Məhkəmə qərarları › İş №2-2(103)-354/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-354/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-354/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2356/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 24.382,11 manat məbləğdə borc, 2.008,07 manat məbləğdə faiz, 100 manat məbləğdə hüquqi yardım xərci, 40 manat məbləğdə poçt xidməti pulu və 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24.382,11 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, hüquqi yardım göstərilməsinə görə 100 manatın, poçt xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 18 manatın, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı cavabdehlə olan razılaşmaya zidd olaraq cəmi 4.790,83 manat məbləğdə olan, dəyəri ödənilmiş, lakin istifadə üçün yararlılıq müddəti bitmiş və keyfiyyətsiz malları geri təhvil götürməmişdir və götürüləcəyinə söz verərək vaxtı yubatmışdır, bununla da iddiaçı cavabdehə 4.790,83 manat məbləğdə maddi ziyan vurmuşdur. Həmin faktla bağlı 24.04.2021-ci il tarixli 27 nömrəli akt tərtib olunmuş və iddiaçı tərəfindən göndərilən, müddəti bitmiş və istifadəyə yararsız olan həmin mallar satışdan çıxarılaraq, tullanmışdır. Həmçinin, iddiaçı 28.11.2019 tarixdə 28.11.2019 tarixli EBAD 124753 nömrəli 10.479,42 manat məbləğdə, 28.11.2019 tarixli EBAD 124765 nömrəli 2.101,98 manat məbləğdə qaimə fakturalar üzrə cəmi 12.581,4 manat dəyərdə mal təhvil verdiyini iddia etmişdir. Cavabdehin iradəsinə zidd olan belə bir şifahi razılaşmanın olmasına iddiaçı tərəfindən mötəbər və şübhə doğurmayan sübut təqdim olunmalıdır. Bundan əlavə, iddiaçı heç vaxt cavabdehə pulların ödənilmədiyinə görə irad bildirməmişdir, baxmayaraq ki, cavabdehdən tələb olunan məbləğlər iddiaçının təqdim etdiyi fakturalar üzrə 2019-cu ilə aiddir. Lakin, iddiaçı malların dəyərinin ödənilmədiyini 2021-ci il tarixdə mübahisələndirmişdir. Bu isə öz növbəsində iddia tələbinin ağlabatan müddətdə tələb olunmadığını və bununla da iddiaçının pul tələbinin həqiqi olmadığını sübut edir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki: “İş materiallarında olan 01.03.2020-ci il tarixli qarşılıqlı Üzləşmə aktından görünür ki, “Alo Mart” marketlərin İddiaçı MMC-yə 29.886,78 manat borcunun olduğunu etiraf etmişdir. ... Bundan başqa qeyd edilməlidir ki, üzləşmə aktında cavabdeh tərəfindən 29.886,78 manat borcun olması etiraf edilsə də, iddiaçıya sonradan ödənişlər edilmiş və nəticədə qalıq borc 24.382,11 manat təşkil etmişdir. ... Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 24.382,11 manat borcun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir”. Bununla da sübutlar yetərli araşdırılmadan maddi prosessual normaların pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilən üzləşmə aktı işin həlli üçün mühüm sübut hesab edilib və yekun məhkəmə aktının çıxarılmasına əsas götürülüb. Lakin göründüyü kimi, üzləşmə aktının bütün tələblərə cavab verməsinə, həqiqiliyinin yoxlanmasına xüsusi bilik tələb edən heç bir ekspertiza aparılmayıb. Halbuki, məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin etməli idi və yalnız müvafiq rəy alındıqdan sonra müvafiq qiymət verilməli idi. İddiaçının təqdim etdiyi üzləşmə aktı iddia tələbinin təmin olunması üçün yetərli sənəd hesab edilmir. Bundan əlavə, 29.06.2004-cü il tarixli “Mühasibat uçotu haqqında” AR Qanununun 10.1.1-ci maddəsi maliyyə hesabatlarını kiçik və orta sahibkarlıq subyektləri üçün X1 Standartlarına uyğun tərtib edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-сi il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 8.5-ci maddəsində göstərilmişdir ki, baş mühasibin və ya baş mühasib olmadıqda xüsusi sərəncamla imza etmək səlahiyyəti verilmiş mühasibatlıq işçisinin imzası olmayan sənədlər etibarsız hesab edilir və icra üçün qəbul edilmir. İşdə olan “üzləşmə aktı” formasına görə qüsurlu sənəddir və mötəbər sübut növü kimi qiymətləndirilə bilməz, ona görə ki, cavabdehlə iddiaçı arasında şifahi razılaşma bağlanmışdır və “üzləşmə aktı” məhz hansı konkret razılaşmanı özündə əks etdirmir və iradə sərbəstliyi prinsipinə ziddir (formal tələblərə əsasən müqavilənin tarixi və nömrəsi göstərilməmişdir), cavabdehin baş mühasibinin imzaları bu sənəddə əks olunması bildirilməmişdir, həmçinin qarşılıqlı “üzləşmə aktında” qarşılıqlı borcun məbləği göstərilməsi bildirilsə də, borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürdüyü barədə məhkəmə tərəfindən qeyd olunmamışdır. Cavabdehin 20.09.2021-ci il tarixli ərizəsindən sonra cavabdeh əlaqə saxlayaraq məhkəmə katibindən öyrənmişdir ki, cavabdehin ünvanına 2 məktub göndərilmiş və onlar alınmadan geri qaytarılmış, sonuncu məktub isə poçt tərəfindən imtina qeydi ilə məhkəməyə qaytarılmışdır. Cavabdehə məhkəmə bildirişinin rəsmi verilməsi barədə heç bir sübut yoxdur və hər hansı üçüncü şəxsin imtina qeydi cavabdehin imtina etməsini və bildirişdən xəbərdar olmasını sübut etmir. Həmçinin, qərəzli olaraq cavabdehin iştirakı olmadan işə qiyabi qaydada baxılmamışdır və iş üzrə qiyabi qətnamə çıxarılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, onun mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, tərəflər arasında hüquq münasibətləri onların işgüzar təcrübələrinə müvafiq formalaşmış, bu təcrübəyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi icra edərək, malları cavabdehə təhvil vermiş, bu barədə cavabdehə elektron qaimələr təqdim etmiş, cavabdeh də vaxtaşırı ödənişlər etmişdir. Belə ki, iddiaçı və “Alo Mart” ticarət adı ilə fəaliyyət göstərən cavabdeh (direktor Qanuni nümayəndə) tərəfindən imzalanmış 01.03.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya Alo Mart 5.364,08 manat, X3 16.250,88 manat, Alo Mart 2 Xocasən 6.821,91 manat və X2 1.449,91 manat olmaqla, cəmi 29.886,78 manat məbləğdə borcu qalmışdır. Həmçinin, iddiaçının cavabdehə təqdim etdiyi 20.06.2019 tarixli EAAVV 063429 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 1.315,62 manat, 25.06.2019 tarixli İC 530229 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 1.315,62 manat, 20.06.2019 tarixli EAAVV 063903 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 628,49 manat, 25.06.2019 tarixli İC 529207 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 628,49 manat, 20.06.2019 tarixli EAAVV 063709 nömrəli elektron qaiməyə əsasən (X3) 2.365,65 manat, 25.06.2019 tarixli İC 529235 nömrəli elektron qaiməyə əsasən (X3) 2.365,65 manat, 20.06.2019 tarixli EAAVV 063899 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 418,99 manat, 25.06.2019 tarixli İC 529206 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 418,99 manat, 20.06.2019 tarixli EAAVV 063422 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 129,47 manat, 25.06.2019 tarixli İC 530213 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 129,47 manat, 05.07.2019 tarixli EAAVV 737646 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 98,90 manat, 10.07.2019 tarixli İD 133239 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 98,90 manat, 25.07.2019 tarixli EAAX 616646 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 222,38 manat, 31.07.2019 tarixli İD 896434 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 222,38 manat, 14.10.2019 tarixli EBAB 135668 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 755,52 manat, 21.10.2019 tarixli İG 837231 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 755,82 manat, 14.10.2019 tarixli EBAB 135671 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 1816,70 manat, 21.10.2019 tarixli İG 837232 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 1816,70 manat, 14.10.2019 tarixli EBAB 135195 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 669,46 manat, 21.10.2019 tarixli İG 837494 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 669,46 manat, 27.11.2019 tarixli EBAD 071489 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 352,72 manat, 02.12.2019 tarixli İİ 242371 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 352,72 manat, 27.11.2019 tarixli EBAD 071500 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 708,72 manat, 02.12.2019 tarixli İİ 242704 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 708,89 manat, 27.11.2019 tarixli EBAD 071503 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 1.823,11 manat, 02.12.2019 tarixli İİ 242372 nömrəli elektron qaiməyə əsasən (Alo Mart) 1.823,11 manat, 28.11.2019 tarixli EBAD 124753 nömrəli elektron qaiməyə əsasən (X3) 10.749,42 manat, 03.12.2019 tarixli İİ 294858 nömrəli elektron qaiməyə əsasən (X3) 10.479,42 manat, 28.11.2019 tarixli EBAD 124765 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 2.101,98 manat, 03.12.2019 tarixli İİ 294853 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 2.101,98 manat, 18.12.2019 tarixli EBAE 071791 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 1.075,19 manat, 23.12.2019 tarixli İİ 966678 nömrəli elektron qaiməyə əsasən (Alo Mart 2 Xocasən) 1.075,19 manat məbləğdə mallar iddiaçı tərəfindən iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 238.1-ci madəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, mübahisəli borcun əsası və məbləği tərəflər arasında formalaşmış işgüzar təcrübə, o cümlədən qüvvəyə minmiş elektron qaimələr, cavabdehin aldığı mallara görə etdiyi qismən ödənişlər və üzləşmə aktı ilə təsdiqini tapır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Əvvəlcə, şikayətin 24.04.2021-ci il tarixli 27 nömrəli aktla 4.790,83 manat məbləğdə müddəti bitmiş və istifadəyə yararsız olan malların satışdan çıxarılaraq, atılması barədə dəlili əsassızdır. Belə ki, həmin akt iddiaçının (onun səlahiyyətli nümayəndəsinin) iştirakı olmadan tərtib olunduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Şikayətin 28.11.2019 tarixli EBAD 124753 nömrəli 10.479,42 manat məbləğdə və 28.11.2019 tarixli EBAD 124765 nömrəli 2.101,98 manat məbləğdə elektron qaimələrin cavabdehin iradəsinə zidd olmasına dair dəlili də əsaslı deyil. Birincisi, işdən göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqı münasibətləri üzrə işgüzar təcrübə malların təhvil verilməsi və bu barədə elektron qaimələrin təqdim edilməsi qaydasında formalaşmış, cavabdeh də bu qaydada əldə etdiyi mallara görə ödənişlər etmişdir. İkincisi, cavabdehin mübahisə etdiyi iki elektron qaimədən sonra sonuncunun ümumi borcu barədə üzləşmə aktı tərtib edilmiş, cavabdeh də həmin borcları qəbul edərək, razılaşmışdır. Üçüncüsü, cavabdeh elektron qaimələr ona təqdim olunduqdan sonra 5 gün ərzində onlara etiraz etmək hüququna malik olsa da, bu hüququndan istifadə etməmiş, qaimələr qüvvəyə minmişdir. İddiaçının heç vaxt cavabdehə pulların ödənilmədiyinə görə irad bildirməməsi barədə dəlili də əsassızdır. Belə ki, iddiaçı qanuni hədlərdə öz hüquqlarından nə vaxt və hansı qaydada istifadə etməkdə sərbəstdir. İddiaçı tərəfindən sübut kimi təqdim edilən üzləşmə aktı da mötəbərdir. Belə ki, cavabdeh həmin aktda iştirakını, imzasını, borcun məbləğini mübahisə etmir. Odur ki, üzləşmə aktının həqiqiliyinin yoxlanması üçün xüsusi bilik tələb edən ekspertizanın aparılması hazırkı məhkəmə araşdırmasında zəruri olmamışdır. “Mühasibat uçotu haqqında” Qanun isə ümumi hüququn tənzimləmə sahəsinə daxil olduğundan, həmin qanunun normalarına əməl edilməməsi mülki hüquqi məsuliyyət yaratmır. Hətta adıçəkilən qanunun tələblərinin konkret faktiki halda pozulduğu fərz olunsa belə, bu hal sözügedən sübutun (üzləşmə aktının) mülki və mülki prosessual hüquqi nəticələr doğurmasına maneə deyil. Cavabdehə göndərilmiş iki məktubun poçt tərəfindən imtina qeydi ilə məhkəməyə qaytarılması da iş materialları ilə təsdiq olunur və həmin qeydin poçt qurumuna məxsus olması mübahisəsizdir. İşə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılması isə MPM-də məhkəmənin vəzifəsi yox, hüququ kimi nəzərdə tutulmuşdur. Bu anlamda iş üzrə qiyabi qətnamənin çıxarılmaması da qanunsuz olmamışdır. Digər tərəfdən, MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilməsi üçün cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməlidir, hazırkı halda isə cavabdeh belə bir xəbərdarlığın olduğunu təkzib edir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2356/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar