Məhkəmə qərarları › İş №2-2(103)-357/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-357/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-357/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5401/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə1 MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli e-2-2(113)-5401/2021 saylı qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 16.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ''Az BTL” MMC rəsmi qeydiyyata alındığı ünvanda yerləşmir və neçə müddətdir ki, fəaliyyət göstərmir. Bununla bağlı məhkəmə baxışları zamanı da məhkəməyə bildirilmişdir. Qərardada qeyd edilən Süleymanova adı ''Az BTL'' MMC-nin nümayəndəsi, işçisi və ya əməkdaşlıq etdiyi şəxs yoxdur və şəxsiyyəti tərəfə məlum deyildir. Qətnamə cavabdehin qanuni təmsilçisinin müraciəti nəzərə alınmaqla, 27.01.2022-ci il tarixdə məhkəmədən verilməklə, rəsmən təqdim edilmişdir. Apellyasiya şikayəti qətnamə rəsmi təqdim edildiyindən 4 gün sonra “Elektron Məhkəmə“ İnformasiya Sisteminə yerləşdirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayəti qeyd olunan MPM-nin 360-cı maddəsinin tələbinə uyğun 1 ay müddətində vaxtında verilmişdir. Apellyasiya şikayətinin müddətin bərpası barədə məhkəməyə vəsatət o halda verilir ki, apellyasiya şikayəti, qətnamənin rəsmi təqdim edildiyi gündən bir ay ötmüş olsun. Lakin mövcud həqiqi hallardan göründüyü kimi qətnamə cavabdehə rəsmi təqdim edildiyi günə nisbətdə 1 ay müddətində vaxtında verilmişdir. Xəbərnamənin haradan geri gəldiyi və ya kim tərəfindən imzalandığı cavabdehə məlum olmadığı baxımından, bundan irəli gələn prosessual tələb ona aid edilə bilməz və nəticə etibarı ilə cavabdehin məhkəmə müdafiə hüququna ziddir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin hüquqi ünvanı olan Səbail rayonu, Teymur Elçin, ev 4, mənzil 14 ünvanına göndərilmiş və 11.12.2021-ci il tarixdə həmin ünvanda olan “Süleymanova” soyadlı şəxsə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 01.02.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 12 yanvar 2022-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 01.02.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2çisi Qanuni nümayəndə2 da həmin ünvanda qeydiyyatdadır və o, birinci instansiya məhkəməsində keçən məhkəmə iclasında şəxsən iştirak etmiş, lakin özünün və ya Cavabdeh MMC-nin ünvanının dəyişdirilməsi ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 146-cı maddəsində də təsbit olunmuşdur ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5401/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar