Məhkəmə qərarları › İş №2-2(103)-355/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-355/2025

09.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-355/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi borcu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3655/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun 2024-cü il 15 may tarixinə dövlət büdcəsinə 25117,90 manat borcu var.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

3. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – “ərizəçi”) xüsusi icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan "xxxx" MMC (bundan sonra – “MMC”) dövlət büdcəsinə olan ümumilikdə 21231,54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 146,39 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,31 manat, İcbari Tibbi Sığorta Fonduna olan 25,2 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il 13 may tarixinə vergi ödəyicisi olan MMC-nin ümumilikdə 21409,44 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2023-cü il 21 fevral tarixli və 2023-cü il 18 oktyabr tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 may tarixli e-2-2(113)-3655/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin olunması qət edilmişdir (hakim - G.Həşimova).

7. Məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməli, MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 26.2, 355-5.1 və 355- 7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-859/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov).

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtıvaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra borcun ödənilməməsi nəzərə alındıqda hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.

12. Göründüyü kimi şikayətin əsas dəlili ondan ibarətdir ki, maraqlı şəxs hüquqi şəxsin qanuni təmsilçisi deyil və bu hal reyestrdə qeydiyyata alınmışdır. Lakin bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı vaxtadək maraqlı şəxs istinad etdiyi halı təsdiq etdiyi sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırma vəzifəsinə məhkəmə tərəfindən riayət olunmuşdur. Şikayətin dəlilləri əsassız olaraq məhdudlaşdırmadan yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Belə ki, məhdudlaşırmanın tətbiqi üçün hüquqi əsaslar olduğundan azadlıq hüququnun məhdudlaşdırılması hesab edilə bilməz.

13. Kollegiya belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Vergi Məcəlləsinin 16.1, 23.1.15-3, 24.0.2-1, 77.1, 77.3, 78.1-ci, MPM-in 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyasi məhkəməsindəki icraat

15. Maraqlı şəxs qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 701/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-859/2024 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC-nin 2024-cü il 15 may tarixinə dövlət büdcəsinə 25117,90 manat borcu var.

18. Həm apellyasiya şikayətinin, həm də kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, maraqlı şəxs hüquqi şəxsin qanuni təmsilçisi deyil və bu hal reyestrdə qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlillə bağlı qeyd etmişdir ki, hazırkı vaxtadək maraqlı şəxs istinad etdiyi halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

19. Kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla yanlış nəticəyə gəlinmişdir.

20. Vergi Məcəlləsinin 23-cü maddəsində qeyd olunmuş vergi orqanlarının hüquqlarından biri də vergi ödəyicisinin vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsidir.

21. Qanunvericiliyin vergi orqanlarına bu hüququ tanımasındakı məqsədi vergi ödəyicisinin vergi borclarını və ya vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməkdir. Belə ki, məhkəmə qərarı ilə bu cür məhdudiyyətlərin tətbiq edilməsi vergi ödəyicisinin vergi borcunu ödəməsini məqsədini güdür. Nəticədə, bu hüquq vergi orqanına vergi borcunu ödəməyənlərə qarşı əlavə bir vasitə təqdim edir ki, onlar qanuni öhdəliklərinə vaxtında əməl etsinlər.

22. Həmçinin həmin maddədə qeyd edilən hüquqi şəxsin icra orqanının rəhbərinin də ölkədən getmək hüququnun məhdudlaşdırılmasında məqsəd həmin hüquqi şəxsin vergi borclarının ödənilməsini təmin etmək məqsədi daşıyır. Yəni həmin hüquqi şəxslə bağlı olmayan və ya onun rəhbəri olmayan şəxsin vergi borcuna görə ölkədən getmək hüququnun məhdudlaşdırılması yolverilməzdir və qeyd edilən maddənin məqsədindən kənardır.

23. Belə ki, “İnsan Hüquqları və X2 haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

24. Kollegiya qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinə (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) riayət olunması mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiqi üçün kifayət deyildir.

25. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

26. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).

28. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Həmin məcəllənin 82.1-ci maddəsində qeyd edilmişdir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Normanın məzmunundan da göründüyü kimi bu tip hallar və faktlar, ümumiyyətlə, cəmiyyətin geniş kəsimi tərəfindən qəbul edilən və sübut tələb etməyən məlumatlardır. Belə ki, onların doğruluğuna şübhə etmək və ya onları mübahisələndirmək ağlabatan deyildir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsi İnternet Vergi İdarəsi X3 hər kəsə açıqdır və bu barədə məlumatları hər kəs həmin sistemə daxil olmaqla əldə edə bilər. Belə olan təqdirdə kommersiya qurumlarının dövlət reyestr məlumatları da MPM-in 82.1-ci maddəsinin əhatə dairəsinə düşür.

31. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi MPM-in 82.1 və 88-ci maddələrinin tələblərinə riayət etmədən kommersiya qurumunun dövlət reyestr məlumatlarını yoxlamadan yanlış mövqe sərgiləmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs məhkəmə iclasının vaxtı, yeri barədə xəbərdar edilmədiyindən və bunun səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə iclasında iştirak etməyib. Şikayətinin dəlillərinə görə, Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsi qəbul edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (bundan sonra Cəmiyyət adlandırılacaqdır) uzun illlərdir ki, fəaliyyətini dayandırdığında cəmiyyətlə heç bir əlaqəsi olmayıbdır. xx.xx.2024-cü il tarixindən etibarən həmin Cəmiyyətin rəhbəri deyil. Onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülməlidir. Bakı Kommersiya Məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verib, bu qəbildən mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alınmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

35. Maraqlı şəxsə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir..

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Konstitusiyasının: 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

37. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16-cı maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-ci maddəsinə əsasən ərizənin verilməsi: 5-1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

39. Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktının: 12-ci maddəsinə əsasən hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var. Bu hüquq qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

42. Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

43. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

44. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-2-1/2-22652/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) rəhbərinin dövlət qeydiyyatına alındığı tarixdən xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs olmuş, xx.xx.2024-cü il tarixdən hazıradək Dıasamıdze Raulı olduğu müəyyən edilmişdir.

45. Belə ki, “İnsan Hüquqları və X2 haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 23-cü maddəsində qeyd olunmuş vergi orqanlarının hüquqlarından biri də vergi ödəyicisinin vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsidir. Qeyd edilən maddəyə əsasən həmin hüquqi şəxslə bağlı olmayan və ya onun rəhbəri olmayan şəxsin vergi borcuna görə ölkədən getmək hüququnun məhdudlaşdırılması yolverilməzdir və qeyd edilən maddənin məqsədindən kənardır.

47. Göründüyü kimi Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri deyil.

48. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin rəhbəri dəyişdiyi üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına qanuni əsas olmadığı halda məhdudlaşdırmanın saxlanılması “Avropa İnsan hüquqları Konvensiyası”nın və Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş hüquqların pozulmasıdır. Buna görə də mübahisələndirilən qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı və vergi orqanının ərizəsi rədd edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3655/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilsin. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Maraqlı şəxs ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar