Məhkəmə qərarları › İş №2-2(103)-350/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-350/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-350/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadından cavabdeh “X1" MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.04.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 124467.95 manat gecikdirilmiş əsas borc və 53771.43 manat cərimə, 06.09.2018-cı il tarixli 330-LD/18 nömrəli müqavilə üzrə 322936.60 manat gecikdirilmiş əsas borc və 124308.52 manat cərimə, 05.08.2016-cı il tarixli 239-LD/16 nömrəli müqavilə üzrə 24285.73 manat gecikdirilmiş əsas borc və 18141.44 manat cərimə, 02.04.2018-cı il tarixli 1241-GL/15 nömrəlivə 03.09.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilələr üzrə 65145.01 manat gecikdirilmiş əsas borc və 9072.41 manat cərimə, 27.06.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 299048.00 manat gecikdirilmiş əsas borcunuz və 102274.42 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.143.801,51 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X1” MMC məhkəməyə vəsatət ünvanlayaraq, cavabdehin hüquqi ünvanının ünvan 1 alaraq işin aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı ilə cavabdehin vəsatəti rədd edilmişdir. Həmin qərardaddan cavabdeh “X2” MMC şikayət verərək, qeyd edilən qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aralarında müqavilə bağlanmış lizinq verən ləğv olunmuş və mövcud deyildir. Hazırda “X1” MMC-nə qarşı iddia qaldıran digər tərəf Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. Belə olan halda lizinq verənlə aralarında razılaşdırılmış şərtlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinə və Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsi hazırki mübahisəyə şamil edilmir. İddia qanunvericiliyə uyğun olaraq cavabdehin olduğu yer üzrə qaldırılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli, e-2-2(113)- 884/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcələnin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə””işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarına əlavə olunmuş müqavilələrə əsasən müəyyən olunur ki, tərəflər arasında müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edə bilərlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür. İş materiallarından görünür ki, iddiaçının yerləşdiyi yer Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş baxılmasının Bakı Kommersiya Məhkəməsinin səlahiyyətinə aid olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “X1" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar