Məhkəmə qərarları › İş №2-2(103)-346/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-346/2025

06.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-346/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1655/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 70,85 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 1045861,97 manat (o cümlədən, vergilər üzrə 900586,83 manat, faizlər üzrə 145275,14 manat) olmaqla, ümumilikdə 1045932,82 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix - xx.xx.1983-cü il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1655/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iş üzrə icraatın dayandırılmasına dair xx.xx.2025-ci il tarixli vəsatətin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə qətnaməsi əsassızdır və ləğv edilməlidir. Belə ki, Məhkəmə maraqlı şəxs tərəfindən təqdim olunmuş vəsatət və sübutları tədqiq etməmiş, əsassız qətnamə çıxarmışdır. Habelə Bakı Kommersiya Məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılan həmin işlə qarşılıqlı bağlılığı olan inzibati mübahisənin Bakı İnzibati Məhkəməsində icraatda olduğunu nəzərə almamışdır. Məhkəmə tərəfindənçoxsaylı prosessual pozuntulara yol verildiyindən hesab edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1655/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, xüsusi icraat qaydasında baxılan işin dayandırılmasına dair Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatət təmin edilməlidir. Aydındır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6483/2025 saylı iş həll edilməyincə hazırkı işə baxılması qeyri-mümkündür və prosessual tələblərlə ziddiyət təşkil etməkdədir. Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-6483/2025 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək hazırkı işə baxılması, mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 256.0.3cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Lakin Bakı Kommersiya Məhkəməsi, hakim Zeynəb Axundova tərəfindən çıxarılmış 2-2(113)- 1655/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamədə təqdim olunmuş vəsatət ümumiyyətlə məhkəmə tərəfindən tədqiq edilməmişdir. 2-1(112)-6483/2025 saylı iş hal-hazırda Bakı İnzibati Məhkəməsi, hakim Fərid İsmayılzadənin icraatındadır. Hesab edilir ki, məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunduğu kimi həmin işlər arasında elə bir qarşılıqlı bağlılıq mövcuddur ki, Bakı İnzibati Məhkəməsində İnzibati İcraatda olan iş mahiyyəti üzrə baxılıb yekunlaşmayana qədər vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair xüsusi icraat qaydasında aparılan işə baxılması mümkün deyildir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən icraatı dayandırmaq Bakı Kommersiya Məhkəməsinin vəzifəsi idi. Hesab edilir ki, bu, ciddi və kobud prosessual pozuntu olmaqla yanaşı məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

9. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

14. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, Maraqlı şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən həmin hüquqi şəxsə və fiziki şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

16. Məhkəmə hesab etmişdir ki, etirazda göstərilənlər hazırkı ərizənin təmin olunmaması üçün əsas ola bilməz. Belə qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, borc məbləği kifayət qədər yüksəkdir, maraqlı şəxs ölkə hüdudlarını tərk edərək, borcun ödənilməsindən yayına bilər.

17. Maraqlı şəxsin şikayətdə istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır.

18. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə əsaslı olaraq təmin edilmişdir.

19. MPM-nin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.

21. Hazırkı mübahisə üzrə maraqlı şəxs vergi borcunun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyini və məhkəməyə iş üzrə icraatın dayandırılması ərizəsi ilə müraciət etdiyini göstərmişdir. Bununla belə, maraqlı şəxs vergi borcunun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi (ərizənin icraata qəbul edilməsi) barədə hər hansı sübut təqdim etməmişdir.

22. Eyni zamanda, maraqlı şəxsin birinci instansiya məhkəməsinə iş üzrə icraatın dayandırılması barədə ərizədə işin dayandırılmasını zəruri edən faktiki və hüquqi hallara istinad etməmişdir. Hərçənd yuxarıda istinad edilən Qərardan da göründüyü kimi maraqlı şəxs iş üzrə icraatın dayandırılması üçün işlərin yalnız qarşılıqlı bağlılığı deyil, həmçinin mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmaması barədə sübut təqdim etməli idi.

23. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs MPM-nin 254.1.4-cü maddəsinin pozulmasını qeyd etsə də, maraqlı şəxs vergi borcunun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən, həmin vergi borcu ilə bağlı cavabdeh tərəfindən inzibati mühakimə icraatında qaldırılan digər mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraatın dayandırılmaması MPM-in qeyd olunan maddəsinin tələblərinə zidd olmamışdır.

24. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1655/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar