Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-358/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMM-in vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2093/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 14.410,76 manat malın dəyərini təşkil edən əsas borc məbləğinin və 2.594,95 manat ƏDV məbləğinin, o cümlədən iddia qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğdə dövlət rüsumunun, cəmi 17.035,7 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsinə və həmin qətnaməyə düzəliş edilməsi barədə 02.07.2021-ci il tarixli qərardadına əsasən, iddia qismən təmin edilmiş, 11.698,94 manat əsas borc, 2.568,06 manat ƏDV məbləği, cəmi 14.267 manat məbləğdə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, qətnamə məhkəmənin gəldiyi nəticələr işin faktiki halları və iş materialları ilə sübuta yetmir. Belə ki, 2017-ci ilin 14 aprelində və 2020-ci ilin 08 mayında iddiaçı ilə cavabdeh arasında alqısatqı müqavilələri bağlanmışdır. Bağlanmış müqavilələrin 1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 84,744 manat dəyərdə mal təhvil verilmiş, lakin cavabdeh müqavilənin 1.2-ci bəndinin şərtlərini pozaraq, aldığı malların dəyərini tam şəkildə ödəməmişdir. Göstərilən dövr üçün ümumilikdə 67,738.26 manat ödəniş edilmiş, aldığı mallara görə hazırda 17,005,70 manat iddiaçıya ödənilməmiş borcu qalmışdır. Göstərilən borc məbləğinin 14.410,76 manatı malın dəyərini təşkil edən borc, 2.594,95 manatı isə ƏDV borcu təşkil etmişdir. Məhkəmə yalnız üzləşdirmə aktı ilə və 07 yanvar 2020-ci il tarixə olan borc üzrə nəticəyə gəlmişdir. Lakin 2020-ci il üzrə alınan mallara görə göndərilmiş elektron qaimələr üzrə heç bir araşdıma aparmamış və həmin il üzrə isə borc məbləğini nəzərə almamışdır. Bu nə məhkəmə qətnaməsində, nə də ki, qərardadında əsaslandırılmamışdır. Cavabdeh isə məhkəməyə ilk etirazında borcunun olmadığını, sonradan 3.000 manat borclarının olduğunu, sonuncu məhkəmə iclasında isə borclarının təxminən 7.000 manat olduğunu etiraf etmişdir. Məhkəmə isə aydınlaşdırmamışdır ki, borc hansı hissədə etiraf olunur. Məhkəmə üzləşmə aktında ümumi məbləğin 27.552,90 manat olduğunu nəzərə alaraq EQ 700301 nömrəli elektron qaimələr üzrə cəmi ödənilmiş 20.000 manatı ümumi məbləğdən çıxaraq qalıq məbləği 7.552,90 manat müəyyən etmişdir. Əslində isə tərəflər arasında borc münasibətləri aşağıdakı qaydada olmuşdur. 08 aprel 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixə kimi 57.616,92 manat məbləğdə mal verilmiş, onun ƏDV-si 10.371,04 manat olmuşdur. Üzləşdirmə aktı imzalanandan sonra borc məbləğindən 34.267 manat, ƏDV borcundan isə 6.168,06 qaytarılmışdır. Borc məbləğindən **********89 nömrəli ödəmə qəbzi üzrə cavabdeh tərəfindən iddiaçıya 22.05.2020-ci il tarixdə EQ 700301 nömrəli elektron qaiməyə əsasən 8.474,58 manat, 22.05.2020-ci il tarixdə EQ 700301 nömrəli elektron qaiməyə əsasən 1.524,42 manat məbləğdə ƏDV məbləği, **********64 nömrəli ödəmə qəbzi üzrə 27.10.2020-ci il tarixdə EQ 700301 nömrəli elektron qaiməyə əsasən 8.474,58 manat, 28.10.2020-ci il tarixdə EQ 700301 nömrəli elektron qaiməyə əsasən isə 1.525,42 manat məbləğdə ƏDV ödəniş edilmişdir. Məhkəmə tərəfindən 2020-ci il üzrə borc məbləğinin hansı əsaslarla nəzərə alınmaması əsaslandırılmamışdır. Halbuki, cəvabdeh elektron qaimələrin onlar tərəfindən qəbul edildiyini, həmin elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında 14.04.2017-ci il tarixli 16/17 nömrəli və 08.05.2020-ci il tarixli 32/20 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən satıcı (iddiaçı) qiymət razılaşma protokolunda nəzərdə tutulan və adı göstərilən malları müqavilənin şərtlərinə uyğun olaraq alıcının (cavabdeh) mülkiyyətinə verməyi, alıcı isə qiymət razılaşma protokolunda və adı göstərilən malları qəbul edib, 5 iş günündən gec olmayaraq ödəniş etməyi üzərinə götürür. Tərəflər arasında tərtib edilmiş 07.01.2020-ci il tarixli Üzləşmə aktına görə, cavabdehin həmin tarixə 57.616,92 manat məbləğdə əsas, 10.371,04 manat məbləğdə ƏDV borcu yaranmış, bu borcdan 34.267 manat məbləğdə əsas, 6.168,06 manat məbləğdə ƏDV ödəniş edilmiş, qalıq borc məbləği 27.552,90 manat təşkil etmişdir. İşdən, həmçinin, müəyyən edilir ki, 07.01.2020-ci il tarixli Üzləşmə aktı tərtib edildikdən sonra iddiaçı tərəfindən cavabdehə təqdim olunan:
1. EBAG 360952 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ 4.785,01 manat, ƏDV məbləği 861,31 manat, EBAH 816539 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ 5.605 manat, ƏDV məbləği 1.008,90 manat, EBAP 837972 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ 1.190 manat, ƏDV məbləği 214,20 manat, EBAQ 743716 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ 2.120 manat, ƏDV məbləği 381,60 manat və EBAR 198380 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ 500 manat, ƏDV məbləği 90 manat dəyərdə (14.200 manat əsas məbləğ, 2.556,01 manat ƏDV olmaqla, cəmi 16.756,02 manat) mallar iddiaçı tərəfdən cavabdehə təqdim olunmuşdur;
2. EBAG 360952 və EBAQ 743716 nömrəli elektron qaimələrə əsasən cavabdeh heç bir ödəniş etməmişdir;
3. EBAP 837972 nömrəli elektron qaimə 21.09.2020-ci il tarixdə, EBAR 198380 nömrəli elektron qaimə isə 21.10.2020-ci il tarixdə tam ödənilmişdir;
4. EBAH 816539 nömrəli elektron qaiməyə əsasən 26.02.2020-ci il tarixdə əsas məbləğdən 4.500 manat, ƏDV məbləğindən 810 manat ödənilmişdir;
5. bununla da, EBAG 360952, EBAH 816539, EBAP 837972, EBAQ 743716, EBAR 198380 nömrəli elektron qaimələr üzrə ödənilmiş əsas məbləğ 23.139,16 manat, ƏDV məbləği 4.164,04 manat, ödənilməmiş əsas məbləğ 14.410,76 manat, ƏDV məbləği isə 2.594,95 manat olmaqla, borc cəmi 17.005,71 manat təşkil edir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli iclasında borcu 7.552 manat hissədə qəbul etdiyini bildirmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, mübahisəli borcun əsası və məbləği işdə olan alqı-satqı müqavilələri, üzləşmə aktı, cavabdehin, 13.10.2020-ci il tarixli EBAR 198380 nömrəli sonuncu elektron qaimə üzrə tam ödəniş olmaqla, ödənişləri və qüvvəyə minmiş elektron qaimələr, habelə, cavabdehin ondan tələb olunan cəmi 17.035,70 manat məbləğdə borcu 7.552 manat hissədə qəbul etməsi və Bakı Kommersiya Məhkəməsinin iddianı 14.267 manat məbləğdə qismən təmin etdiyi 24.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməməsi ilə təsdiqini tapır. Cavabdeh apellyasiya şikayəti vermədiyi üçün borcun mübahisələndirmək hüququ yaranan 2.768,70 manat hissəsinə ümumi ifadələrlə etiraz etsə də, bu hissə ilə bağlı konkret dəlillərə və faktlara istinad etmir. Birinci instansiya məhkəməsi də “Beləliklə üzləşmə aktında ümumi məbləğin 34.267 manat olduğunu nəzərə alaraq cavabdehin ƏDV ilə birlikdə 14.267 manat (34.267- 20.000=14.267) borcu qalmışdır.” nəticəsinə gəlməklə səhvə yol vermişdir. Belə ki, 34.267 manat ümumi məbləğ olmayıb, cəmi 67.987,96 manat məbləğdə qalıq borcun cavabdeh tərəfindən 07.01.2020-ci il tarixədək, yəni ödənilmiş 6.168,06 manat ƏDV nəzərə alınmadan, ödənişi həyata keçirilən əsas məbləğidir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği ƏDV daxil 17.035,71 manatdan yalnız ƏDV daxil 14.267 manatı tutmaqla, səhvə yol vermişdir, qalan ƏDV daxil 2.768,70 manat borc məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tam təmin edilməli, apellyasiya şikayəti təmin edilməli, iddiaçının ödədiyi dövlət rüsumları cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin, MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi tam təmin olunduğu, cavabdeh isə, iddianı 7.552 manat hissədə qəbul etdiyi (qəbul etmədiyi hissə cəmi 9.453,70 manat, yəni 10.000 manatdan az olduğu), habelə, birinci instansiya məhkəməsinin iddia 14.267 manat məbləğdə qismən təmin olunan qətnaməsindən apellyasiya şikayəti vermədiyindən mübahisələndirmək hüququ yalnız 2.768,70 manat hissə ilə bağlı olduğu üçün, tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2093/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 17.005,70 manat (on yeddi min beş manat yetmiş qəpik) məbləğdə pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMM-ə ödənilsin. İddiaçı MMM-in apellyasiya şikayəti təmin edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat və 15 manat, cəmi 45 manat məbləğdə pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMM-ə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova