Məhkəmə qərarları › İş №2-2(103)-349/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-349/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-349/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: pulun tutulması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-577/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqısı müqaviləsinə əsasən satıcı satdığı malları alıcıya verməyi, alıcı isə həmin malları qəbul etməyi öhdəsinə götürür

2. Müqavilənin 4.4-cü bəndinə əsasən ödənişlər təqdim edilmiş rəsmi elektron qaimə faktura əsasında bank hesabına köçürmə yolu ilə aparılır.

3. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqısı müqaviləsinə xx.xx.2022-ci il tarixdə 1 saylı Əlavə imzalanmışdır.

4. . İddiaçının elektron vergi sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23877,04 manat (ƏDV daxil olmaqla) elektron qaimə təqdim edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, EBDB 944973 saylı (767 manat) dəyərində elektron qaimə təqdim edilmişdir.

6. Tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə olan borcu 16606,54 manat təşkil edir.

7. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 2542,37 manat, xx.xx.2023-cü il tarixdə 2966,10 manat, xx.xx.2023-cü il tarixdə 1694,15 manat əsas borc ödənilmişdir.

8. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1296,48 manat ƏDV ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 14121,25 manat məbləğində əsas borc və 4256,00 manat məbləğində gecikdirilməyə görə dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilməli olan 1000 manatın və dövlət rüsumuna görə ödənilmiş 196,00 manatın, cəmi 19573,25 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********)(bundan sonra – Satıcı) və Cavabdeh (VÖEN: **********) (bundan sonra – Alıcı) arasında xx.xx.2022-ci il tarixli BM352 saylı alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqavilənin 4.6-cı bəndinə və həminmüqavilənin ayrılmaz tərkib hissəsi sayıln xx.xx.2022-ci il tarixli əlavəsinin 6.2-ci maddəsinə əsasən Satıcı e-qaimələrdə göstərilmiş malları Müqaviləyə görə Alıcıya təhvil verir, Alıcı isə bunun müqabilində Satıcıya həmin e-qaimələrlə təhvil aldığı malların dəyərini üzləşmə aktı tərtib olunduqdan sonra 40 bank günü ərzində ödəyir. Bildirir ki, “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC **********) arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 16606.54 AZN borcu təsdiqlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 767.00 AZN dəyərində marketinq xidmətinə görə E qaimə, 2023-cü ilin 03 mart və 17 mart tarixlərində təhvil verilən mallara görə İddiaçı MMC tərəfindən ümumilikdə, ƏDV daxil 281.71 AZN dəyərində iki ədəd malların təqdim edilməsi Eqaiməsi göndərilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 2000.00 AZN ödəniş edilmişdir. Cari tarixə Cavabdeh MMC-ninİddiaçı MMC-yə ƏDV daxil 14121.25 AZN(16606.54-767.00+2xx.xx-2000.00) borcu ödənilməmiş olaraq qalır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə tərəfimizdən Cavabdeh MMC-nin əməkdaşları ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir, söhbətlər aparılmışdır. Lakin, Cavabdeh MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməməsinə görə iddiaçı şirkət digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (malmaterialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqqlarının ödənilməsi, vergi borcunun ödənilməsi və s.) vaxtında və lazımınca yerinə yetirə bilməsi üçün bankdan illik faiz dərəcəsi 15% olmaqla kredit götürmüşdür və bu borca görə əlavə olaraq 4256 (dörd min iki yüz əlli altı) manat əlavə vəsait ödəmişdir. Həmçinin İddiaçı hazırki mübahisənin həlli ilə bağlı 1000 (bir min) manat xərc (vəkilə ödənilməli xidmət haqqı), 196 (bir yüz doxsan altı) manat məbləğində dövlət rüsumu və digər xərclər çəkməlidir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-577/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 14121,25 manat məbləğində əsas borc, 132,37 manat dövlət rüsumu, ümumilikdə 14253,62 (on dörd min iki yüz əlli üç manat iyirmi beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 63,63 (altmış üç manat altmış üç qəpik) manat dövlət rüsumunun İddiaçı MMCnin özünə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 4256 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir və bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərəcəyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hər hansı şəxsə hüquqi yardımla bağlı vəsait ümumiyyətlə ödənilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının 1000 manat hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulmalı olması barədə tələbini əsassız hesab edir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 14121,25 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 463.1, 567, 598.1, 598.2, 600.1, 600.4-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-577/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı (VÖEN: **********)(bundan sonra – Satıcı) və Cavabdeh (VÖEN: **********) (bundan sonra – Alıcı) arasında xx.xx.2022-ci il tarixli BM352 saylı alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqavilənin 4.6-cı bəndinə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan xx.xx.2022-ci il tarixli əlavəsinin 6.2-ci maddəsinə əsasən satıcı eqaimələrdə göstərilmiş malları müqaviləyə görə alıcıya təhvil verir, alıcı isə bunun müqabilində satıcıya həmin e-qaimələrlə təhvil aldığı malların dəyərini üzləşmə aktı tərtib olunduqdan sonra 40 bank günü ərzində ödəyir. “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC **********) arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 16606.54 AZN borcu təsdiqlənməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 767.00 AZN dəyərində marketinq xidmətinə görə e-qaimə, 2023-cü ilin 03 mart və 17 mart tarixlərində təhvil verilən mallara görə İddiaçı MMC tərəfindən ümumilikdə, ƏDV daxil 281.71 AZN dəyərində iki ədəd malların təqdim edilməsi e-qaiməsi göndərilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 2000.00 AZN ödəniş edilmişdir. Cari tarixə borc qalmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-577/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

26. Apellyator şikayətində bildirmişdir ki, üzləşdirmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 16606.54 AZN borcu təsdiqlənməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 767.00 AZN dəyərində marketinq xidmətinə görə e-qaimə, 2023-cü ilin 03 mart və 17 mart tarixlərində təhvil verilən mallara görə İddiaçı MMC tərəfindən ümumilikdə, ƏDV daxil 281.71 AZN dəyərində iki ədəd malların təqdim edilməsi e-qaiməsi göndərilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 2000.00 AZN ödəniş edilmişdir. Cari tarixə borc qalmamışdır.

27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyator cari tarixə borcunun qalmadığını bildirsə də, iş materiallarına həmin faktı təsdiq edən heç bir sənəd əlavə etməmiş, sadəcə işdəki sənədlərə istinad etmişdir. Bu səbəbdən iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-577/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar