Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-347/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “elektron qaimələrin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15.02.2022-ci il tarixli, e- 2-2(113)-1308/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “elektron qaimələrin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 05 sentyabr 2018-ci il tarixdən 21 yanvar 2019-cu il tarixədək olan döcr üzrə 3321,3 manat dəyərində olan ona məxsus ********** saylı VÖEN-ə göndərilmiş müxtəlif markalı tütün məmulatlarına dair elektron qaimələrin ləğv edilməsi öhdəliyinin həvalə olunması və cavabdehdən 33 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 150 manat və Mediasiya Şurasına ödənilmiş 20 manat ümumilikdə, 203 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli e-2-2(113)-1308/2022 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin 15.02.2022-ci il tarixli, e-2-2(113)-1308/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin məhkəmə müraciət edildiyi ilk gündən verilmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Bakı Kommersiya Məhkəməsinin 18.02.2022-ci il tarixli, e-2-2(113)-1308/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.02.2022-ci il tarixli, e-2-2(113)- 1308/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən sənəd deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan sənədlər və əqdlər məhkəmə qaydasında mübahisələndirilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, elektron qaimələr özlüyündə hüquqi nəticə yaradan sənədlər olmadığından həmin sənədlər məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı həmin sənədlərə sübut qismində istinad edilərək ona qarşı tələb irəli sürüldüyü halda qeyd edilən elektron qaimələrə etiraz edərək həmin qaimələrin əsassızlığına dair dəlillərini irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.02.2022-ci il tarixli, e-2-2(113)-1308/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15.02.2022-ci il tarixli, e-2-2(113)-1308/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-347/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-347/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver