Məhkəmə qərarları › İş №2-2(103)-357/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-357/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-357/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-736/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Holcim (Azərbaycan)” ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində bağlanmış O000734200 saylı alqısatqı müqaviləsi üzrə 46226,5 AZN məbləğində əsas borcun, 4570,4 AZN cərimə məbləğinin, cəmi 50796,9 AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh MTK-dan tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın banklarda mövcud olan hesablarındakı pul vəsaitlərinin üzərinə 46226,5 AZN həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-4035/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh MTK-nın bank hesablarının üzərinə iddia tələbi həcmində, yəni 50796,9 (əlli min yeddi yüz doxsan altı manat doxsan qəpik) AZN məbləğində (vergi ödənişləri , əmək haqlarının verilməsi, sosial ödənişlərin edilməsi və s. istisna olmaqla) həbs qoyulması qərara alınmışdır. Cavabdeh "Cavabdeh” MTK həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabındakı hesabı üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni 46226,5 manat məbləğində əsas borcun cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, faktiki fəaliyyət göstərən cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları və məcburi dövlət ödənişləri bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Birinci instansiya məhkəməsi də məsələni yuxarıda qeyd olunan qaydada həll etmiş, lakin iddiaçının cavabdehin bank hesabındakı pul vəsaitinin üzərinə yalnız əsas borc – 46226,5 manat həcmində həbs qoyulmasını xahiş etməsini nəzərə almamış və ərizədən kənara çıxaraq cavabdehin bank hesabındakı pul vəsaitlərinin üzərinə bütünlükdə iddia tələbi həcmində, yəni 50796,9 manat həcmində həbs qoyulması nəticəsinə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "Cavabdeh” MTK tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-736/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilsin. Cavabdeh MTK-nın bank hesabındakı pul vəsaitinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 46226,5 (qırx altı min iki yüz iyirmi altı manat əlli qəpik) manat həcmində həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar