Məhkəmə qərarları › İş №2-2(103)-358/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-358/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-358/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinov ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4693/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 036/2019 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. Həmin Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya ümumi dəyəti 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.

3. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir.

4. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 30000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında, yalnız Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı tərəf daşıyır.

6. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 6650,52 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 6650,52 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC alqı-satqı müqaviləsinə istinad etsə də, onlar arasında işçi və işəgötürən münasibətləri olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC onu 575/11 nömrəli əmrlə satış nümayəndəsi kimi işə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə isə 570/K nömrəli əmrlə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçi ola-ola onun heç bir əsas olmadan qanunsuz olaraq məhsulların alqı-satqısı barədə 036/2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlamışlar. Müqavilədə guya ona borc olaraq 30.000 manat dəyərində müxtəlif çeşidli məhsulların verildiyini qeyd etmişdilər. Həmçinin borcu 3 ay ərzində ödəməyi öhdəsinə götürür deyə bənd əlavə etmişlər. Halbuki həmin məhsulları o borc kimi almamışdır. Şirkətin işçisi kimi Balakən, Qax və Zaqatala rayonu üzrə ərazini təhvil alarkən müştərilərin əvvəldən yəni ondan öncə şirkətə borcları qalmışdır. Müəyyən müddət işlədikdən sonra ərazini təhvil verərkən müştərilərin bəzilərinin obyektləri bağlanmış və bu barədə Şəki şəhərində olan müdiri Mahir Rəcəbova və Bakı şəhərində müdir Pərviz Zərbiyevə məlumat verilmişdir. Onlar da narahat olmamağını və adından silinəcəyini bildirmişlər. Hazırda isə iddiaçı MMC işçisi ilə bağladığı qanunsuz bir müqaviləni rəhbər tutaraq onlara borclu qaldığını bildirir. Borcun etirafı ilə bağlı qeyd etdikləri ərizə isə tamamilə qanunsuz bir sənəddir və işçi kimi ona və onun kimi bir neçə nəfərə belə ərizələrə əsassız olaraq qol çəkdirmişlər. Həmin ərizənin məhkəmə üçün heç bir hüquqi qüvvəsi yoxdur. Ümumiyyətlə iddia ərizəsində onun şirkətə göstərdikləri məbləğdə borclu olmağı barədə heç bir mötəbər sübut yoxdur. Bundan başqa istinad etdikləri müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və pulun 3 ay ərzində qaytarılması nəzərdə tutulmuşdur. Həmin vaxtdan 3 ildən çox müddət keçmişdir və bu da, qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi deməkdir.

10. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-809/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı məhkəməyə 2020-ci ilə aid olan cavabdehin müqavilə üzrə ödəniş həyata keçirdiyinə dair müxtəlif tarixli üç ədəd mədaxil qəbzinin kötüyünü təqdim etmişdir. Həmin qəbzlər iş üzrə mötəbər sübut hesab edilə bilməz. Belə ki, qəbzlərə nəzər yetirdikdə həqiqətən də ödənişin məhz Cavabdeh tərəfindən həyata keçirildiyini, hansı müqavilə üzrə, hansı məhsullardan söhbət getdiyini müəyyən etmək mümkün deyildir. Təqdim edilən qəbzlərdən görünür ki, məhsul, iş və xidmət sifarişçisinin adı, vöen-i, və digər rekvizitlər qrafasında yalnız Cavabdeh sözləri yazılmış, digər məlumatlar isə qeyd edilməmişdir. Bu da qaydaların tələblərinin pozuntusu olmaqla yanaşı, həmçinin təqdim edilən qəbzlərin mötəbərliyinə şübhə yaradır. Digər məlumatlar qeyd edilə də bilməzdi, çünki həmin dövrdə Cavabdeh adına hər hansı VÖEN açılmamışdır. Məhkəməyə təqdim edilən şəhadətnamədən də görünür ki, cavabdehin adına ilk dəfə 2021-ci ildə VÖEN açılmışdır. Qeyd edilən xüsusatlar deməyə əsas verir ki, iddiaçının həmin saxta qəbzləri təqdim etməkdə məqsədi, iddia müddətinin keçmədiyi görüntüsünü yaratmaqdır.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4693/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

13. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış müqavilənin predmeti 30.000 manat olsa da, iddia tələbi 6650,52 manatla bağlı irəli sürülmüşdür. Bu isə o deməkdir ki, cavabdeh müqavilə dəyərinin 23.349,48 manat hissəsini artıq ödəyib. Ödənişi təsdiq edən sənədlər məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərinin kötüyüdür. Onların tarix və nömrələrindəki uyğunsuzluqlar isə texniki səhv nəticəsində yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

18. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.

21. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

28. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 036/2019 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsinin imzalanması işin mübahisəsiz halını təşkil edir.

29. İddiaçı da həmin müqaviləyə istinad edərək hazırki iddianı irəli sürmüşdür.

30. Bu baxımdan kollegiya hesab edir ki, iddia tərələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

31. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.

32. Belə ki, iş materiallarında olan xx.xx.2019-ci il tarixli 036 saylı məhsulların nisyə alqısatqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 30.000 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir.

33. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 30000 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.

34. Beləliklə, qeyd olunan sənədlərlə cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya borclu olması təsdiq olunur.

35. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilə bilər.

36. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.

38. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli məhsulların nisya alqısatqı müqaviləsinə əsasən Alıcı Satıcıya olan borcunu 3 ay ərzində, yəni xx.xx.2020ci il tarixinə kimi ödəməli idi.

39. Odur ki, iddiaçı cavabdehə qarşı iddia ilə xx.xx.2023-cü il tarixə qədər məhkəməyə müraciət edə bilərdi.

40. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixdə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.

41. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

42. Bununla bağlı iddiaçının dəlillərinə dair kollegiya qeyd edir ki, iddiaçı tərəfindən Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi verilən zaman cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddia müddətinin keçməsi qeyd olunsa da, həmin məhkəmədə işə baxılan zaman mədaxil qəbzləri təqdim edilməmiş və mövcudluğu barədə hər hansı fikir bildirilməmişdir. İstinad olunan üç ədəd mədaxil qəbzləri yalnız xx.xx.2023-cü il tarixində EMİS-nə yüklənmişdir. Eyni zamanda, həmin mədaxil qəbzinin bir nüsxəsinin cavabdehə verilməsi və cavabdeh tərəfindən qəbul edilməsi halı da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin, həmin qəbzlərə əsasən ödənişlərin həqiqətən cavabdeh tərəfindən həyata keçirilməsi nəticəsinə gəlmək mümkün olmur.

43. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4693/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar