Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-352/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-544/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC Cavabdeh Firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1864,40 manat məbləğində xidmət haqqının, 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 1894,40 manat məbləğində pulun Cavabdeh firmasından iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında cavabdehə məxsus obyektlərin mühifizəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə FGSG/RDM-1/33 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən obyektin mühafizə qiyməti hər ay üçün ƏDV-siz 700 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə ilə ətərəflər xx.xx.2019-cu il tarixdən etibarən isə mühafizə obyektində əlavə mühafizə postunun açılması səbəbindən hər ay üçün obyektin mühafizə qiymətinin ƏDV-siz 1400 manat məbləində təsbit edilməsi ilə bağlı razılığa gəlmiş və müqavilənin 2.5-ci bəndinə əsasən müəyyən edilmiş xidmət haqqının ödənişi icraçının təqdim etdiyi hesab fakturaya əsasən sifarişçi tərəfindən obyektlərin mühafizəyə götürüldüyü gündən 5 bank günü ərzində ödənilməsi nəzərədə tutulmuşdur. 2019-cu ilin iyul ayınadək xidmət haqqı ödənişləri vaxtında və tam həcmdə ödənilsə də, 2019-cu ilin iyul və avqust ayları üzrə xidmət haqqı ödənişləri cavabdeh tərəfindən həyata keçirilməmiş 2019-cu ilin iyul ayı üçün ƏDV-siz 1400 manat, 2019-cu ilin avqust ayı üçün müqaviləyə xidmət verilmə tarixinədək (xx.xx.2019-cu ilin tarixədək-4 gün) ƏDV-siz 180 manat (1400 manat/31 günx 4 gün), cəmi, ƏDV daxil 1864,40 manat ödənilməmiş xidmət haqqı borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və pretenziya göndərilməsinə baxmayaraq borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Cavabdeh tərəfi birinci instansiya məhkəməsində işə baxılarkən etirazında iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, iddiaçının mühafizə etdyi ərazidə mühafizə xidmətinin düzgün təşkil olunmamasının nəticəsi olaraq oğurluq hadisəsinin baş vermiş, yol verilən bu məsuliyyətsizlik nəticəsində şirkətə dəymiş zərərin qarşılığında, ödənilməsi tələb olunan məbləğ zərərin müəyyən hissəsini qarşılamaq məqsədi ilə saxlanılıb əvəzləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-544/2020saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixli, FGSG/RDM-1/33 nömrəli müqavilə üzrə cavabdeh “xxxx” Firmasından 1864,40 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 1894,40 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməni ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı ərəfəsində iddia tələbinin əsassız olduğunu sübuta yetirən dəlillər təqdim edilməsinə baxmayaraq məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, qanuna və haqq-ədalət anlayışına zidd olan qərar qəbul edilmişdir. Belə ki, tərəflər arasında “obyektlərin mühafizə olunmasına dair” xx xxxxxx 2018-ci il tarixli, FGSG/RDM 1833 saylı müqavilə imzalanmış və həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə obyektin mühafizə olunması öhdəliyi iddiaçı şirkətə həvalə edilmişdir. Lakin iddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə xx.xx.2019-cu il tarixində firmamıza aid – Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksi tikintisinin həyata keçirildiyi sahədə yerləşən “PVC Sexi”ndə oğurluq hadisəsi baş vermiş və “xxxx” Firması maddi zərərə uğramışdır. Qeyd edim ki, oğurluq olan ərazi müqavilə şərtlərinə görə iddiaçı şirkətin əməkdaşları tərəfindən qorunmalı və təhlükəsizlik təmin olunmalıdır. Şirkətlərimiz arasında qüvvədə olan sözügedən müqavilənin 5.19-cu maddəsinə əsasən iddiaçı mühafizə etdiyi ərazidə baş vermiş oğurluq və sair zərərlərə görə maddi və hüquqi məsuliyyət daşıyır. Oğurluq hadisəsinin baş verdiyi vaxt ərazi iddiaçı şirkətin mühafizə əməkdaşlarının nəzarətində olmuşdur. Ödənilməyən məbləğin mühafizə xidmətinin düzgün təşkil olunmaması və yol verdikləri məsuliyyətsizliyə görə şirkətimizə dəymiş zərərin qarşılığında saxlanıldığını daha öncəki tarixlərdə də iddiaçı tərəfə yazılı qaydada bildirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən mühafizə edilməli olna ərazidə baş vermiş oğurluq nəticəsində firmaya dəymiş maddiz zərərin nələr olması və maddi dəyərinə (məbləğə) dair həmin tarixə tərtib olunmuş akt məhkəməyə təqdim olunmuşdur Həmçinin baş vermiş oğurluq görüntülərini əks etdirən videoyazı rəsmi qaydada, diskə yazılaraq məhkəməyə təqdim edilmişdir. Lakin təəssüf ki, məhkəmə qənaətə gələrkən bu hallara hüquqi qiymət verməməmiş, hətta belə sübutların olmadığı, məhkəməyə təqdim edilmədiyi barədə qətnamədə münasibət bildirmişdir. Halbuki, həmin sübutların məhkəməyə təqdim olunmasını sübuta yetirmək çox asandır. Məhz yuxarıda yazılanlara görə iddiaçı şirkətin tələb etdiyi məbləğ şirkətlər arasında həmin tarixə qüvvədə olan xx.xx.2018-ci il tarixli müqavilənin 5.19-cu maddəsinə istinadən firmanın məruz qaldığı zərərin müəyyən hissəsini qarşılamaq məqsədilə saxlanılmış və əvəzləşdirilmişdir. Cavabdeh Firmasının uğradığı zərərdən geri qalan məbləği isə iddiaçıdan ayrıca tələb olunacaqdır. Şirkətlər arasında “obyektlərin mühafizə olunmasına dair” imzalanmış xx xxxxxx 2018-ci il tarixli, FGSG/RDM 1833 saylı müqavilənin 5.19-cu maddəsində - “mühafizəçilərin ehtiyatsızlığı, sayıq olmaması nəticəsində sifarişçiyə dəymiş maddi zərərə, ziyana görə məsuliyyət daşımaq icraçının öhdəliyidir” deyilir . Məhz bu maddədə yazılanlara əsasən öz öhdəçiliyini pozduğuna görə iddiaçı cavabdehin uğradığı zərərə görə məsulliyyət daşımalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi R.Qasımov onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdində iddiaçıya məxsus obyektlərin mühafizə olunmasına dair müqavilə bağlanması və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən obyektlərin mühafizəsi həyata keçirilməsi işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı tərəfindən mühafizə xidməti düzgün təşkil olunmadığından xx.xx.2019-cu il tarixində iddiaçının mühafizə etdiyi cavabdehə məxsus – Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksi tikintisinin həyata keçirildiyi sahədə yerləşən “PVC” sexində baş vermiş oğurluq hadisəsi nəticəsində cavabdehə maddi dəymiş və cavabdeh bu zərərin qarşılığında zərərin müəyyən hissəsini qarşılamaq məqsədi ilə iddiaçının xidmət haqqının bir (iddia olunan) hissəsi saxlanılıb əvəzləşdirilmişdir. İddia ərizəsinin qeyd olunan məzmunundan göründüyü kimi, ona dəymiş zərərə görə cavabdehin əvəzləşdirildiyi həmin məbləğ iddiaçıya ödəməli olduğu, ƏDV daxil 1894,40 manat pul vəsaiti - 2019-cu ilin iyul-avqust aylarına hesablanmış xidmət haqqıdır və işin mübahisələndirilməyən halıdır . Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan hərəkətləri, yəni ərazidə baş verən oğurluq hadisəsinə görə iddiçıdan xidməin son iki ayı üzrə xidmət haqqının saxlanılaraq vurulmuş zərərlə əvəzləşdirilməsi - müqavilə şərtlərinə və mülki qanunvericiliyə uyğun sayıla bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilənin 5.19-cu bəndinə istinadən qeyd edir ki, iddiaçı mühafizə etdiyi ərazidə baş vermiş oğurluq (və sair) nəticəsində əmələ gəlmiş zərərlərə görə maddi və hüquqi məsuliyyət daşıyır. Lakin qeyd olunan müqavilə şərti hər bir halda əsas vermir ki, oğurluq hadisəsindən sonra mühafizə xidmətini davam etdirən iddiaçıdan ona çatası xidmət haqqı zərər məbəlği ilə əvəzləşdirilsin. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilə, mahiyyəti baxımından, qarışıq müqavilə olmaqla, podrat və tapşırıq müqavilələrinin ünsürlərin əhatə edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərələr arasındakı mübahisəli hüquq münasibətlərinə mülki qanunvericilyin qeyd olunan normaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən isə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Beləliklə Məcəllənin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməli idi. Mühafizə xidmətini aparan iddiaçı tərəfindən qüsurlu xidmət nəticəsində cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsinə gəldikdə isə cavabdeh ondan məruz qaldığı zərərin əvəzini ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Eyni zamanda, həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd olunan tələbləri çərçivəsində cavabdeh də öz növbəsində iddiaçıdan qüsurlu xidmətinə görə vurulmuş zərərin əvəzini ödəmək hüququna malikdir. Lakin konkret halda, cavabdeh firma artıq güc işlədərək, müqaviləyə xitam verilənədək iddiaçıya hesablanmış iki aylıq xidmət haqqını ödəməyib, oğurluq hadisəsinə görə dəymiş zərərin bir hissəsi ilə əvəzləşdirə bilməzdi. Çünki, birincisi, Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. İkincisi isə, tərəflər arasında bağlanmış müqavilənin 10.3-cü bəndi nəzərədə tutur ki, tərəflər arasında ümumi rəy və razılıq əldə olunmadığı təqdirdə mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. Göründüyü kimi, cavabdehin iddia olunan xidmət haqqını ona vurulmuş zərərlə əvəzləşdirməsi əsassız olmuşdur. Başqa sözlə, iddiaçının ondan 1894,40 manat məbləğində xidmət haqqının məhkəmə qaydasında tutulmasını tələb etməkdə haqlı olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia tələbinin əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız sayır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamədə iddianın təmin olunması barədə gəldiyi nəticəni faktlar nöqteyinəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin iş üzrə obyektiv araşdırma aparmadığını, qanuna və haqq-ədalət anlayışına zidd olan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-544/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh Firmasınnın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-544/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-352/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-352/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver