Məhkəmə qərarları › İş №2-2(103)-347/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-347/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-347/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə, X2, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-293/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 5.000.000 (beş milyon) manat dəyərində maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddiaçının şəbəkəsindən qanunsuz çıxarılaraq cavabdehin şəbəkəsinə keçirilmiş 10.000 (on min) müştərinin yenidən iddiaçının şəbəkəsinə qoşulmalarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-293/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə və X3 apellyasiya şikayətini müdafiə etdilər, 3-cü şəxsin nümayəndəsi X9 apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, cavabdehin nümayəndəsi X10 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC informasiya kommunikasiya texnologiyalarının inkişafı üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMCyə tabe olan Telekommunikasiya Qovşaqları (TKQ) və X5 (ATS) ilə bağlanmış internet xidmətinin təşkili, istifadə olunan avadanlıqların qorunub saxlanması, kommunal və digər xidmətlərdən istifadə haqqında xidmət müqavilələri əsasında regionlarda internet xidmətləri göstərir. Sözügedən xidmət müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehin tabeliyində olan TKQ və ATS-lərin hər birinə avadanlığın qorunub saxlanması, elektrik enerjisindən aylıq istifadə, hər bir abonentin qoşulması və hər bir abonent üzrə aylıq abunə haqqı üzrə ödəmələr həyata keçirilir. İddiaçı bildirir ki, 2015-ci ilin sonlarından etibarən cavabdeh iddiaçının müştərilərini qanunsuz və əsassız olaraq, iddiaçı və müştəridən xəbərsiz şəkildə iddiaçının şəbəkəsindən ayıraraq öz şəbəkəsinə qoşmuş, iddiaçının şəbəkəsindən çıxarılan müştərilər etiraz edərək yenidən İddiaçı MMC-yə qoşulmaq istəsələr də, onların bu istəyinə məhəl qoyulmamışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə edilməklə onun internet provayder kimi fəaliyyət göstərməsinin qarşısı alınmışdır. Cavabdeh tərəfindən iddiaçının və onun müştərilərinə qarşı aşağıdakı qanunsuzluqlar edilməklə həm iddiaçıya, həm də müştərilərə maddi və mənəvi ziyan vurulmuşdur: xidmət müqaviləsi çərçivəsində TKQ və ATS ərazisində yerləşdirilmiş iddiaçıya məxsus avadanlıqlar söndürülərək, iddiaçının müştərilərinin internet xidmətindən istifadəsi məhdudlaşdırılmış, avadanlıqların söndürülməsi haqqında iddiaçı tərəfindən cavabdehə müraciət olunduqda sonuncunun əməkdaşları problemdən xəbərsiz olduqlarını bildirmiş, bununla belə avadanlıqlara texniki baxış məqsədilə ezam olunan iddiaçının əməkdaşları kobud şəkildə TKQ və ATS ərazisindən uzaqlaşdıraraq, problemin araşdırılmasına maneə yaradılmış, avadanlıqların söndürülməsi nəticəsində iddiaçı tərəfindən şəbəkəyə nəzarət mümkün olmadığından müştəri məlumatlarının cavabdeh tərəfindən oğurlanması riski yaranmış, regionlarda mövcud müştərilərin qanunsuz şəkildə və müştərinin iradəsi xaricində cavabdehin şəbəkəsinə keçirilməklə yanaşı, onların etirazına baxmayaraq yenidən iddiaçının şəbəkəsinə keçməsi texniki olaraq mümkünsüz olmuş, qeyd olunan inhisarçı mövqedən qaynaqlanan, müştərinin iradəsi xaricində, onun seçim etmə hüququ pozulmuş, müştərilərin iddiaçıya müraciəti əsasında sonuncu tərəfindən cavabdehə göndərilmiş xidmətə qoşulma sorğuları cavabsız qalmış, nəticədə müştərilər internet xidmətinə qoşulmaqdan məhrum edilmişdir. Burada əsas məqsəd, potensial müştəriləri iddiaçıdan narazı salmaq və seçim etmək hüququ əlindən alınmış müştərilərin məcburi şəkildə cavabdehin şəbəkəsinə keçməsini təmin etmək olmuş, cavabdeh inhisarçı mövqeyindən istifadə edərək hər vəchlə müştəriləri iddiaçıdan narazı salmağa səy göstərərək, bu məqsədlə müştərilərin telefon xəttinə müdaxilədən belə çəkinməmiş, cavabdehin əməkdaşları iddiaçının mövcud müştərilərinə zəng edərək iddiaçının artıq internet fəaliyyəti göstərməməsi haqqında məqsədli şəkildə yalan və qərəzli məlumatlar yaymış, iddiaçı tərəfindən cavabdehə hər bir qoşulma üzrə 5 manat birdəfəlik və 2 manat aylıq xidmət haqqı ödənilməsinə baxmayaraq, cavabdehin əməkdaşları qoşulmalar üçün əlavə kross kabeli tələb etmiş, cavabdeh əhaliyə xidmət üçün ATS ərazisində havalandırma sistemi, enerji sistemi və daxili infrastrukturun standartlara cavab vermədiyini əsas gətirərək iddiaçıdan əsassız ödənişlər tələb etmiş, regionlarda texniki resursların olmaması, enerji sisteminin cavab verməməsi və bu kimi digər bəhanələrlə iddiaçının fəaliyyətini genişləndirilməsinə süni əngəllər yaratmış, cavabdeh öz mülahizəsinə əsasən, xidmət müqaviləsi çərçivəsində 5,90 manat həcmində nəzərdə tutulmuş “Avadanlığın qorunub-saxlanması” məbləğini birdən-birə 40 dəfəyə yaxın artıraraq, 210 manat təyin etmiş və iddiaçıdan məhz bu qiymətlə tərtib edilmiş yeni xidmət müqaviləsinin imzalanması üzrə təzyiq göstərmişdir. İddiaçıya məxsus avadanlıqların söndürülməsi nəticəsində minlərlə müştəri, onların arasında dövlət müəssisələri, bank, sığorta, turizm və bir sıra digər xidmət sektorunda fəaliyyət göstərən müştərilər olmaqla, internetsiz qalmış və bu onların haqlı narazılığına səbəb olmuşdur. Qeyd edilən səbəblərdən internetsiz qalmış müştərilərə iddiaçı kompensasiya ödəməyə məcbur qalmışdır. İddiaçının texniki mütəxəssisləri tərəfindən avadanlıqlara baxış keçirmək məqsədilə cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər etsələr də, cavabdeh tərəfindən buna qətiyyən icazə verilməmiş, beləliklə iddiaçının mülkiyyət hüquqları pozulmaqla yanaşı, informasiya təhlükəsizliyi üzrə də narahatlıqları yaranmışdır. Cavabdehin inhisarçı mövqeyi nəticəsində təkcə Gəncə şəhərində iki min altmış iki (2062) və Xaçmaz şəhərindən doqquz yüz iyirmi bir (921) müştəri qanunsuz şəkildə, müştəri və şirkətin xəbəri olmadan cavabdehin şəbəkəsinə köçürülmüşdür. Qeyd olunan süni maneələr nəticəsində bu günə qədər iddiaçının on minə (10.000) yaxın müştərisini itirmiş, əldən çıxmış faydanı hesablamadan dəymiş zərərin miqdarı beş milyon manat həcmindədir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin xidmətlərin) siyahısı Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli 178 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin siyahıda rabitə sahəsindən beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi xidmətləri öz əksini tapmışdır. Qeyd olunan xidmətlərin tarifləri Tarif Şurası (Şuranın qərarı ilə) tərəfindən, Cavabdeh MMC tərəfindən göstərilən digər xidmətlərin tarifləri isə müəssisənin özü tərəfindən (Cəmiyyətin baş direktorunun müvafiq əmri ilə) müəyyən edilməklə müvafiq qaydada təsdiq edilir. Cavabdeh MMC ilə müxtəlif provayderlər arasında bağlanmış müqavilələr əsasında müxtəlif internet provayderləri (hazırda 18 provayder) öz texniki avadanlıqlarını Cəmiyyətə məxsus inzibati və texniki binalarda yerləşdirməklə Cəmiyyətin abunəçilərinə telefon xidməti verdiyi öz balansında olan telefon xətlərindən istifadə edərək internet xidməti verirlər. Qanunvericiliyə əsasən Cavabdeh MMC ümumi istifadədə olan elektrik rabitəsi xidmətləri sahəsində təbii inhisar subyekti kimi müəyyən edilmişdir. Provayderlərin internet xidməti verməsi qeyd olunan telefon xətlər üzərindən, o cümlədən öz təsərrüfatını (optik, mis və ya digər xətlər vasitəsilə) qurmaqla mümkündür. Bu alternativlərin olması onu göstərir ki, provayderlərin internet xidməti verməsi üçün Cavabdeh MMC-dən hər hansı asılılığı mövcud deyildir. 2016-cı ildə Cəmiyyət başqa təşkilatlara məxsus avadanlıqların Cəmiyyətə məxsus texniki və inzibati binalarda yerləşməsinə görə tariflərə yenidən baxmış və tariflər dəyişdirilmişdir. Bununla bağlı bütün aidiyyəti təşkilatlara məlumat verilmişdir. Cəmiyyətə məxsus binalarda öz avadanlıqlarını yerləşdirmiş 18 provayderdən 17-si yeni şərtlərdə (tariflərə uyğun) müqavilələri bağlasalar da İddiaçı MMC yeni müqavilənin bağlanmasından imtina etmişdir. Digər provayderlərə münasibətdə haqsız rəqabətə yol verilməməsi üçün iddiaçı ilə Cavabdeh MMC (onun struktur bölmələri) arasında olan müddəti bitən müqavilələrin uzadılmaması barədə qərar qəbul edilmişdir. Qüvvədə olma müddəti müxtəlif tarixlərdə başa çatan hər bir müqavilə üzrə müqavilədə nəzərdə tutulmuş müddət ərzində öncədən iddiaçını xəbərdar etməklə Cəmiyyət müqavilə münasibətlərinə xitam verir. Lakin Cəmiyyət bildirişlərində qarşı tərəfə bəyan edir ki, yeni şərtlərdə müqavilələrin bağlanılmasına razıdır. İddiaçı MMC-nin istinad etdiyi qanunvericiliyin tələblərinin “Cavabdeh" MMC tərəfindən pozulması haqqında heç bir sübut mövcud olmadığından, ona zərərin vurulması iddiası tamamilə əsassızdır. Üçüncü şəxsin nümayəndəsi bildirir ki, iddianı əsaslıdır. Dəymiş ziyanın məbləği isə məhkəmə tərəfindən müəyyən olunmalıdır. Cavabdeh MMC-nin hazırki iş üzrə mübahisəli hərəkətlərinin digər sahibkarlıq subyektləri barəsində də həyat keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin inhisarçılıq hərəkətlərinə, haqsız rəqabətinə və şəbəkəyə qanunsuz müdaxiləyə görə ona zərər dəydiyini bildirir və bununla bağlı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə və “Telekommunikasiya haqqında” Qanunun 35.3-cü maddəsinə istinad edir. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin dəlillər əsassızdır. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. Bundan başqa həmin maddənin digər bəndlərində nəzərdə tutulmuşdur ki, bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar. 1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. 3. Bu maddənin 1-ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada dövlət büdcəsinə tutulur. Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. 4. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun 14-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. X8 Məcəlləsinin 359-cu maddəsində təsbit olunmuşdur ki, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi iddiaçının istinad etdiyi hallar (cavabdehin inhisarçılıq hərəkətləri, haqsız rəqabət aparması və şəbəkəyə qanunsuz müdaxilə etməsi və s.) cinayət və inzibati xəta xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, o cümlədən antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı ilə təsdiq oluna bilər. Lakin iddiaçının istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, habelə antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı mövcud deyildir. Mülki Məcəllənin 81-ci maddəsində isə təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin iddiaçı həmin halları təsdiq etmək üçün cavabdehlə apardığı yazışmaları və mənbəyi məlum olmayan sosial şəbəkələrdəki yazışmaları təqdim etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması haqqında xx xxx 2017-ci il tarixli göstərişi də hazırki mübahisənin həlli baxımından heç bir əhəmiyyət daşımır. Çünki həmin göstəriş hazırda iddiaçının mübahisələndirdiyi hallarla deyil, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü, 8-ci bəndləri və 16-1-ci maddəsi, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü bəndi və 10-1-ci maddəsi, yəni müqavilə şərtləri və qiymətlərlə bağlıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlillərə istinad etməsi ümumiyyətlə əsassızdır. Həmçinin kollegiya qeyd edir ki, hətta iddiaçının istinad etdiyi hallarla bağlı yuxarıda qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, habelə antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı mövcud olsa belə hazırki iddia təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı 5.000.000 (beş milyon) manat dəyərində zərərin mövcud olmasının təsdiqi barədə mötəbər sübutları, yəni iddiaçının bildirdiyi halları təsdiq edən və zərərin hesablanmasını mümkün edən maliyyə sənədlərinı məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, iddiaçının şəbəkəsindən qanunsuz çıxarılaraq cavabdehin şəbəkəsinə keçirilmiş 10.000 müştərinin yenidən iddiaçının şəbəkəsinə qoşulmalarının təmin edilməsi hissəsində də iddia əsassızdır. Belə ki, 10000 müştərinin iddiaçının şəbəkəsindən qanunsuz çıxarılaraq cavabdehin şəbəkəsinə keçirilməsi halları yuxarıda göstərildiyi kimi sübut olunmur. Bundan başqa, müştərilərin bu və ya digər provayderin xidmətindən istifadə etməsi onların şəxsi seçimləri olduğu təqdirdə, nə iddiaçı, nə cavabdeh və nə də ki, məhkəmə onları hər hansı bir xidmətdən istifadə etmələri üçün müqavilə bağlanmasına məcbur edilə bilməz. Belə ki, Mülki Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Həmin Məcəllənin 390.1 və 390.3-cü maddələrində isə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-293/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar