Məhkəmə qərarları › İş №2-2(103)-350/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-350/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-350/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMCyə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2139/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cü il tarixli tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən vəkalət alan tapşırıq müqaviləsini imzaladığı vaxtdan “X12” MMC-nin üzvü hesab edilir və futbolçu olaraq "xxxx" FK-nı təmsil edir. Müqavilə xx.xx.2019-cu il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə kimi qüvvədə qalır. 1.2-ci bəndinə əsasən 2019/2020 futbol mövsümündə zədə və cəza səbəbindən buraxılmış oyunları nəzərə almasaq, vəkalət alan digər rəsmi matçların 70% meydana çıxmalıdır. Bu tələb yerinə yetirilməsə vəkalət alan 202/2021 mövsümü üçün qalan bir illik müqavilə müddətini 31 may 2020-ci il tarixinə kimi birdəfəlik şəkildə xitam vermək hüququna sahibdir. 4-cü bəndinə əsasən vəkalət alanın öhdəlikləri: 4.1.1-ci bəndinə əsasən "xxxx" FK-nın furbolçu qismində təmsil edərkən komanda prinsiplərinə və qaydalarına riayət etmək, keçirilən futbol oyunlarında vicdanla oynamaq. 4.1.3-cü bəndinə əsasən idman yarışlarında yalnız klubun göstərişi ilə iştirak etmək. 5.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş vəzifə və xidmətlərin yerinə yetirilməsinə görə vəkalən verən klub tərəfindən vəkalət alan futbolçuya ödəniləcək xidmət haqqı, mükafat və digər ödənişlər aşağıdakı qaydada həyata keçirilir. 5.1.1-ci bəndinə əsasən 01 iyun 2019-cu il tarixdən 31 may 2021-ci il tarixinədək vəkalən verən vəkalət alana toplam 147890 manat məbləğində xidmət haqqı ödəyəcək. 5.1.2-ci bəndinə əsasən müqavilə 01 iyun 2019-cu il tarixində qüvvəyə minir, müqavilə üzrə futbolçunun 2019/2020 mövsümü üçün 31 may 2020-ci il tarixədək ümumi xidmət haqqı 63420 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilir. 5.1.3-cü bəndinə əsasən müqavilə üzrə futbolçunun 2020/2021 mövsümü üçün 31 may 2021-ci il tarixədək ümumi xidmət haqqı 84470 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilir. 5.1.4-cü bəndinə əsasən mükafat və ödənişlər avqust ayından etibarən başlayır: 2.2-ci bəndinə əsasən xidmətlərin tam təfsilatı, təsviri, qiyməti və icra müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunur.

2. Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019- cu il tarixli Tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən “Vəkalət verən” və “Vəkalət alan” xx.xx.2019cu il tarixli Müqavilənin 5-ci bəndinin dəyişdirilərək aşağıda göstərilən redaksiyada müəyyən edilməsi barədə razılığa gəldilər: Müqailənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş vəzifə və xidmətlərin yerinə yetirilməsinə görə, “Vəkalət verən” Klub tərəfindən “Vəkalət alan” futbolçuya ödəniləcək xidmət haqqı, mükafat və digər ödənişlər aşağıdakı qaydada həyata keçirilir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2019/20 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək xidmət haqqı 31. 950 manat təşkil edir. Əgər futbolçu 2019/20 mövsümündə 70 və daha çox % rəsmi oyunlarda(Azərbaycan Çempionatı və ölkə kuboku) meydana çıxsa, o zaman onun ümumi xidmət haqqısı 63 520 təşkil edəcək. Bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6350 (altı min üç yüz əlli) manat ödəniləcək. Müqavilənin 5.1.2-ci bəndinə əsasən mükafat və digər ödənişlər aylıq xidmət haqqına əlavə olunaraq ödənilir, 5.1.4-cü bəndinə əsasən xidmət haqqını müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək sifarişçinin öhdəliyidir.

3. Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019- cu il tarixli Tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən “Vəkalət verən” və “Vəkalət alan” xx.xx.2019cu il tarixli Müqavilənin 5-ci bəndinin dəyişdirilərək aşağıda göstərilən redaksiyada müəyyən edilməsi barədə razılığa gəldilər. Müqavilənin 5.1-ci bəndinə əsasən Hazırkı müqavilə ilə müəyyən edilmiş vəzifə və xidmətlərin yerinə yetirilməsinə görə, “Vəkalət verən” Klub tərəfindən “Vəkalət alan” futbolçuya ödəniləcək xidmət haqqı, mükafat və digər ödənişlər aşağıdakı qaydada həyata keçirilir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2020/21 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32 007,80 manat ödəniləcək. Bu məbləğ 11 aya bölünməklə aylıq 2 909,80 manat ödəniləcək.

4. İşdə olan xx.xx.2021-ci il tarixli “Təsdiq məktubu” adlı sənədinə əsasəb İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, 31 mart 2021-ci il tarixinədək "xxxx" FK MMC-nin ona 31 dekabr 2020-ci il tarixini əhatə edən dövr üzrə heç bir vaxtı ötmüş borcu yoxdur və qeyd olunanlarla bağlı kluba qarşı heç bir iddia tələbi yoxdur.

5. Azərbaycan Respublikası MEM-in xx.xx.2024-cü il tarixli, 4/1573 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş, kommersiya işinin 191-192-ci vərəqlərində olan Cavabdeh MMC ilə İddiaçı Mübariz oğlu arasında imzalanmış xx.xx.20219-cu il tarixli Tapşıqrıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 1 (bir) saylı əlavə müqavilənin 2-ci vərəqində “3.Tərəflərin rekvizitləri” bölməsində “İddiaçı Mübariz oğlu” sözlərinin yuxarısındakı imza işin 193-194-cü vərəqlərində olan Cavabdeh MMC ilə İddiaçı Mübariz oğlu arasında imzalanmış xx.xx.20219-cu il tarixli Tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2019- cu il tarixli 1 (bir) saylı əlavə müqavilənin 2-ci vərəqində “3.Tərəflərin rekvizitləri” bölməsində “İddiaçı Mübariz oğlu” sözlərinin yuxarısındakı imza, işin 212-ci vərəqində olan xx.xx.2021-ci il tarixli təsdiq məktubunda “Əməkdaşın imzası:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən ödənilməmiş 80.000 manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin cavabdeh X6 alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 05 fevral 2019-cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019-cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420,00 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 84470 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə iddiaçıya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı Tapşırıq müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir və iddiaçıya aylıq vergi və digər xərclərdən azad olaraq ilk il üçün 6000 manat ödənilməli idisə 3000 manat ödənilmişdir. İddiaçı hər dəfə öz iradını bildirsə də, ödəniləcəyi bildirilmiş, lakin indiyədək bu məbləğlər ödənilməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin 11.3-cü maddəsinə əsasən, tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. İşlə əlaqədar xx.xx.2023-cü il tarixli iddia ərizəsiylə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişlər. Komitə 07 avqust 2023-cü il tarixli qərar qəbul etmiş və iddianı baxılmamış saxlamışdır. Komitə qərarını belə əsaslandırır ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Komitə məsələyə münasibət bildirərək qeyd edir ki, Müqavilədə 31 may 2021-ci il tarixi öhdəliyin icra müddətidir hesab olunmalıdır. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarının 15.2.3-cü bəndinə əsasən mübahisə predmetinin bağlı olduğu işin baş verməsindən 2 ildən artıq vaxt keçmişsə Komitə iddianı baxılmamış saxlayır. İddiaçı tərəfindən ilk növbədə AFFA-nın X1 müraciət edildiyi və xx.xx.2023-cü il tarixli qərar ilə apellyasiya şikayətiinin icraata qəbul edilməsindən imtina edildiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə tutulduğu qaydada İdman Arbitraj Məhkəməsinə müraciət edilmişdir. İdman Arbitraj Məhkəməsinin 19 fevral 2024-cü il tarixli Qərarı ilə iş icraata qəbul edilməmişdir.

8. Cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi və tərəflər arasında müqavilə münasibətlərinin hüquqi əsasını təşkil edən əsas hüquqi sənəd 5 fevral 2019-cu il tarixli tapşırıq müqaviləsidir. İddiaçı özünün iddia ərizəsində tapşırıq müqaviləsinin 5.1.2-ci və 5.1.3-cü bəndlərinə istinad etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, tapşırıq müqaviləsinin həmin bəndlərinə tərəflərin qarşılıqlı razılığı ilə 2 dəfə dəyişiklik edilmişdir. Tapşırıq müqaviləsində iddiaçının futbolçu kimi cəmi 2 mövsüm – 2019/2020 və 2020/2021-ci illər mövsümündə X8 fəaliyyəti nəzərdə tutulmuşdur. Lakin tərəflər müvafiq mövsümlər başlamadan öncə tapşırıq müqaviləsinin ödənişlə bağlı şərtlərinə dəyişiklik edərək, İddiaçıya ödəniləcək xidmət haqqının yeni məbləğlərini müəyyən etmişlər. Belə ki, tərəflər ilk öncə 2019/2020-ci il mövsümü başlamazdan əvvəl, yəni 13 iyun 2019-cu il tarixdə Tapşırıq Müqaviləsinə 1 nömrəli əlavə razılaşma imzalayaraq tapşırıq müqaviləsinin 2019/2020 mövsümü üzrə xidmət haqqına aşağıdakı qaydada dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: “5.1.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2019/20 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək xidmət haqqı 31.950 manat təşkil edir. Əgər futbolçu 2019/20 mövsümündə 70 və daha çox % rəsmi oyunlarda (Azərbaycan Çempionatı və ölkə kuboku) meydana çıxsa, o zaman onun ümumi xidmət haqqısı 63.520 manat təşkil edəcək. Bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6350 manat ödəniləcək.” Daha sonra, növbəti 2020/2021 mövsümü başlamazdan əvvəl, yəni 26 iyul 2020-ci il tarixində tərəflər Tapşırıq Müqaviləsinə daha bir əlavə razılaşma imzalayaraq , Tapşırıq Müqaviləsinin 2020/2021 mövsümü üzrə xidmət haqqına aşağıdakı qaydada dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: “5.1.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2020/21 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32.007,80 manat ödəniləcək. Bu məbləğ 11aya bölünməklə aylıq 2 909,80 manat ödəniləcək.” İddiaçı 2019/2020 mövsümündə 70% və ya daha çox rəsmi oyunlarda meydana çıxmadığı üçün, ona həmin mövsüm üzrə 63,520 manat deyil, 31,950 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, 2019/2020 və 2020/2021 mövsümü üzrə xidmət haqqı tapşırıq müqaviləsi və ona edilmiş əlavələrdə nəzərdə tutulan məbləğlərdə tam olaraq Cavabdeh tərəfindən İddiaçıya ödənilmişdir. Əlavə Razılaşmaların hüquqi qüvvəsi – Notarial təsdiq tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllədə, eləcə də digər qanunvericilik aktlarında tapşırıq müqaviləsinin notarial qaydada imzalanması ilə bağlı hər hansı bir tələb yoxdur. Həmçinin, əsas müqavilə notarial qaydada imzalandıqda həmin müqaviləyə əlavə və dəyişikliklərin də notarial qaydada imzalanması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb yoxdur. Tapşırıq Müqaviləsinin 11.1-ci bəndinə əsasən, “Bu müqavilənin şərtlərində nəzərdə tutulmayan digər şərtlər hər iki tərəfin qarşılıqlı razılığına əsasən müqaviləyə əlavə edilə bilər. Birtərəfli qaydada müqaviləyə əlavə və dəyişikliklər edilməsinə yol verilmir. Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı ilə edilən əlavələr onun ayrılmaz tərkib hissəsi hesab olunur”. Göründüyü kimi, tapşırıq müqaviləsi notarial qaydada təsdiqlənsə də, tapşırıq müqaviləsində müqaviləyə ediləcək əlavə və dəyişikliklər üçün notarial təsdiq tələbi müəyyən edilməmişdir. Əksinə, “tərəflərin qarşılıqlı razılığı” həmin əlavələrin bağlanması üçün yetərli hesab edilmişdir. Beləliklə, nə qanunvericilikdə, nə də tapşırıq müqaviləsində əlavə razılaşmaların notarial qaydada imzalanması ilə bağlı hər hansı tələb, habelə bu tələbə riayət olunmamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. İddiaçı X9 tərəfindən təqdim edilən 4 sentyabr 2023-cü il tarixli 287 nömrəli məktubu təqdim edərək, Tapşırıq Müqaviləsinə edilən əlavələrin PFL-də qeydiyyata alınmamasını və bu səbəbdən hüquqi qüvvəyə malik olmadığını əsaslandırmağa cəhd edir. Bununla əlaqədar olaraq bildiririk ki, PFL tərəfindən təqdim olunan “Tapşırıq Müqaviləsinə hər hansı əlavə və dəyişikliyin PFLin arxivində aşkarlanmaması” barədə məktub həmin əlavələrin etibarsız olduğunu və ya hüquqi qüvvəsinin olmadığını göstərmir. Həmin ödənişlərlə bağlı isə İddiaçının Cavabdehə qarşı hər hansı pretenziyası, etirazı və ya tələbi olmamışdır. Bundan əlavə, İddiaçı 30 mart 2021-ci il tarixli təsdiq məktubunda Cavabdehin ona heç bir borcunun qalmadığını və İddiaçının Cavabdehə qarşı hər hansı iddia tələbinin olmadığını öz imzası ilə təsdiq etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-7029/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Peşəkar X2maqla) qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia edir ki, X11 MMC ilə İddiaçı arasında 05 fevral 2019-cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019-cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 84470 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə iddiaçıya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıya ödəniləcək hərhansı borc qalmamışdır. Belə ki, tərəflərin əməkdaşlığı dövründə iddiaçı ilə cavabdeh arasında müqaviləyə iki dəfə yazılı dəyişikliklər edilmiş, ödənilən məbləğlər yenidən razılaşdırılımışdır. Yeni giymətlər üzrə də iddiaçıya bütün ödənişlər edilmişdir. Və iddiaçı da yazılı təsdiq məktubunda cavabdehin ona borcunun olmadığını təsdiq etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilib ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən xidmət haqqı aşağıdakı kimi müəyyən edilmişdir: futbolçunun 2019/2020 mövsümü üçün 31 may 2020-ci il tarixədək ümumi xidmət haqqı 63420 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilir. Futbolçunun 2020/2021 mövsümü üçün 31 may 2021-ci il tarixədək ümumi xidmət haqqı 84470 manat təşkil edir. Bu məbləğ on aya bölünməklə futbolçuya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilir. Sonradan müqaviləyə edilmiş birinci dəyişikliklərə əsasən futbolçuya “31” may 2020-ci il tarixədək xidmət haqqı 31. 950 manat, ikinci dəyişikliyə əsasn futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32 007,80 manat müəyyən edilmişdir. Və müqavilə üzrə xidmət haqqı məbləğinə edilmiş dəyişikliklərə əsasən ödənişlərin bütün dövr üzrə iddiaçıya edilməsi, tərəflərin verdiyi izahatlarına əsasən, işin mübahisə edilməyən halıdır. Lakin, cavabdeh tərəfindən məhkəməyə müqavilə giymətinə edilmiş iki dəyişiklik Əlavələri (xx.xx.2019 və xx.xx.2020-ci il tarixli) təqdim edildikdən sonra iddiaçı tərəf həmin Əlavələrin mövcüdluğunu inkar etmiş və həmin Əlavələrdə olan imzaların iddiaçıya məxsusluğunu mübahisələndirmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə xətşunaslıq ekspertizası təyin edilmiş və rəyə əsasən hər üç sənəddə (iki Əlavə və Təsdiq Məktubu) olan imzalanın iddiaçıya məxsusluğu təsdiq edilmişdir. Digər tərəfdən iddiaçı tərəf onu da bildirmişdir ki, imzalar iddiaçıya məxsus olsa da, müqaviləyə Əlavələrdən görünür ki, Əlavələrin yalnız ikinci səhifəsi iddiaçı tərəfindən imzalanmışdır, birinci səhifədə tərəflərin imzası yoxdur, lakin dəyişikliklərin məzmunu elə məhz əlavələrin birinci səhifəsindədir. İddiaçı tərəfin bu arqumentinə dair məhkəmə qeyd edir ki, birincisi, iddiaçının əlavələrin ikinci səhifəsinin birinci səhifəsinə aid olmamasını təsdiq edən (əslində iddiaçının bu cür dəyişiklikləri deyil, başqa sənədi imzalanmasına dair) hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, əgər iddiaçı iddia edirsə ki, imzaladığı sənədlər müqavilə qiymətinin azalması ilə bağlı olmamışdır – o zaman, imzaların olduğu ikinci səhifələrinin əslində hansı sənədə aid olmasına dair sübutunu məhkəməyə təqdim etməli idi, edə bilməmişdir. İkincisi, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfin bu cür arqumentləri məhkəmə üçün inandırıcı olmamışdır, belə ki, məhkəmənin “əgər müqavilə qiymətinin azalmasına dair tərəflərin yazılı razılı olmamışdırsa, o zaman nəyə görə bütün bu dövr ərzində cavabdehin xidmət haqqının ödənişlərinə (dəyişikliklərdə göstərilən məbləğlərdə edilən) dair iddiaçı tərəfindən hər hansı etiraz edilməmiş, pretenziya göndərilməmişdir” sualına iddiaçı tərəf əsaslı və sübutlu cavab verə bilməmişdir. Əksinə, iddiaçı, xx.xx.2021-ci il tarixli “31 mart 2021-ci il tarixinədək "xxxx" FK MMC-nin ona 31 dekabr 2020-ci il tarixini əhatə edən dövr üzrə heç bir vaxtı ötmüş borcu yoxdur və qeyd olunanlarla bağlı kluba qarşı heç bir iddia tələbi yoxdur” məzmunlu “Təsdiq məktubu”nu imzalamışdır. Məhkəmə həmçinin iddiaçının nümayəndəsinin tərəflər arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edildiyinə, müqaviləyə Əlavələrin isə sadəcə yazılı qaydada tərtib edilərək notariat qaydada təsdiq edilməməsinə istinad edərək inkar etməsini tamamilə əsassız hesab edib. Belə ki, Mülki qanunvericilikdə bu növ müqavilələrin və ona əlavə/dəyişikliklərin notarial qaydada təsdiq edilməsinə dair imperativ norma mövcüd deyildir. Bundan əlavə, hətta bu cür tələb mövcüd olmuş olsaydi belə, Müqaviləyə həmin Əlavələr iddiaçı tərəfindən bəyənilmiş/qəbul edilmiş, iddiaçı tərəfindən həmin Əlavələrdə göstərilən məbləğlərdə xidmət haqqı qəbul edilmiş və illər ərzində cavabdehə məbləğlə bağlı hər hansı etiraz bildirilməmişdir.

11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2139/2024-060 saylı qətnaməsinin ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən məhkəmənin gedişində istər maddi, istərsə də prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur. Belə ki, ilk növbədə işi icraata qəbul etməyərək baxılmamış saxlanılma haqqında 17 aprel 2024-cü il tarixli əsassız qərardad qəbul etmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Bundan sonra məhkəmə işə baxmağa davam etmişdir. Bundan əlavə proses zamanı cavabdeh tərəfindən etiraz AR MPM-nin 154.1-ci maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Beləki, iddiaçı 26 fevral 2024-cü il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən 01 mart 2024-cü il tarixində qeydiyyata alınmışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən 07 mart 2024-cü il tarixində pul” tələbinə dair işin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü barədə qərardad qəbul edərək cavabdehə məhkəmə bildirişinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını (iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalı, iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməli, iddiaya etirazda göstərilən bütün sübutların siyahısı təqdim edilməli olduğu bildirilmişdir. 14 avqust 2024-cü il tarixində cavabdehin vəkili MPM-nin 259.0.5-ci maddəsinin tələblərinə istinad edərək etiraz təqdim etmişdir. Belə bir etirazın təqdim edilməsinin heç bir hüquqi əsası yoxdur. AR MPM-nin 154.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu maddənin tələblərindən də aydın olur ki, İddia ərizəsinə etiraz AR MPMnin 154-cü maddəsinə əsasən iddia ərizəsinin surətinin aldığı vaxtdan 20 gün ərzində edilməli idi. 07 mart 2024-cü il tarixindən 14 avqust 2024-cü il tarixinədək 5 ay aydan artıq vaxt keçmişdir. Eyni zamanda məhkəmə prosesi gedişində iddiaçı tərəfindən iki dəfə 30 avqust 2024-cü il tarixində və 13 noyabr 2024-cü il tarixlərində sənədlərin məhkəmətexniki ekspertizasının keçirilməsi ilə bağlı təqdim etdiyi vəsatətləri təmin etməmişdir. Halbuki bu işin tam hərtərəfli araşdırılması və obyektiv nəticəyə gəlmək üçün vacib əhəmiyyət kəsb edən hallardan biri idi. Məhkəmə əsassız olaraq vəsatətləri təmin etməmişdir. Bundan əlavə olaraq iddiaçı ekspertizanın rəyi ilə razı olmamış və 14 noyabr tarixində təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsi eyni zamanda sübutları tətqiq edərkəndə yalnış nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş Tapşırıq müqaviləsinə əlavə olaraq təqdim edilmiş sənədlərin birinci səhifəsində hansı ki o hissədə müqaviləyə əlavə edilmiş bəndin mətni öz əksini tapmışdır həmin hissələrdə iddiaçının hər hansı bir imzası olmamışdır. İkinci səhifədə imzaya gəldikdə isə bildirmək istərdilər ki bu imza iddiaçıya aid olsa belə hansı məsələ ilə bağlı tərəflərin müqaviləyə dəyişiklik etdikləri məlum deyildir. İddiaçı ümumiyyətlə müqaviləyə hər hansı bir əlavənin imzalanmadığını bildirmişdir. Məhkəmə qətnaməsinin 39-cu maddəsində də AR Mülki Məcəlləsinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bununla bağlı qeyd edirlər ki, tapşırıq müqaviləsinin özü də notarial qaydada bağlanmış və eyni zamanda X9 tərəfindən imzalanmışdır. Müqaviləyə əlavə və dəyişikliklərdə eyni formada bağlanmalı idi. Eyni zamanda iddiaçı tərəfindən etirazın edilməməsinə gəldikdə isə iddiaçı dəfələrlə cavabdehə şifahi formada etirazını bildirmişdir. Eyni zamanda da artıq 05 iyul 2023- cü il tarixində də rəsmi olaraq Pretenziya Məktubu ilə cavabdehə müraciət etmişdir. Bundan Əlavə olaraq təqdim edilmiş 13 iyun 2019-cu il tarixli və 26 iyul 2020-ci il tarixli Əlavə müqavilələrin hər ikisinin başlığında 1 Saylı Əlavə olduğu qeyd edilmişdir. Əgər belə bir əlavələr olsaydı belə o zaman 13 iyun 2019-cu il tarixli Əlavə 1 saylı Əlavə olmalı , 26 iyul 2020-ci il tarixli Əlavə isə 2 saylı Əlavə olaraq göstərilməli idi. Həmçinin 26 iyul 2020-ci il tarixli Əlavə də 5-ci maddənin aşağıdakı redaksiya verildiyi göstərilmişdir. “5.1.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir, müqavilə üzrə 2020/21 mövsümü üçün futbolçuya “31” may 2020-ci il tarixədək ümumi xidmət haqqı 32 007,80 manat ödəniləcək. Bu məbləğ 11 aya bölünməklə aylıq 2 909,80 (iki min doqquz yüz doqquz manat səksən qəpik) manat ödəniləcək.” Yuxarıda qeyd edilən maddə də görünür ki 31 may 2020-ci ilədək qeyd edilir necə olur ki, 26 iyul tarixində keçmiş dövrü əhatə edən razılaşma imzalana bilər. Buradan da aydın olur ki, 26 iyul 2020-ci il tarixli əlavə tamamilə etibarsız bir sənəddir. Eyni zamanda 31 mart 2021-ci il Təsdiq Məktubuna məhkəmə istinad etmişdir. İş materiallarında olan ekspert rəyində də ekspert həmin məktubda olan əlyazmalarının iddiaçıya aid olmadığı qeyd edilmişdir. Buradan da görünür ki bu sənədin iddiaçıya aidiyyatı yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

14. Etiraz onunla əsaslandırlımışdır ki, iddiaçı Tapşırıq Müqaviləsinə edilmiş 13 iyun 2019-cu il tarixli 1 saylı əlavə razılaşmanın və 26 iyul 2020-ci il tarixli 2 saylı əlavə razılaşmanın birinci səhifəsində iddiaçının imzasının olmadığını əsas gətirərək, (a) həmin Əlavə Razılaşmaların mövcud olmadığını, (b) İddiaçının ümumiyyətlə Tapşırıq Müqaviləsinə hər hansı bir əlavəni imzalamadığını, və (c) imza İddiaçıya aid olsa belə, tərəflərin hansı məsələ ilə bağlı Tapşırıq Müqaviləsinə dəyişiklik edib- etmədiklərinin ona məlum olmadığını iddia edir. Bununla bağlı qeyd edirlər ki, qanunvericilikdə müqavilənin bütün səhifələrində tərəflərin imzasının olması ilə bağlı hər hansı məcburi göstəriş yoxdur. Ümumi praktika ondan ibarətdir ki, müqavilə tərəfləri öz imzalarını müqavilə mətnin sonunda əlavə edirlər. Əlavə Razılaşmalarda da tərəflərin imzalan razılaşma mətninin bitdiyi yerdə, yəni ikinci səhifədə qoyulmuşdur. Belə olan halda Əlavə Razılaşmaların birinci səhifələrində imzaların olmaması tərəflərin həmin sənədi imzalamadığını hesab etməyə əsas vermir. İddiaçının Əlavə Razılaşmalar qüvvəyə mindikdən sonra dəyişdirilmiş şərtlər əsasında hərəkət etməsi, azaldılmış məbləğ əsasında xidmət haqqını qəbul etməsi və xidmətlər göstərməyə davam etməsi və buna dair heç bir etiraz etməməsi onun Əlavə Razılaşmaları imzaladığını sübut edir. İddiaçı ümumiyyətlə müqaviləyə hər hansı bir əlavə razılaşma imzalamadığını iddia etsə də, ekspert rəyi ilə Əlavə Razılaşmalarda olan imzaların məhz İddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. İddiaçının imzasının olduğu ikinci səhifədə “2.1. X7 xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur” məzmunlu bənd vardır. Bu fakt da birmənalı olaraq sübut edir ki, İddiaçı ikinci səhifəni imzalayanda həmin sənədin Tapşırıq Müqaviləsinə əlavə olduğunu bilirdi. Belə olan halda İddiaçının müqaviləyə heç bir əlavəni imzalamadığını iddia etməsi tam şəkildə təkzib edilmiş olur. Əlavə Razılaşmalardakı imzaların İddiaçıya məxsus olmasının ekspert rəyi ilə təsdiq edilməsinə baxmayaraq, İddiaçı Əlavə Razılaşmanın hansı məsələ ilə bağlı imzalanmasının məlum olmadığını iddia edir. Buna baxmayaraq, İddiaçı Əlavə Razılaşmaların ikinci səhifəsinin birinci səhifəsinə aid olmamasını təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, əgər İddiaçı imzaladığı sənədlərin müqavilə qiymətinin azaldılması ilə bağlı olmadığını iddia edirsə, bu halda imzaların olduğu ikinci səhifənin əslində hansı sənədə aid olmasına dair sübutunu məhkəməyə təqdim etməli idi. Lakin İddiaçı məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmiş, yalnız imzaların olduğu ikinci səhifənin birinci səhifəyə aid olmamasım iddia etməklə kifayətlənmişdir. İddiaçı Mülki Məcəllənin 423.1-ci maddəsinə istinad edərək, əlavə Razılaşmaların da tapşırıq müqaviləsi ilə eyni qaydada, yəni notarial formada bağlanılmalı olduğunu və X9 tərəfindən də imzalanmalı olduğunu iddia edir. Bununla əlaqədar qeyd edir ki, Mülki Məcəllədə, eləcə də digər qanunvericilik aktlarında tapşırıq müqaviləsinin notarial qaydada imzalanması, həmçinin, əsas müqavilə notarial qaydada imzalandıqda həmin müqaviləyə əlavə və dəyişikliklərin də notarial qaydada imzalanmalı olması ilə bağlı hər hansı bir tələb yoxdur. İddiaçı tərəfindən Mülki Məcəllənin istinad edilən maddəsinə mətninə əsasən, “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır”. Tapşırıq Müqaviləsinin 11.1-ci maddəsi müqaviləyə dəyişikliklərin edilməsi qaydasını aşağıdakı məzmunda müəyyən edir: “Bu müqavilənin şərtlərində nəzərdə tutulmayan digər sərtlər hər iki tərəfin qarşılıqlı razılığına əsasən müqaviləyə əlavə edilə bilər. Birtərəfli qaydada müqaviləyə əlavə və dəyişikliklər edilməsinə yol verilmir. Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı ilə edilən əlavələr onu ayrılmaz tərkib hissəsi hesab olunur”. Göründüyü kimi, Tapşırıq Müqaviləsində müqaviləyə əlavə və dəyişikliklər edilməsinin qaydası olaraq “hər iki tərəfin qarşılıqlı razılığı” müəyyən edilmiş və hər hansı notarial təsdiq tələbi nəzərdə tutulmamışdır. İddiaçı əlavə razılaşmalarda mövcud olan bəzi texniki səhvləri əsas gətirərək, həmin sənədlərin etibarsız olduğunu iddia edir. Bununla bağlı qeyd edir ki, müqaviləyə 2 saylı Əlavənin başlığında “1 Saylı Əlavə” olduğu qeyd edilməsi tamamilə texniki səhv olmaqla, həmin sənədin etibarsız hesab edilməsi üçün əsas deyildir. Müqaviləyə 2 saylı Əlavənin 5-ci maddəsində “31 may 2020-ci il tarixədək” qeyd edilməsi də eyni qaydada texniki səhvdir və həmin sənədin etibarsız hesab edilməsi üçün əsas deyildir. Sözügedən 5.1.1-ci bənddə ödənişin 2020/2021 mövsümü üçün nəzərdə tutulduğu qeyd olunur. Bu isə “31 may 2020-ci il tarixədək” ifadəsinin texniki səhv olduğunu açıq şəkildə göstərir. İddiaçı qeyd edilən texniki səhvləri əsas gətirərək, Əlavə Razılaşmaların bütövlükdə etibarsız hesab edilməli olduğunu iddia edir. Lakin bu cür texniki xətalar əhəmiyyətsiz olmaqla, Əlavə Razılaşmaların hüquqi qüvvəsinə təsir etmir. Mülki Məcəllənin 404-cii maddəsinə əsasən, müqavilə təfsir edilərkən söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İddiaçı ekspert rəyinə əsasın təsdiq məktubunda olan əlyazmaların İddiaçıya məxsus olmaması ilə bağlı rəyini əsas götürərək, təsdiq məktubunun İddiaçıya aidiyyətinin olmadığını iddia edir. İlk növbədə qeyd edir ki, iddiaçı həmin ekspert rəyində imzanın məhz İddiaçıya məxsus olmasının təsdiqlənməsinə dair hər hansı münasibət bildirmir. Məktubdakı əlyazmanın iddiaçıya məxsus olmaması həmin sənədin İddiaçı tərəfindən imzalanmadığını göstərmir. Əksinə, ekspert öz rəyində imzanın İddiaçıya, əlyazmanın isə başqa şəxsə məxsus olduğunu qeyd etmişdir. İddiaçı təsdiq məktubunda öz imzasının olması ilə əlaqədar heç bir münasibət bildirməmişdir. Əlyazma başqa şəxsə məxsus olsa da, iddiaçı onun mətni ilə tanış olmuş və onu imzalamışdır. Bundan əlavə, qanunvericilikdə Əlavə Razılaşmaların notarial qaydada imzalanmasına dair tələb olmuş olsaydı belə, bu Əlavə Razılaşmaların etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Belə ki, Tapşırıq Müqaviləsinə edilmiş əlavələr İddiaçı tərəfindən bəyənilmiş, qəbul edilmiş, həmin Əlavə Razılaşmalarda müəyyən edilən məbləğdə xidmət haqqı haqqı tərəflər arasında müqavilə münasibətləri bitənə İddiaçı tərəfindən qədər qəbul edilmiş, İddiaçı bütün bu müddət ərzində müqavilə üzrə xidmətləri göstərməyə və davam etmiş və Cavabdehə bununla bağlı hər-hansı bir etiraz bildirməmişdir. İddiaçı dəfələrlə Cavabdehə şifahi formada etirazını bildirdiyini və 5 iyul 2023-cü il tarixində də rəsmi olaraq pretenziya məktubu ilə Cavabdehə müraciət etdiyi bildirərək, güya İddiaçının Əlavə Razılaşmaların şərtləri ilə heç vaxt razılaşmadığını iddia etməyə çalışır. Bununla əlaqədar qeyd edir ki, İddiaçı Cavabdehə heç vaxt nə yazılı, nə də İddiaçının qeyd etdiyi kimi şifahi formada etirazını bildirməmişdir. İddiaçının şifahi formada etirazlar etməsi ilə bağlı iddiası ilə tamamilə əsassızdır və İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Əksinə, İddiaçı, 30 mart 2021-ci il tarixli “27 mart 2021-ci il tarixinədək "xxxx" FK MMC- nin ona 31 dekabr 2020-ci il tarixini əhatə edən dövr üzrə heç bir vaxtı ötmüş borcu yoxdur və qeyd olunanlarla bağlı kluba qarşı heç bir iddia tələbi yoxdur” məzmunlu təsdiq məktubunu imzalamışdır. Cavabdehə bütün bu illər ərzində, yəni müqavilənin qüvvədə olduğu 2019-2021-ci illər ərzində, habelə müqavilə qüvvədən düşdükdən sonrakı daha 2 il ərzində hansı səbəbdən etiraz etmədiyi ilə bağlı suala cavab olaraq, İddiaçı 5 iyul 2023-cü il tarixində, yəni Tapşırıq Müqaviləsi qüvvədən düşdükdən 2 il sonra cavabdehə pretenziya məktubu göndərdiyini qeyd etməklə kifayətlənmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: - 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. -777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisləndirildiyindən qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki. iddiaçı Cavabdeh MMC (vəkalət verən) ilə cavabdeh İddiaçı (vəkalət alan) arasında 05 fevral 2019-cü il tarixli tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 2019/2020 və 2020/2021 mövsümlərində futbolçu olaraq "xxxx" MMC-ni təmsil etmiş, rəsmi matçlarda iştirak etmiş, bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya xidmət haqqı ödənilmişdir. Həmin müqaviləyə əsasən tərəflər 01 iyun 2019-cu il tarixindən 31 may 2021-ci il tarixinədək İddiaçı cəmi 147890 manat olmaqla 2019/2020 mövsümü üçün 31 may 2020ci il tarixinədək 63420 manat, 2020/2021 mövsümü üçün 31 may 2021-ci il tarixinədək 84470 manat məbləğində xidmət haqqı ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Sonradan müqaviləyə edilmiş əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli əlavə müqavilələrə əsasən müqavilənin 5-ci bəndinə (ödəniş) dəyişiklik edilərək iddiaçıya ödənilməli olan xidmət haqqı 2019/2020 mövsümü üçün 31950 manat, futbolçu 70 və ya daha çox faiz rəsmi oyunlarda iştirak edərsə 63.520 manat; 2020/2021 mövsümü üçün 32007,80 manat məbləğində müəyyənləşdirilmişdir. Hazırda İddiaçı iki mövsüm üçün nəzərdə tutulmuş 147890 manat məbləğində xidmət haqqının tam ödənilmədiyini əsas göstərərək ödənilməmiş 80000 manat xidmətin haqqının cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqaviləyə edilmiş dəyişikliklərə istinad edərək xidmət haqqının tamamilə ödənildiyini iddia edir və iddia tələbinin rədd edilməsini xahiş edir.

22. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın qanuni əsaslarını AR Mülki Məcəlləsinin 777.1-ci və 783.2-ci maddələri təşkil edir.

23. İşin mübahisəli hallarını tapşırıq müqaviləsinə əlavələrin bağlanıbbağlanmaması və etibarlı olub-olmaması təşkil edir. Bununla bağlı kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı sözügedən əlavələrdəki imzanın onun tərəfindən icra edilməsi faktını mübahisələndirmiş, bununla bağlı iş üzrə məhkəməxətşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsinə (mülki hüquqi müqavilə) əlavə və dəyişiklərin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əlavənin, xx.xx.2020-ci il tarixli əlavənin 2-ci vərəqlərindəki imzaların İddiaçı məxsus olduğu müəyyən edilmişdir. İddiaçı müqaviləyə Əlavələrin yalnız ikinci səhifəsinin onun tərəfindən imzalandığını, Əlavələrin birinci səhifəsinin, yəni dəyişikliklərin məzmununun yer aldığı səhifəsinin imzalanmadığını qeyd etsə belə, mübahisəli əlavələrin ikinci səhifəsinin birinci səhifəsinə aid olmamasını təsdiq edən (əslində iddiaçının bu cür dəyişiklikləri deyil, başqa sənədi imzalanmasına dair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə işin mübahisəsiz hallları həmçinin ondan ibarətdir ki, mübahisəli müqavilə üzrə xidmət haqqı ödənişləri əlavə müqavilələrdə müəyyən edilmiş məbləğlərdə aparılmış və müqavilənin qüvvədə olduğu müəddət ərzində iddiaçı ödənişlərin tam ödənilməməsi ilə bağlı etiraz etməmişdir. Bundan əlavə iddiaçı xx.xx.2021ci il tarixli təsdiq məktubunu imzalamaqla həmin tarixədək olan dövr üçün cavabdehin ona heç bir borcunun olmaması faktını təsdiq etmişdir. Göstərilən hallar məcmu şəkildə iddiaçının müqaviləyə edilmiş əlavələrin məzmunundan məlumatlı olmaması və həmin əlavələri deyil, başqa sənədləri imzalaması barədə dəlillərinin əsassızlığına dəlalət edir.

24. Bununla yanaşı xx.xx.2020-ci il tarixli əlavənin nömrəsinin “2” olmalı olduğu halda “1” göstərilməsi, eləcə də həmin əlavədə xidmət haqqının xx.xx.2021-ci il tarixədək ödənilməli olması əvəzinə “xx.xx.2020-ci il tarixədək” ödənilməli olmasının göstərilməsi barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, əlavələrin mətnində yol verilmiş texniki səhvlər Mülki Məcəllənin 347.6-cı maddəsinə əsasən əqd barəsində mübahisə etməyə hüquq vermir.

25. Mübahisəli əlavələrin X4 qeydiyyata alınmaması ilə bağlı dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, futbolistlərlə klublar arasında bağlanmış müqavilələrin və onlara əlavələrin qeydiyyata alınması tələbi qanunvericilikdən irəli gəlmir. Odur ki, həmin qeydiyyatın aparılmaması sözügedən əlavələrin Mülki Məcəllənin şərtləri pozulmaqla bağlanmış əqdlər kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz.

26. Bundan başqa tapşırıq müqaviləsindən fərqli olaraq həmin müqaviləyə əlavələrin notarial qaydada təsdiq edilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki qanunvericilikdə tapşırıq müqaviləsinin və belə olan halda həmin müqaviləyə əlavə və dəyişiklərin notarial qaydada təsdiq edilməli olması barədə imperativ norma nəzərdə tululmamış, eləcə də tərəflər müqaviləyə əlavə və dəyişikliklərin notarial formada təsdiq edilməli olması barədə razılaşmamışlar. Əksinə müqavilənin 11.1ci bəndində bu müqavilənin şərtlərində nəzərdə tutulmayan digər şərtlərin hər iki tərəfin qarşılıqlı razılığına əsasən müqaviləyə əlavə edilməsi imkanı nəzərdə tutulmuş və bu imkan əlavələrin notarial qaydada təsdiq edilməsi ilə şərtləndirilməmişdir.

27. Digər tərəfdən o da qeyd edilməlidir ki, mübahisəli əlavələr tərəflərin qarşılıqlı razılığına əsasən bağlanmış, müqavilənin qüvvədə olduğu müddət ərzində (iki il) müqavilə üzrə xidmət haqları həmin əlavələrdə göstərilən məbləğlərdə ödənilmiş, yəni mübahisəli əlavələr iki il ərzində faktiki icra edilmiş və cavabdeh tərəfindən həmin müddət ərzində buna hər hansı bir etiraz edilməmişdir.

28. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı mübahisəli əlavələri imzalamaqla, eləcə də müqavilənin qüvvədə olduğu və icra edildiyi müddətdə xidmət haqqının əlavələrdə müəyyən edilmiş qiymətlərə əsasən ödənilməsinə etiraz etmədən həmin ödənişləri qəbul etməklə əlavələrdə müəyyən edilmiş xidmət haqqı məbləği ilə razılaşması barədə iradəsini ifadə etmişdir. Belə olan halda isə iddiaçının müqavilə müddəti bitdikdən 3 il sonra sözügedən əlavələri mübahisələndirməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipinin, eləcə də estoppel prinsiplərinin tələblərinə cavab vermir və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

29. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

30. Cavabdeh tərəfindən iddiaya etirazın MPM-də nəzərdə tutulmuş 20 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, 20 günlük müddət keçdikdən sonra təqdim edilmiş etirazın birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməsi və nəzərə alınması düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual pozuntu olmadığından qətnamənin ləğv edilməsi üçün əsas vermir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i :

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2139/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar