Məhkəmə qərarları › İş №2-2(103)-353/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-353/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-353/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-nə qarşı yükdaşıma müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-977/2020 saylı qərardadından (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-nə qarşı cavabdehin xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5940 ABŞ dolları və 3520 AVRO həcmində əsas borc məbləğinin, 1258 ABŞ dolları və 3220 Avro məbləğində olan cərimə məbləğlərini, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı, iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, mülki işin mahiyyəti üzrə müvafiq yekun məhkəmə aktının qəbul edilməsinədək cavabdehin “Turan Bank” açıq səhmdar cəmiyyətinin Bakı filialında aşkar edilmiş ona məxsus olan (H/h: AZ71TURA********************) bank hesabı üzərində iddiaçının tələbi üzrə 7198 ABŞ dolları, 6740 AVRO və 1030 manat məbləği həcmində (dondurulma) həbsin qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-977/2020 saylı qərardadı ilə iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizənin təmin edilməsi, "Cavabdeh" məhdud məsuliyyətli cəmiyyətinin bank hesabı üzərinə 7198 ABŞ dolları, 6740 AVRO və 1030 manat məbləği həcmində (dondurulma) həbs qoyulması qərara alınmışdır. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin mahiyyətini nəzərə almadan əsassız olaraq ərizəni təmin etmişdir. Qüvvədə olan qanunverciliyin tələblərinə görə məhkəmə qərarlarının icrası məcburidir. Mülki Prosessual Məcəllədə təsbit edilmiş iddianın təmin edilməsi institutunun əsas məqsədi gələcəkdə qəbul ediləcək qətnamənin icra edilməsinə çətinlik törədən və ya icranı mümkünsüz edən halların aradan qaldırılmasıdır. Lakin iş üzrə iddianın təmin edilməsi tədbirinin görülməsi zərurəti iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə iddiaçının hazırda heç bir sübuta əsaslanmayan ərizəsinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh tərəfindən bank hesabında olan pul vəsaitlərinin azaldılmasına yönələcək hərəkətləri ola bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-977/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırda iddiaçının tələbi maddi tələb, yəni pul tələbi olduğundan iddia təmin ediləcəyi təqdirdə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin hesablaşma hesablarındakı pul vəsaiti üzərinə iddia tələbi həddində həbs qoyulması məqsədəuyğundur. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə baxılarkən işin faktiki hallarının araşdırılması və iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməsi prosessual normaların tələblərinə zidd olduğundan məhkəmə tərəfindən iddiaçının ərizəsinə baxılarkən həmin araşdırmanın aparılmaması pozuntu kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-977/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh "Cavabdeh" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-977/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar