Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-347/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6851/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının təşkilati hüquqi forması filial olmaqla yanaşı, əsas fəaliyyət növü binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılmasıdır və rəhbəri Maraqlı şəxsdır.
2. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına xx.xx.2015-ci il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (**********) verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının dövlət büdcəsinə olan 2755,63 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi identifikasiya nömrəsi – xxxxxxx, seriya və nömrəsi – MYİ ******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) dövlət büdcəsinə 2755,63 manat məbləğində (o cümlədən, vergilər üzrə 2217,29 manat, faizlər üzrə 538,34 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********266300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 6851/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin filialının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə onu da qeyd etmişdir k, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.
8. Məhkəmə xüsusilə vurğulamışdır ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi filialın müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir. İnternet Vergi İdarəsinin təqdim etdiyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının müstəqil hüquqi şəxs kimi təşkilati-hüquqi formaya malik olması təsdiqlənmir.
9. Məhkəmə qeyd etmişdir ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisindəki filial və nümayəndəlikləri Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumla eyni qaydada dövlət qeydiyyatına alınır və dövlət reyestrinə daxil edilir. Belə qeydiyyat xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsini və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur. Odur ki, Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı, həmin nümayəndəlik və filialı yaratmış xarici hüquqi şəxs tərəfindən ona verilmiş səlahiyyət çərçivəsində maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olan, məhkəmələrdə öz adından iddiaçı və cavabdeh kimi çıxış edə bilən subyektlər kimi qəbul edilməlidir. Lakin xarici hüquqi şəxsin filialının maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olması, məhkəmələrdə öz adından iddiaçı və cavabdeh kimi çıxış edə bilməsi özü-özlüyündə məhdudiyyətin tətbiq edilməsinin qanuni əsası kimi çıxış edə bilməz. Belə ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının maddi hüquqi əsasını təşkil edən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində və prosessual hüquqi əsaslarını təsbit edən mülki prosessual qanunvericilikdə vergi ödəyicisi olan müəssisənin və ya xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialının deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulduğundan və müvafiq norma hüquqa müdaxilə ilə bağlı olduğu üçün genişləndirici təfsir oluna bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6851/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməməklə “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Belə ki, sözügedən müəssisə qanunveriliklə müəyyən edilmiş müddətdə vergi öhdəliyini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Müəssisənin Nizamnaməsinin 3.3-cü maddəsinə əsasən “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən vergiləri, rüsumları və digər tədiyyələri ödəməlidir. Göründüyü kimi vergiləri ödəmək vəzifəsi məhz hazırkı iş üzrə maraqlı şəxsin rəhbəri olduğu “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına aid edilmişdir. Həmçinin həmin əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə bütün vergilər ödəndikdən sonra filialın əldə etdiyi xalis mənfəət şirkətin göstərişi ilə istifadə olunur. Bu səbəbdən də məhkəmənin ərizəni qətnamədə göstərilən əsaslarla rədd etməsi əsaslı olmamışdır. Müəssisənin adından da məlum olduğu kimi müəssisənin tabe olduğu hüquqi şəxs Türkiyə Respublikasının rezidentidir. Həmin hüquqi şəxs Azərbaycan Respublikasında hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin rəhbəri də hazırkı işdə maraqlı şəxs olan Maraqlı şəxsdır. Belə ki, “Deskyapı Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının təsis sənədlərindən görünür ki, birinci hüquqi şəxsin rəhbəri də həmin şəxsdir. Bu səbəbdən də məhkəmənin ərizəni təmin etməsi heç bir halda genişləndirici təfsir olunmuş sayılmır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Vergi Məcəlləsi 13.1-ci maddəsinə əsasən həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər həmin Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Məcəllənin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. Həmin Məcəllənin 13.2.41 ci maddəsinə əsasən kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6851/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır ki, Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, filial hüquqi şəxs olmadığından filial rəhbərinin ölkədən getmək hüququ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə istinad edilməklə məhdudlaşdırıla bilməz. Belə ki, bu normalarda bütün vergi ödəyicilərinin deyil, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərin rəhbərlərinin borclarına görə hüququn məhdudlaşdırılması nəzərdə tutulur.
19. Ərizəçinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, ərizəçi bu normalarda nəzərdə tutulmuş “Hüquqi şəxs” anlayışının məhkəmə tərəfindən genişləndirici təfsir edilərək hüquqi şəxs olmayan digər vergi ödəyicilərinə də şamil edilməsini xahiş edir.
20. “Normativ hüquqi aktlar” haqqında Qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. 90.4-cü maddəsinə əsasən genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apellyasiya şikayətini əsassız hesab edərək hesab edir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələri işə baxan məhkəmə tərəfindən genişləndirici təfsir edilə və xarici hüquqi şəxsin filialınnın borclarına görə onun xarici ölkənin vətəndaşı olan təmsilçisinin ölkədən getmək (öz ölkəsinə qayıtmaq) hüququna məhdudiyyət qoyula bilməz.
21. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 6851/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6851/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.