Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-349/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış № QSZA 224/1118 nömrəli xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ödənilməmiş qalıq 37224,96 manat məbləğində əsas borcun (ƏDV ilə birlikdə), borc ödənilmədiyinə görə bank uçot dərəcəsi kimi hesablanmış 5955,9 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 134136 manat cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun Cavabdeh MMC tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın həcmi həddində Cavabdeh MMC-yə məxsus, adları qeyd olunan 47 adda avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və Baş Dövlət Yol Polis İdarəsinin xüsusi duracağına yerləşdirilməsi, habelə həmin nəqliyyat vasitələrinin Cavabdeh MMC və üçüncü şəxslər tərəfindən istismarına və istifadəsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsinin qismən təmin edilərək Cavabdeh əmlakı üzərinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 37224,96 manat həcmində həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. AR MPM-nin 158.1, 158.1.1- 158.1.3-cü maddələrinə görə, iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və - mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən,Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Sözügedən qərarda, qeyd olunur: “... iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Göründüyü kimi, məhkəmə iddianın təmin edilməsi tədbirini işin faktiki hallarının ilkin araşdırılması nəticəsində gəldiyi qənaətə əsasən seçməlidir. Yəni, iddianın təmin etmə tədbiri o halda seçilir ki, qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən hallar mövcud olsun, həmçinin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının təmini və ya bərpası mümkün olmasın. Lakin hazırki iş üzrə bu kimi ehtimallar müşahidə olunmur. Belə ki, Cavabdeh Azərbaycan Respublikasında sement məhsullarını istehsal edən və satışını həyata keçirən iri müəssisələrdən biridir. Bu baxımdan gələcəkdə qətnamənin Cavabdeh tərəfindən icrasına mane olan hallar mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-395/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmənin iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı MMC-nin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Normanın tələbindən göründüyü kimi, iddianı təmin etmə tədbiri ərizə əsasında görülür və ərizədə iddiaçı qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün hansı iddianı təmin etmə tədbiri görülməli olduğunu qeyd edir. Hazırkı halda iddiaçı iddianı təmin etmə tədbiri olaraq iddia tələbi həcmi həddində Cavabdeh MMC-yə məxsus, adları qeyd olunan 47 adda avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, nəqliyyat vasitələrinin Baş Dövlət Yol Polis İdarəsinin xüsusi duracağına yerləşdirilməsi, habelə həmin nəqliyyat vasitələrinin Cavabdeh MMC və üçüncü şəxslər tərəfindən istismarına və istifadəsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etsə də məhkəmə mübahisələndirilən qərardadı ilə ir\li sürülmüş tələbdən kənara çıxaraq Cavabdeh əmlakı üzərinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 158.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla həbs qoyulmasını qərara alınmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iş üzrə iddianı təmin etmə tədbiri görülməsinin hansı zərurətdən irəli gəldiyi iddiaçı tərəfindən əsaslandırılmadığından ərizə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı MMC-nin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməsin Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-349/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-349/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver