Məhkəmə qərarları › İş №2-2(103)-347/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-347/2023

01.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-347/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1068/2023 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 6311,56 manat, işsizlikdən sığorta fonduna 159,38 manat, İcbari Tibbi Sığorta Fonduna 346,68 manat olmaqla ümumilikdə 6817,63 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-2-2(113)-1068/2023 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-2-2(113)-1068/2023 saylı qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1068/2023 nömrəli qərardadını ləğv edərək ümumilikdə olan borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən ərizəyə əlavə olunmuş Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda Maraqlı şəxs ünvan 1 ünvanında yaşaması təsdiq olunur. Həmçinin, qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(103)-857/2022 nömrəli qərardadı ilə analoji iş üzrə artıq mövqeyi mövcuddur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Ərizələrin məhkəmələr tərəfindən rədd edilməsi borclu fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən sərbəst giriş-çıxışına, onların vergi ödəməkdən yayınmasına, beləliklə, büdcə daxilolmalarının azalmasına səbəb ola bilər. Göründüyü kimi, ərizəçi vergi orqanı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1068/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-2-2(113)- 1068/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşdəki şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən maraqlı şəxs Nuruyev X1 MR, Naxçıvan şəhəri, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, işə baxılması Bakı Kommersiya Məhkəməsinin səlahiyyətinə aid deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Bakı şəhər, Sabunçu rayonu, İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş “Maraqlı şəxs Sabit Orucov 2-ci döngə özbaşına inşa edilmiş evdə qeydiyyatsız yaşayır” məzmunlu arayışı xx.xx.2019-cu il tarixdə- yəni artıq 3 il əvvəl verildiyindən, arayışda şəxsin qeyd edilən ünvanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilmiş əsaslardan hər hansı biri qeyd edilmədiyindən həmin arayış şəxsin daimi yaşayış yerini müəyyən etməyə imkan verən sübut kimi qəbul edilə bilməz. Şikayət ərizəsində istinad edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(103)-857/2022 nömrəli qərardadı ilə bağlı məhkəmə qeyd edir ki, həmin iş üzrə ölkədən getmək hüququnun məhdudlaşdırılması xahiş olunan maraqlı şəxs Kəlbəcər rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan məcburi köçkün olduğu üçün məhkəmənin mövqeyi işə onun köçkün kimi müvəqqəti məskunlaşdığı yerin məhkəməsi tərəfindən baxılması olmuşdur. Həmin işin halı hazırkı işin halı ilə eyni olmadığından (hazırda maraqlı şəxs məcburi köçkün olmadığından) mübahisələndirilən qərardaddın formalaşmış məhkəmə təcrübəsinə uyğun olmadığı barədə şikayətdə qeyd edilənlər əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-2-2(113)-1068/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-2-2(113)-1068/2023 saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar