Məhkəmə qərarları › İş №2-2(103)-352/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-352/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-352/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 5455/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, “alıcı” Cavabdeh MMC “satıcı” İddiaçı MMC olmaqla tərəflər arasında süd məhsullarının alqı-satqısı ilə bağlı xx.xx.2021-ci il tarixli, xx.xx.2021/S-4 nömrəli müqavilə imzalanmışdır.

2. İddiaçı qeyd edilən müqavilə üzrə cavabdehə ümumilikdə 69786,89 manat dəyərində mal təhvil verildiyini, 6486,02 manat malın geri qaytarıldığını, 14754,99 manat ödəniş həyata keçirildiyini, 48545,88 manat borcu qaldığını bildirmişdir.

3. İddiaçı MMC-nin baş mühasibi Çudnetsova Gülçin, baş mühasibin müavini X2, Cavabdeh MMC-nin rəhbəri X6, Cavabdeh MMC-nin mühasibi X1 qeyd olunmaqla tərtib edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixədək 27.121,18 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

4. Təqdim edilmiş və geri qaytarılmış mallarla bağlı elektron qaimələr iş materiallarına əlavə edilmişdir. Həmin qaimələr araşdırılaraq müəyyən edilmişdir ki, üzləşmə aktı tərtib edildikdən sonra cavabdehə ümumilikdə 45800,91 manat mal verilmiş, 2021-ci ilin dekabr ayında 5664,15 manat mal geri qaytarılmışdır.

5. İşdəki ödəniş tapşırıqlarından və ƏDV sub hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 14754,99 manat ödəniş edilmişdir. Ödənişin məbləği iddiaçı tərəfindən qəbul edilir və cavabdeh tərəfindən mübahisələndirilmir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə mövcud olan 48.545,88 manat (qırx səkkiz min beş yüz qırx beş manat səksən səkkiz qəpik) əsas borcunun, eləcə də vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 210 manat (iki yüz on manat) rüsumun, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 200 manat (iki yüz manat) rüsumun həmçinin, iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 28 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 45983,88 AZN məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında malların alqı-satqısı haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021/S-4 nömrəli müqavilə imzalanmışdır. Müqavilə bağlanarkən şirkət (“satıcı”) müqavilənin əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə, istifadə məqsədləri üçün yararlı vəziyyətdə cavabdehə (“alıcı”) satmağı, cavabdeh şirkət isə həmin malları təhvil alıb dəyərini 35-45 təqvim günü ərzində “satıcı”nın bank hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin “alıcının öhdəlikləri” bölməsinə müvafiq olaraq cavabdeh həmin müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etməli və malların dəyərini qaimə ilə müəyyən ounmuş qaydada “satıcı”ya ödəməlidir. Həmçinin, müqaviləyə əsasən təchiz olunan malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin “satıcı” tərəfindən pozulması halları barədə “alıcı” malı təhvil aldığı zaman baxış keçirib “satıcı”nı məlumatlandırmalıdır. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən vəzifələri lazımınca icra etsə də, Cavabdeh MMC satış məqsədi üçün götürdüyü 69786,89 AZN dəyərindəki məhsulun, işə əlavə olunmuş “Malların qismən qaytarılması qaimələri”ndən də göründüyü kimi 6486,02 dəyərində olan hissəsini geri qaytarmışdır. Bundan əlavə olaraq, götürülən məhsuldan işə əlavə edilmiş ödəniş sənədlərindən də göründüyü kimi, hissəhissə olmaqla ümumilikdə 14754,99 AZN dəyərində olan hissəsi cavabdeh tərəfindən artıq ödənilmişdir. Həmçinin, tərəflərin xx.xx.2021 tarixli üzləşmə aktında da təsdiqlədikləri kimi, sadəcə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 27121.18 (iyirmi yeddi min yüz iyirmi bir manat) AZN borcu qalmışdır. Hazırda iş materiallarından da aydın olduğu kimi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan ümumi borcu 48545,88 AZN təşkil edir. Göndərilmiş mallara dair elektron qaimələr tərtib olunaraq cavabdehə göndərilmiş və müvafiq olaraq, cavabdeh tərəfindən həmin qaimələr qəbul olunaraq təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilənin 9.3-cü maddəsinə əsasən, cavabdeh alınan malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5455/2022 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia təmin edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə müəyyən olunan öhdəliklərini icra etsə də cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, alınmış malların dəyərini tam ödəməyərək nəticədə iddiaçıya borcu yaranmışdır. İş materiallarında olan qaimə faktura, e-qaimələrdən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin borcu olması öz təsdiqini tapdığından məhkəmə iddianı əsaslı hesab etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5455/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021/S-4 nömrəli müqavilənin 3.4-cü bəndinə görə, mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş ünvanda alıcıya (tərəflər arasında imzalanacaq müvafiq təhvil-təslim aktı əsasında) təhvil verilməlidir. Lakin iddiaçı məhz 69786,89 manat həcmində malın cavabdehə təhvil verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, tərəflər alqı-satqı müqaviləsi üzrə malın müvafiq təhvil-təslim aktı üzrə alıcıya verilməsini şərtləndirmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin bu hallarını ümumiyyətlə araşdırmamış və işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək, hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəməyə vəsatət təqdim olunaraq, iddiaçı tərəfindən cavabdehə təhvil-təslim aktı üzrə hansı həcmdə malların verilməsi, cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi, habelə hansı həcmdə malın cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmasının müəyyən olunması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması xahiş edilmişdir. Lakin məhkəmə, özünun subyektiv mülahizəsinə əsaslanaraq, ekspertiza təyin etməkdən yayınmış, bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının qanuni nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. maddə- müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddə-müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddə-bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 433.1-cü maddə-borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddə-əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 442-ci maddə- uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddə- müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddə- əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5455/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021/S-4 nömrəli müqavilə əsasında cavabdehə satılmış süd məhsullarına görə cavabdeh tərəfindən cəmi 14754,99 manat ödəniş həyata keçirilmişdir. İddiaçı cavabdehə ümumilikdə 69786,89 manat dəyərində mal təhvil verildiyini, 6486,02 manat dəyərində malın geri qaytarıldığını, 14754,99 manat ödəniş çıxılmaqla 48545,88 manat borcu qaldığını bildirmişdir.

18. Cavabdeh xx.xx.2021-ci il tarixli üzləşmə aktını imzalamaqla İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixədək 27.121,18 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

19. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən ödənişlər və geri qaytarılmış mallar nəzərə alınmaqla qalıq borcun məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3835 ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, işdəki elektron qaimələrə əsasən "xxxx" MMC-yə 69786,89 manat dəyərində mal təhvil verilmiş, malların geri qaytarılmasına dair elektron qaimələrə əsasən 6486,02 manat dəyərində mal qaytarılmış, 14754,99 manat ƏDV daxil ödəniş çıxıldıqdan sonra İddiaçı MMC-yə 48.545,88 manat borcu qalmışdır.

20. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə hər hansı etiraz bildirmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən mallar təqdim edilərkən, o cümlədən geri qaytarılarkən təhvil-təslim aktı tərtib edilmədiyindən cavabdeh eyni qaydada qəbul etdiyi malların dəyərini ödəmişsə, mübahisələndirdiyi hissədə ödənişdən imtinası əsassızdır Buna görə də, iddiaçının xeyrinə alqı-satqı müqaviləsi üzrə 48.545,88 manat borcun tutulması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Cavabdeh iddiaya etirazda qaytarılan malın dəyərinin 13.254,17 manat məbləğində olduğunu qeyd etsə də, 6486,02 manatdan artıq dəyərdə mal qaytarıldığına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Qaytarılan mallarla bağlı elektron qaimələr yalnız iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5455/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5455/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar