanda iş üzrə icraat dayandırıldığı hallarda da bütün prosessual müddətlərin axımı dayanmır. Belə ki, iş üzrə icraatın dayandırılması barədə qərardaddan şikayətin verilməsi müddəti və ekspertizanın keçirilməsi müddətinin axımı ümumi qaydada davam edir. Kollegiya izah edir ki, Mülki Prosessual Məcəllədə iki növ müddətlər müəyyən edilib – qanunla müəyyən edilən müddətlər və məhkəmənin müəyyən etdiyi müddətlər (MPM-in 128.1-ci madəsi). Məhkəmə özünün müəyyən etdiyi müddəti (məsələn: ekspertizanın keçirilməsi və ya sübutların təqdim edilməsi müddətləri) uzatmaq imkanına malikdir. Qanunla müəyyən edilən müddətlərin məhkəmə tərəfindən uzadılmasına isə yalnız bir halda yol verilir (MPM-in 172.2-ci maddəsi). Digər hallarda məhkəmə tərəfindən qanunla müəyyən edilən müddətlərin uzadılması imkanı nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətlərə iddia müddətinə aid anlayışların tətbiq edilməsi halı yolverilməzdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6846/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar