Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-356/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3249/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 110014,05 manat məbləğində əsas borc, 22000 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-də olan hesablaşma hesabındakı pul vəsaitlərinə 132044 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3249/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh “xxxx” ASC-də olan hesablaşma hesabındakı 110014,05 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət elektron kabinet vasitəsilə verilmədiyi üçün geri qaytarılmışdır. Həmçinin Məhkəmənin eyni tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan başqa həmin tarixdə iddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin Həzi Aslanov filialındakı hesablaşma hesabındakı 132044,05 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə isə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından elektron kabinet vasitəsilə şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsi həmin ərizə və şikayətə baxmadan, iş materiallarını aidiyyatı üzrə xx.xx.2020-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə göndərmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizəyə və cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Bundan sonra iddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin Həzi Aslanov filialındakı hesablaşma hesabındakı və cavabdehin banklarda olan hesablaşma hesablarındakı 132044,05 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3249/2020 saylı qərardadı ilə cavabdehin verdiyi şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-3249/2020 saylı qərardadı ləğv edilmiş və iddiaçının Cavabdeh “xxxx” ASC-də olan hesablaşma hesabındakı pul vəsaitlərinə 132044 manat həcmində həbs qoyulmasına dair iddianın təmini tədbiri barədə ərizə təmin edilməmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 3249/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizələr qismən təmin edilərək, Cavabdeh “xxxx” ASC-nin Həzi Aslanov filialındakı hesablaşma hesabında və digər banklarda olan hesablaşma hesablarındakı 110014,05 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən bu işlə bağlı hər hansı qərar qəbul edilməsi qanunsuzdur. Çünki kommersiya işi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və bununla bağlı qərardad qəbul edilmişdir. Həmçinin iddianın təmin tədbiri barədə ərizədəki faktı təsdiqləyəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi Vəkil isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin iddianın təmini tədbiri barədə ərizəyə baxmaq üçün səlahiyyətli olub-olmaması məsələsinə qiymət verilməlidir. Yuxarıda da qeyd olunduğu kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3249/2020 saylı qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin iddianın təmini tədbiri barədə ərizəyə baxmaq səlahiyyəti olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə görə iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Lakin kollegiya hesab edir ki, qeyd olunan əsasa görə şikayətin təmin edilməsi məqsədə uyğun deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərindən göründüyü kimi iddianı təmin etmək üçün tədbirlər görülməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü aradan qaldırmaq üçün təcili və təxirəsalınmaz hərəkətləri dərhal həyata keçirməkdən ibarətdir. Təsadüfi deyildir ki, bununla bağlı qəbul edilən qərardadlar da gecikdirilmədən dərhal icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə göndərilir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə məhz səlahiyyətli məhkəmə olmaması səbəbinə görə Bakı Kommersiya Məhkəməsinin qərardadının ləğv edilməsi yuxarıda da qeyd olunduğu kimi iddianın təmin tədbiri barədə institutun mahiyyətini və məqsədini əhəmiyyətsiz etmiş olar. Çünki həmin qərardadın ləğv edilməsi, daha sonra işin aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi və həmin Məhkəmə tərəfindən yenidən bununla bağlı qərardad qəbul edilməsi və icraya yönəldilməsi mülki prosessual qanunvericiliyin tələbləri və mövcud məhkəmə təcrübəsinə əsasən kifayət qədər zaman alacaqdır ki, bu da iddianın təmin tədbiri barədə institutun təcili və təxirəsalınmazlıq prinsipinə ziddiyyət təşkil edir. Məhz buna görə də, hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabının üzərinə əsas borc həcmində həbsin qoyulması düzgündür. Belə ki, iddia tələbi yüksək məbləğin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesablarındakı pul vəsaitlərinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3249/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-356/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-356/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver