Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-36/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və X2 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Vəkil2, cavabdehin nümayəndəsi (qanuni təmsilçi) X3 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh «Cavabdeh” firmasına qarşı «borcun və cərimənin tutulması tələbinə dair» 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-241/2021 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 601.600 manat əsas borcun, 542.711 manat cərimənin və iddia qaldırılarkən ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhəmədən etmişdir. İddianın əsaslarına görə İddiaçı ASC ilə Cavabdeh firması arasında bağlanmış x xxxxxx 2013-cü il tarixli 06-LA/13 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 1.216.000 manat olan, avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlıqların ümumi 100.000 manat məbləğdə ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafiklərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürldüyü öhdəliyi yerinə yetirməmiş və onun qrafik üzrə xx xxxxxxxx 2018-ci il tarixinə 601.600 manat borcu qalmışdır. Ona ünvanlanmış xəbərdarlıq məktubuna baxmayaraq, borcu ödənilməmiş qalmışdır. Bununla da cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Buna görə də qeyd olunan əsas borc və tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinin tələblərinə uyğun olaraq ödənişin gecikdirilməsinə görə cavabdehdən məbləğin 0,1% hesabı ilə hesablanmış 542.711 manat cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-241/2021 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 601.600 manat əsas borc, 30.800 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatı tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh İddiaçı ASC ilə Cavabdeh firması arasında bağlanmış x xxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən dəyərinin bir hissəsini qabaqcadan ödəiməklə 126000 manat dəyərində 1000 tonluq soyuducu kamera üçün avadanlıqları 10 il müddətinə lizinqə götürmüşdür. Lizinq verən həmin avadanlığı quraşdıraraq lizinq alana təhvil verməli idi. Lakin iddiaçı öhdəliyini icra etməmiş, avadanlığı quraşdırmamış, bu səbəbdən lizinq alan həmin avadanlıqdan istifadə edə bilməmişdir. Bununla əlaqədar dəfələrlə iddiaçıya müraciət olunmuş, lakin öhdəlik icra olunmamışdır. Bu fakt xx.xx.2014, xx.xx.2015, xx.xx.2016,xx.xx.2017, xx.xx.2019-cu il tarixli akt-məlumatlarda təsdiq edilir. Eyni zamanda aidiyyət qaydaları da pozulmuşdur. Belə ki, cavabdeh Ağcabədi rayonunda qeydiyyatda olsa da və avadanlıqlar həmin rayonda quraşdırılsa da iddia cavabdehin qeydiyyatda olduğu ünvan üzrə yox iddiaçının ünvanı üzrə verilmişdir. Məhkəməyə çağrılmadığından sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İşə apellyasya qaydasında baxılarkən, İddiaçı ASC MPM-in 58-ci maddəsinə müvafiq olaraq, prosessual hüquq varisi “xxxx” ASC ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 tərəflər arasında 2012-ci ildə ilkin lizinq müqaviləsi bağlandığını və həmin müqaviləyə əsasən lizinq avadanlığı quraşdırılaraq cavabdehin təhvil verildiyini və bu barədə təhviltəslim aktı imzalandığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclasında iştirak edən digər nümayəndə M. Süleymanova da cavabdehin apellyasiya şikayəti ilə razılşmamış, qətnaməni qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, o, iddiaçı ilə aralarında bağlanmış x xxxxxx 2013-cü il tarixli lizinq müqaviləsinə əsasən dəyərinin bir hissəsi qabaqcadan ödənilməklə, 126000 manat dəyərində 1000 tonluq soyuducu kamera üçün avadanlıqların 10 il müddətinə lizinqə götürdüyünü mübahisələndirmir. Onun mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçı öhdəliiyini icra etməmiş, lizinq avadanlığını quraşdırmamış, bu səbəbdən lizinq alan həmin avadanlıqdan istifadə edə bilməmişdir. Lakin cavabdehin qeyd olunan dəlilləri qanunvericiliyin aşağıda qeyd olunan tələbləri və iş materiallarında olan və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən hallarla təkzib olunur. Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətləin ggöstərilməsi barədə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. İşdən görünür ki, tərəflər arasında - x xxxxxx 2013-cü il tarixdə lizinq müqaviləsi bağlanmazdan əvvəl “Qaz sistemli soyuducu kameranın avadanlıqlarının quraşdırılması ilə birlikdə linqə verilməsi barədə» 30İM12 saylı ilkin müqavilə bağlanmışdır. Həmin (ilkin) müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini lizinq alanın ərizəsinə əsasən lizinq verən 1000 tonluq soyuducu kamera üçün avadanlıqların 10 il müddətinə lizinqə verilməsini təmin edilməsi təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq verən avadanlığı istehsalçıdan aldıqdan sonra tərəflər əsas lizinq müqaviləsini bağlamağı öhdəsinə götürürlər. Lizinq müqaviləsi bağlanarkən avadanlığın satış qiyməti müəyyənləşdiriləcək. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və əsas müqavilə bağlandıqdan sonra qüvvədən düşür. İşdən görünür ki, ilkin müqavilənin qeyd olunan 1.1-ci bəndinə müvafiq olaraq , iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, lizinq verən iddiaçı İddiaçı ASC, satıcı X8 Limited» şirkəti və lizinq alan Cavabdeh firması xx xxxxxx 2012-ci il tarixdə üçtərəfli qaydada İddiaçı ASC-yə məxsus «Ağcabədi rayonu ərazisində tutumu 1000 ton olan atmosfer kontrollu soyuducu kamera avadanlığının lizinqə alana təhvil verilməsi barədə» Akt imzalanıb təsdiq olunmuşdur. Həmin aktdan isə görünür ki, tutumu 1000 tonluq soyuducu anbar avadanlığı – Ağcabədi - Beyləqan yolunun sol tərəfində lizinq alan Cavabdeh firmasının ərazisində quraşdırılması başa çatdırılmış və Ağcabədi rayon sakini (yəni, cavabdeh firmanın direktrouna) X4 istifadəyə tam hazır işlək vəziyyətdə təhvil verilmişdir. Aktdan həmçinin görünür ki, sonuncu tərəfindən həmin aktda avadanlıqla bağlı hər hansı bir irad və ya qeyd-şərt bildirilməmişdir. Halbuki, Mülki Məcəllənin 748-1.2-ci maddəsinə görə lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin qeyd olunan nümayəndəsi (direktoru M.Əliyev ) məhkəməyə verdiyi izahatında təhvil aktının tərəfindən imzalandığını təsdiq etmişdir. Bundan əlavə onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də həqiqətən görünür ki, mübahisəli lizinq avadanlığı firmanın ərazisində quraşdırılmış və o, lizinq avadanlığının ona təhvil verilməsi barədə aktı imzaladığını etiraf etmiş mübahisələndirməmişdir. İş materiallarından görünür ki, qeyd olunan təhvil aktına əsasən lizinq avadanlığı işlək vəziyyətdə cavabdehin istifadəsinə təhvil verildikdən sonra, xx xxxxxx 2013-cü il tarixində tərəflər arasında əsas müqavilə bağlanmış və həmin müqaviləyə əsasən də lizinq müqaviləsi üzrə avadanlığın ümumi dəyəri ******* manat məbləğində müəyyən edilməklə, tərəflər hüquq və vəzifələri, ödəniş qaydasını sair məsələlər barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbindən isə görünür ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış saylır. Beləliklə də iddiaçı lizinq verən tərəfindən lizinq avadanlığının ilkin və əsas müqavilə şərtlərinə uyğun olaraq lizinq alan cavabdehin ərazisində quraşdırıldığı və işlək vəziyyətdə istifadəsinə verildiyi sübuta yetirilir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin avadanlığın quraşdırılmadığını və bu səbəbdən ondan istifadə edə bilmədiyini mübahisələndirilən dəlilləri əsassızdır. Belə olan halda, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lakin cavabdeh tərəfindən lizinq avadanlığının ümumi dəyərindən 100.000 manat məbləğdə ilkin ödəniş aparılsasa da, bundan sonra ödəniş qrafikinə uyğun olaraq 2013-cü ilin aprel ayından (2-ci rübündən) xx xxxxxxxx 2018-ci il tarixinə (üçüncü rübünə) kimi heç bir ödəniş aparılmamış 601.600 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci insatansiya məhkəməsinin qətnaməsi ilə xx xxxxxxxx 2018-ci il tarixinə kimi yaranmış 601.600 manat məbləğində əsas borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Bundan əlavə, lizinq müqaviləsinin 4.2-ci bəndinin şərti nəzərədə tutur ki, lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddia tələbindən və iddiaçının işə əlavə olunmuş maliyyə arayışından göründüyü kimi, 2013-cü ilin ikinci rübündən 2018-ci ilin üçüncü rübünədək olan dövr üzrə ödənişi gecikdirməsinə görə cavabdehə 542711 manat məbləğində cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tələb olunan həmin cərimə (dəbbə pulunun) məbləğini əsas borca mütənasibdə mütənasib saymamış və 30.080 manat ( yəni əsas məbləğin 50 faizi ) həcmində cavabdehdən tutulması məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası həmin mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, işin qeyd olunan halları onu göstərir ki, cavabdeh apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi və ona əlavə etdiyi invntarlaşma məlumatlarında sonradan aşkar olunan nasazlıqlarla bağlı aşağıdakıları qeyd edir. Birincisi, Mülki Məcəllənin 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdən keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. İkincisi, həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Tərəflər arasıda bağlanmış x xxxxxx 2013-cü il lizinq müqaviləsinin: -3.8-ci bəndinə əsasən lizinq alan avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə. Texniki istimar qaydalarına. İstehsalçının təminatlaorına əməl etməyə borcluludr; -3.9-cu bəndi isə nəzərdə tutur ki, lizinq alan avadanlığa texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir; -3.11-ci bəndinə əsasən lizinq verənin rəsmi razılığı əsasında lizinq alan avadanlığın üzərində hər hansı konstruktiv dəyişiklikləri öz vəsaiti hesabına həyata keçirir; -3.13-cü bəndinə əsasən lizinq alan lizinqə verənin tələbi ilə istifadə etdiyi avadanlığın vəziyyəti barədə istğənilən vaxtda məlumat verməlidir. -3.14-cü bəndinə əsasən lizinq verən istənilən zaman istifadə edilən avadanlığın vəziyyətini yoxlamaq hüquqna malikdir. Mülki qanunvericiliyin və lizinq müqaviləsinin qeyd olunan tələblərindən göründüyü kimi, lizinq alan lizinq obyektinə texniki qulluğu öz hesabına həyata keçirmli, onun vəziyyəti barədə lizinq verən va məlumat verməli, lizinq verən isə öz növbəsində istifadə edilən avadanlığın vəziyyətini yoxlamaq hüququna malikdir. Göründüyü kimi, cavabdehin lizinq avadanlığını istifadəyə yararalı vəziyyətdə təhvil aldığı halda, sonradan həmin avadanlıqda yaranmış nasazlıqlar barədə, habelə əlavə qurğuların quraşdırılması ilə bağlı iddiaçıya məlumat verməsi və sonuncu tərəfindən onun iştirakı ilə invetarlaşma məlumatları tərtib olunması – bütün bu prosedurlar tərəflərin qanunla və müqavilə üzrə üzərinə düşən öhdəliklərini ehtiva edir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin həmin inventarlaşma barədə məlumatlara istinad olunan dəlilləri lizinq veərənin hazırkı iddia tələbinin əsassız olduğunu qiymətləndirilməsi üçün əsas vermir. Cavabdehin birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyətinin pozulduğunu və mübahisəyə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu mübahisələndirən dəlilləri də əsassızdır. Belə ki, MPM-in 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş idlə mübahisəli işin ərazi adiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Lizinq müqaviləsinin 8-ci bəndindən tərəflər ilə belə razılığa gəlmişlər ki, onlar arasında mübahisə yarandıqda lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər. İş materiallarından isə görünür ki, lizinq verən iddiaçının yerləşdiyi yer isə Bakı şəhərinə, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasının əhatə dairəsinə düşdüyündən iddia da məhz həmin məhkəməyə verilmişdir. Beləliklə də yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və hesab edir ki, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, həmin qətnamə ləğv oluna bilməz. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 241/2021 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «Cavabdeh” firmasına apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-241/2021 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-36/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-36/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver