Məhkəmə qərarları › İş №2-2(103)-355/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-355/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-355/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli ASM/D/006-2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 71062,27 manat məbləğində borcun, ödənişin gecikdirilməsinə görə hesablanmış 7363,44 manat məbləğində faizlərin və 400 manat məbləğində ödənilmiş mediasiya xərclərinin, cəmi 78825,71 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3889/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən buraxdığı müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2023cü il tarixli, e-2-2(113)-3889/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət üzürlü olaraq il sonu ilə əlaqədar elektron məhkəmə sistemində asan imza ilə imzalama zamanı yaranmış texniki problem səbəbindən buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3889/2023 saylı qərardadı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3889/2023 qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3889/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Cavabdehin şikayəti isə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 08 dekabr 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2024-cü il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının səbəbi kimi qeyd olunmuşdur ki, texniki problem səbəbi ilə apellyasiya şikayəti portala yüklənməmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır. Çünki cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar