Məhkəmə qərarları › İş №2-2(103)-355/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-355/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-355/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayədələri Nümayəndə2 və Nümayəndə5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5367/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC və Dövlət Sərhəd Xidməti arasında imzalanmış xx.xx.2019-cu il tarixli k/8 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Dövlət Sərhəd Xidmətinin Mərkəzi anbarına daşınmaqla lot 2 üzrə aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə İcraçının 115423,90 manat (yüz on beş min dörd yüz iyirmi üç manat, 90 qəpik) məbləğində tender təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

2. "xxxx" MMC və Dövlət Sərhəd Xidməti arasında imzalanmış 23 may 2015-ci il tarixli k/24 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Anbarlarına daşınmaqla, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə icraçının ******* manat (iki milyon səksən altı min beş yüz doxsan dörd) məbləğində birbaşa müqavilə əsasında təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan müxtəlif markalı avtomobil və xüsusi texnikaların təhvil verilməsini öhdəsinə götürür. Avtomobil və xüsusi texnikalar bu müqavilənin şərtlərinə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə (yeni adı – İddiaçı MMC ilə) Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında bağlanmış xx.xx.2015-ci il tarixli K/24 saylı müqaviləsi üzrə ******* (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) manat və xx.xx.2019-cu il tarixli K/8 saylı üzrə isə 13490 (on üç min dörd yüz doxsan) manat əsas borcun, 410 (dörd yüz on) manat mediasiya xərcinin, 1275,04 manat dövlət rüsumunun, cəmi 1791769,04 (bir milyon yeddi yüz doxsan bir min yeddi yüz altmış doqquz, dörd qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, hər iki tərəfin təsdiq etdiyi elektron qaimələrə, habelə təmir aktlarına əsasən cavabdehə K/24 saylı müqaviləyə görə ******* manat, K/8 saylı müqaviləyə görə isə 13490 manat dəyərində xidmət göstərilmişdir. Lakin qarşı tərəf yalnız K/24 saylı müqavilə üzrə borcunun 310000 manat məbləğindəki hissəsini ödəmiş, qalan ******* manat dəyərindəki məbləğin heç bir hissəsini bu günkü günə qədər ödəməmişdir. Borcluya öz borcunu ödəməsi üçün dəfələrlə yazılı və şifahi müraciət olunsa da, borclu öz borcunu ödəməkdən yayınmış və göndərilən yazılı müraciətlərin heç birinə cavab verməmişdir. Daha sonra, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılmış 15 aprel 2022-ci il tarixli, 0479 nömrəli məktubun Dövlət Sərhəd Xidmətinə yönləndirilməsi nəticəsində cavabdeh bu məktuba cavab verməli olmuşdur. Dövlət Sərhəd Xidməti bu cavab məktubunda sözügedən K/24 nömrəli müqavilə üzrə təhvil verilmiş 699740,90 manat dəyərində avtomobil və xüsusi texnikalar üzrə 310000 manat məbləğin ödənildiyini və mühasibat uçotu üzrə 389740 manat borc qalığınının yarandığını, K/8 nömrəli müqavilə üzrə isə Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığını, bu səbəblədə mühasibat uçotunda borcun qeydə alınmadığını bildirmişdir. Dövlət Sərhəd Xidməti öz borcunun bir qismini etiraf edib, digər qismini etiraf etməsə də, borclu ilə bağlanılmış K/24 nömrəli müqavilə üzrə ******* manat məbləğində alqı-satqının həyata keçirildiyini təsdiq edən təhviltəslim aktları, K/8 müqaviləsi üzrə isə xidmətin təhvil verildiyini sübut edən 649006 nömrəli elektron qaimə mövcuddur.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş sürtkü yağları və s. Dövlət Sərhəd Xidmətinə məxsus anbara gətirilmiş, lakin təhvil alınmamışdır. Belə ki, təqdim edilən məhsualların istifadə tarixi artıq bitmişdir. Bundan əlavə iddiaçı tərəfin bununla bağlı məhkəməyə təqdim etdiyi qaimədə Dövlət Sərhəd Xidmətinin hər-hansı səlahiyyətli şəxsinin adı qeyd olunmamış, qaiməyə DSX-nın müvafiq möhürü vurulmamışdır. Həmçinin, İddiaçı MMC ilə Dövlət Sərhəd Xidməti arasında imzalanmış xx.xx.2015-ci il tarixli k/24 nömrəli müqavilənin 12.1-ci bəndinə və 2.5-ci bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan “müqavilənin xüsusi şərtləri”nin 7-ci bəndinə əsasən ödəmələr mallar (işlər, xidmətlər) təhvil verildikdən sonra qaimələr əsasında mal göndərənin hesabına köçürüləcəkdir. Adıçəkilən müqavilə üzrə DSX tərəfindən sonuncu dəfə 310000 manat məbləğində ödəniş xx.xx.2015-ci il tarixində olmuşdur. Qeyd olunan ödəniş Maliyyə Nazirliyinin xəzinədarlıq informasiya idarəetmə portalından edilmiş çıxarışlarla təsdiq olunur, digər tərəfdən işə əlavə olunmuş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısından edilmiş çıxarışların təsdiq edilmiş surətindən görünür ki, bu siyahı üzrə maliyyə-təsərrüfat sənədləri saxlanma müddəti başa çatdıqdan sonra məhv olunur. Siyahının 846-cı bəndində də qeyd olunub ki, pul vəsaitlərinin mədaxil-məxaric və mühasibat təsdiqedici sənədlərinin saxlanma müddəti 5 il təşkil edir. Qanunvericiliyin də müddəalarından açıq şəkildə aydın olur ki, İddiaçı MMC görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətinə rəsmi təqdim olunduğunu təsdiq edən qaiməfakturaları təqdim etməli olduğu halda, yalnız 699740 manat məbləğində texnikanın sənədləri təqdim olunmuş, 310000 manat məbləğində DSX tərəfindən ödəniş olunmuş və hal-hazırda mühasibat uçotunda 389740 (üç yüz səksən doqquz min yeddi yüz qırx) manat borc məbləği mövcuddur və qalan texnikalara dair qaimə fakturalar hal-hazıradək DSX-yə təqdim olunmamışdır.

6. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə xx.xx.2015-ci il tarixli k/24 nömrəli müqavilənin 25-ci bəndinə əsasən adıçəkilən müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2016-cı il tarixədək qüvvədədir. Həmin müqavilə üzrə DSX tərəfindən sonuncu dəfə 310000 manat məbləğində ödəniş xx.xx.2015ci il tarixində olmuşdur. Müqavilə tələbləri üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir.

7. İddiaçı cavabdehin dəlillərinə etiraz edərək, bildirir ki, “təhvil təslim qaimələri” anlayışı qanunvericilikdə mövcud deyil. Müqavilənin 12.1-ci bəndinə görə müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Göründüyü kimi, müqavilənin xüsusi şərtlərində göstərilən “təhvil-təslim qaimələri” ifadəsi malların təhvil-təslim olunmasını sübut edən akt qismində çıxış etməkdədir ki, bu aktlar da məhkəməyə təqdim edilmişdir. Digər bir tərəfdən cavabdeh ödəniş etməməsinin əsası qismində Vergi Məcəlləsinin malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın təqdim edilməsi haqqında olan maddələrinə istinad etmişdir. Bununla əlaqədar olaraq 14 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi “Elektron qaiməfakturanm formasının, tərtbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 5-ci maddəsinin məzmunundan açıq-aşkar göründüyü kimi, vergi ödəyicisinin elektron qaimə-faktura faktura təqdim etmək öhdəliyi 2017-2018-ci ildən etibarən mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə isə 2015-ci ilə aid olması tərəflərin qaimə-faktura təqdim etmək öhdəliyini istisna edir. Yuxarıda göstərilənlərlə yanaşı, ayrıca olaraq cavabdehin etirazında qeyd etdiyi kimi qaimə-fakturanın göndərilməməsi müqavilədən yaranan öhdəliklərinin icra etməməsinə əsas vermir. Əlavə olaraq Dövlət Sərhəd Xidmətinə qaimə fakturalar təqdim edilmişdir. Cavabdeh isə malları təhvil almış və bununla bağlı göndərilmiş elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsində görmüş və geri qaytarılması barədə elektron qaimə tərtib etməməklə malların təhvil alınmasını təsdiq etmişdir. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, 15 aprel 2022-ci il tarixində yazılmış, 0479 nömrəli ərizəyə Dövlət Sərhəd Xidməti tərəfindən cavab məktubu ilə borcun bir qismi etiraf edilmiş və bununla da, iddia müddətinin axımı kəsilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5367/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

9. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayədələri Nümayəndə2 və Nümayəndə5 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

14. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

16. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

17. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

18. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

19. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

23. (xx.xx.2019-cu il tarixində K/8 saylı satınalma müqaviləsinə münasibətdə)

24. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

25. Eyni zamanda iddiaçı EBAD seriyalı 649006 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə 13490 manat məbləğində malları cavabdehə təhvil verdiyini, cavabdeh isə həmin malları təhvil almadığını bildirir.

26. Göründüyü kimi mübahisənin həlli üçün ilk növbədə malların cavabdehə təhvil verilib-verilmədiyi müəyyən olunmalıdır.

27. Bunun üçün isə əvvəlcə tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırılmalıdır.

28. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

29. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə əsasən mallar qrafikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında mal göndərənin hesabına köçürülməsi müəyyən edilmişdir.

30. Eyni zamanda iş materiallarında olan müxtəlif tarixlərdə tərtib edilmiş və hazırki müqaviləyə aid olmayan təhvil-təslim aktlarından məlum olur ki, ayrı-ayrı texnikalar "xxxx" MMC tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfin möhürü ilə möhürlənmişdir.

31. Göründüyü kimi həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də tərəflər arasında yaranmış işgüzar adətlərə görə malların təhvil verilməsi məhz təhviltəslim aktları əsasında rəsmiləşdirilmişdir.

32. Lakin hazırki xx.xx.2019-cu il tarixində K/8 saylı satınalma müqaviləsi üzrə təhviltəslim aktları mövcud deyildir.

33. Belə olan halda isə həmin müqavilə üzrə malların cavabdehə verilməsi, təkcə EBAD seriyalı 649006 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimə ilə təsdiq oluna bilməz.

34. Ona görə də kollegiya hesab edir ki, həmin müqaviləyə əsasən irəli sürülmüş 13490 manat məbləğində iddianın tutulması barədə iddia rədd edilməlidir.

35. (xx.xx.2015-ci il tarixli K/24 saylı müqaviləsinə münasibətdə)

36. Tərəflər arasında həmin alqı-satqı müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə 310000 manat məbləğində ödənişin olunması işin mübahisəsiz hallarıdır.

37. Eyni zamanda iddiaçı müqavilə üzrə ******* manat dəyərində malları cavabdehə təhvil verdiyini, cavabdeh isə həmin müqavilə üzrə cəmi 389740 manat borcu qaldığını etiraf edir.

38. Cavabdeh qeyd edilən məbləğdə malların təhvil alınmadığını, görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətinə rəsmi təqdim olunduğunu təsdiq edən qaimə-fakturaları təqdim etməli olduğu halda yalnız 699740 manat məbləğində texnikanın sənədləri təqdim olunduğunu bildirmişdir.

39. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, iddiaçının ******* manat məbləğində təqdim etdiyi təhvil-təslim aktları Dövlət Sərhəd Xidmətinin möhürü ilə təsdiqlənmişdir.

40. Bununla yanaşı kollegiya hesab edir ki, həmin iddia təmin edilə bilməz.

41. Çünki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia irəli sürülmüşdür.

42. Belə ki, iş materiallarından məlum olur ki, xx.xx.2015-ci il tarixli K/24 saylı müqavilə 23 may 2016-cı il tarixinədək qüvvədədir.

43. Həmin müqavilə üzrə sonuncu ödənişlər xx.xx.2015-ci il tarixində ********** nömrəli ödəniş tapşırığına əsasən 262711,86 manat və ********** nömrəli ödəniş tapşırığının surətinə əsasən 47288,14 manat olmuşdur.

44. Hazırkı iddia ərizəsi isə 12 sentyabr 2022-ci il tarixdə, yəni həm son ödəniş tarixindən, həm də müqavilə tarixindən hesablandıqda 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir.

45. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

46. Göründüyü kimi iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür.

47. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir.

48. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehin etirafedici hərəkətlər etməsi ilə bağlı hallara istinad edilməmiş və sübutlar təqdim edilməmişdir.

49. İddiaçının istinad etdiyi hallar, yəni cavabdehin 15 aprel 2022-ci il tarixdə iddiaçıya borcun etirafı məktubu göndərməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur.

50. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur.

51. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.

52. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.

53. Bu baxımdan, işin hallarına hallara əsasən iddia müddətinin ötürülməsi halı müəyyən edildiyindən, habelə iddiaçı tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hallara istinad edilmədiyindən, sonuncu ilə bağlı istinad etdiyi halların isə iddia müddəti keçdikdən sonrakı tarixə aid olduğundan və yuxarıda izah olunduğu kimi bu hərəkətlər hər hansı hüquqi əhəmiyyət daşımadığından iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri əsassızdır.

54. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixli K/24 saylı müqavilədən irəli gələn tələblər iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

55. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5367/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar