Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-348/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1311/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Maraqlı şəxs MMC) məhkəməyə müraciət edərək, üçüncü şəxs və cavabdeh arasında 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli sazişin ləğv edilməsi, 20.440,05 manat gecikdirilmiş əsas borcun və 100 manat məbləğdə ödənilmiş mediasiya xərcinin və 52 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 2 ədəd “Belarus-2022.3” markalı traktor, 1 ədəd “Belarus-1523” markalı traktor, 2 ədəd “SP145” markalı 5 gövdəli kotan, 1 ədəd “SP144” markalı 4 gövdəli kotan, 3 ədəd “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd “2ÖTQ-6” markalı iki oxlu-4 təkərli (sağa və sola boşaldan) traktor qoşqusu, 1 ədəd “LZR-3-juzior” markalı mala lazer, 3 ədəd “GR-04P” markalı dördlü ot dırmığı, 2 ədəd “AKC/DD800H” markalı asma gübrəsəpən, 1 ədəd “KİP-1.5” markalı otbiçən-xırdalayıcı rotorlu qoşulanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırkı mülkiyyətçi olan ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.02.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Qərardadın əsaslarına görə, cavabdehin hüquqi ünvanı İmişli şəhəri N.Nərimanov ev 155-dir, iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı deyil. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli Sazişin tərkib hissəsi olan 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilənin 8-ci bəndinə əsasən, “müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aiddiyyəti məhkəməyə müraciət etməlidirlər.” Hazırda Lizinq verənin, yəni iddiaçının hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov məhəllə 1965 “Çinar Park” X1 1-dir. Bakı Kommersiya Məhkəməsinin 18.02.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsaslıdır. MPM-in 40.2-ci maddəsinə görə, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. İşdən görünür ki, tərəflər yazılı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirmişlər. Belə ki, 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin (müqavilə üzrə hüquq və öhdəliklər 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli sazişlə və sazişə 30.07.2020-ci il tarixli 02 nömrəli əlavə ilə ötürülmüşdür) 8-ci bəndinə əsasən, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aiddiyyəti məhkəməyə müraciət etməlidirlər. 13.01.2021-ci il tarixli **********490500 nömrəli çıxarışdan görünür ki, Lizinq verən iddiaçı Bakı şəhərində yerləşir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1311/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-348/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-348/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver