Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-354/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdеh "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsi kiçik iddiası üzrə qarşılıqlı iddianın qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 6676/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdеh "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının, 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçınə qarşı cavabdehdən 1600 manat məbləğində hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin və 36 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6676/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Zaur Pirverdiyev) qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e- e-2-2(113)-6676/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi e-mehkeme portalı vasitəsilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı e-2-2(113)-6676/2023 saylı kommersiya işi üzrə göndərilmişdir, həmin işdə İddiaçı MMC qarşılıqlı iddia ərizəsini almış və onunla tanış olmuşdur. Bu səbəbdən də, əlavə olaraq qarşılıqlı iddia ərizəsinin İddiaçı MMC-yə göndərilməsinə zərurət olmamışdır. Lakin buna baxmayaraq, iddiaçıya qarşılıqlı iddia ərizəsi göndərilmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh İddiaçı MMC-yə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. İddiaçı MMC, Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi ilə əlbir olaraq artıq ödənişlər almış və Cavabdeh MMC-yə külli miqdarda ziyan vurmuşdur. Ziyanın məbləği hesablanıb və MPM-nin 53-cü maddəsinə müvafiq olaraq qarşılıqlı iddia ərizəsini dəyişdirməklə iddia həcmi artırılacaqdır. Məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməklə Cavabdeh MMC-nin hüquqlarına əsassız müdaxilə etmişdir. Belə ki, həmin maddəyə əsasən, Cavabdeh MMC iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququ vardır. Qeyd olunanlara əsasən, hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadı əsassız və qanunsuzdur və bu səbəbdən də, ləğv edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində göstərilən tələb məhkəmə xərclərinə aid olmaqla müstəqil tələb deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-705/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 6676/2023 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.4.1-ci maddəsinə əsasən qarşılıqlı iddia verilərsə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. İşdən görünür ki, İddiaçı cavabdеh "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 2000 manat pulun tutulması barədə kiçik iddia irəli sürmüş, cavabdеh "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə baxılanadək xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə qarşılıqlı iddia verilmiş, qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 150.1.4, 150.2 və 152.1.4-cü maddələrinə əsasən (qarşılıqlı iddia ərizəsi qarşı tərəfin elektron kabinetinə yerləşdirilməmiş, bu barədə sübut əlavə edilməmişdir) qaytarılmışdır. MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-nin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə iddia ərizəsinə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilməlidir. MPM-nin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-nin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri qaytarır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qeyd edilən normaların tələblərinə uyğun olsa da məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələri üzrə qarşılıqlı iddia ərizəsinin bu əsasla geri qaytarılması ədalətli məhkəmə araşdırılması prinsipinə zidd olmaqla məhkəməyə müdafiəsi hüququnun formal əsaslarla məhdudlaşdırılmasına əsas vermiş olur. Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazırkı halda cavabdeh qarşılıqlı iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərdiyindən həmin sənəd məhkəmə tərəfindən təhvil alınan kimi qarşı tərəfə bu barədə elektron sistem vasitəsi ilə avtomatik məlumat ötürüldüyü üçün qarşı tərəfin elektron kabinetinə daxil olmaqla yüklənən sənədlə tanış olmaq imkanı olmuşdur. Bu səbəbdən qarşılıqlı iddia ərizəsinin MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada qarşı tərəfin elektron kabinetinə göndərilməsinə zərurət qalmamışdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Qeyd edilən qərara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, elektron kabinet vasitəsilə icraat həyata keçirilən kommersiya mübahisələri üzrə qarşılıqlı iddia verilərkən mübahisənin məhkəməyə qədər nizamlama qaydasına riayət olunması tələb olunmadığı kimi, qarşılıqlı iddia ərizəsinin də digər tərəfə MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərilməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6676/2023 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "X1” MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6676/2023 nömrəli qərardadı ləğv edilsin. İş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-354/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-354/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver