Məhkəmə qərarları › İş №2-2(103)-36/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-36/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-36/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi X1, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 iştirakı ilə iddiaçının cavabdehə qarşı ekspeditor və logistika xidmətlərinin dəyərinin ödənilməsi tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-312/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR Dövlət Gömrük Komitəsi) məhkəməyə müraciət edərək, 21.12.2019-cu il tarixli CF/002/12/2019 nömrəli “Nəqliyyat - ekspedisiya xidməti” müqaviləsi əsasında onun tərəfindən həyata keçirilmiş ekspeditor və logistika xidmətlərinə görə 3.135 ABŞ dolları məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan 3.495,05 Avro məbləğdə pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 21.12.2019-cu il tarixli CF/002/12/2019 nömrəli “Nəqliyyat - ekspedisiya xidməti” müqaviləsi əsasında iddiaçı tərəfindən həyata keçirilmiş ekspeditor və logistika xidmətlərinə görə 1.654 Avro məbləğdə pul vəsaitinin manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçıdan 3.495,05 Avro məbləğdə pul vəsaitinin manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 manat dövlət rüsumunun tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ilk iddia rədd edilən və qarşılıqlı iddia təmin edilən hissələrdə ləğv edilərək, ilk iddanın təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən, ilk iddiaçı və onun agenti tərəfindən daşınmış mallara onlar tərəfindən hər hansı müdaxilənin mümkün ola bilməməsi ilə bağlı heç bir münasibət bildirməmişdir. Belə ki, 24.02.2020-ci il tarixdə ümumilikdə 8 palet olmaqla, 2.542,78 kq yük ilk iddiaçının agenti tərəfindən avtomobil nəqliyyatı ilə Avstriya Respublikasından Almaniya Federativ Respublikasına daşınmış, daha sonra Almaniya Federativ Respublikasında ilk iddiaçı tərəfindən təhvil alınmış və 16.03.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Qeyd edilən hərəkətlər sadalanan ölkələrin gömrük orqanlarında həyata keçirilmiş və daşıyıcı nəqliyyat vasitələrinin qapılarına gömrük orqanları tərəfindən plomblar vurulmuşdur. Məhkəmənin qətnaməsində “... cavabdehin yazılı sifarişinə əsasən Ekspeditor yüklərin qəbul edilməsi, toplanması, çeşidlənməsi, anbarda saxlanması, yüklənməsi, boşaldılması, saxlanca verilməsi, daşınması ilə bağlı xidmətlər yəni həmin müqavilə əsasında iddiaçı cavabdehin sifarişi üzrə Avstriya Respublikasından Azərbaycan Respublikası ərazisinə cavabdehin adından və onun hesabına ekspeditor və logistika xidmətləri göstərilməsi işin mübahisəsiz hallarıdır” qənaətinə gəldikdə isə qeyd edilməlidir ki, əgər məhkəmə yükün yüklənməsi və boşaldılması kimi halları işin mübahisəsiz halı kimi qəbul etmişdirsə, deməli, yükün Avstriya Respublikasından Almaniya Federativ Respublikasına daşınan zaman həmin ölkələrin gömrük orqanlarında yükün təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcı nəqliyyat vasitələrinin qapılarına plomb vurulmuş olmasını nəzərə almalı idi. Bir halda ki, Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən daşıyıcı nəqliyyat vasitəsinin plomblarının sıradan çıxmasına (plomblara müdaxilə və s.) dair hər hansı hal müşahidə edilməmişdir, deməli, əksi sübut edilmirsə, bu, yükün daşıyıcı tərəfindən Azərbaycan Respublikasına salamat vəziyyətdə daşınması deməkdir. Həmçinin, Azərbaycan Respublikasına çatdırılmış yük gömrük rəsmiləşdirilməsi üçün “İpəkyolu” Gömrük Postunun gömrük anbarına yerləşdirilmiş, cavabdeh şirkətin nümayəndəsinin də iştirakı ilə yük boşaldılmış, yük cavabdeh tərəfindən qəbul edilmiş və CMR gömrük möhürü ilə təsdiq edilmişdir. Yüklərin tamamilə boşaldılmasından sonra nə cavabdehin nümayəndəsi, nə də gömrük xidmətinin əməkdaşları tərəfindən heç bir irad bildirilməmiş, hər hansı qüsurun və ya çatışmazlığın olduğu qeyd edilməmişdir. Həmin hal həmçinin CMR-də bu barədə heç bir qeydin olmaması ilə təsdiq edilir. Cavabdeh şirkətin nümayəndəsi daşıyıcıdan yükü qəbul edərkən yükün əskik çıxması barədə heç bir pretenziya bildirməmiş və bu barədə CMR-də hər hansı qeyd aparmamışdır. Bu da yükün cavabdeh tərəfindən həm çəki, həm də say üzrə salamat şəkildə təhvil alınmasının göstəricisidir. Cavabdeh yükün əskik gəlməsini belə əsaslandırmağa cəhd edir ki, yük boşaldılandan sonra daşıyıcının iştirakı olmadan paletlər açılaraq, qutuların boşaldılması zamanı, guya, bəzi qutuların boş olması aşkar edilmişdir, bununla bağlı cavabdeh tərəfindən sadəcə telefon zəngi ilə yükün cavabdehə təhvil verilməsindən 5 saat sonra iddiaçıya şifahi şəkildə malların əskik çıxması barədə məlumat verilmişdir. Cavabdehin bu “dəlili” tamamilə əsassızdır və yükün əskik olmasını sübut edən hal kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, yük cavabdehə təhvil verilmiş, paletlərin xarici görünüşündə müdaxilə əlamətləri olmamış, hər hansı itki və zərərin ümumi xüsusiyyətini göstərən irad yükü qəbul edən cavabdeh tərəfindən yeddi gün ərzində, həmçinin yazılı formada irəli sürülməmişdir. İddiaçı Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxsdir və onun ünvanı cavabdehə məlumdur, malların iddia edilən əskikliyi barədə yazılı şəkildə, rəsmi qaydada iddiaçının hüquqi ünvanına göndərilə bilərdi. Belə ki, 11.02.2000-ci il tarixli Qanunla Azərbaycan Respublikasının qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyanın 30-cu maddəsinə əsasən, “1. Yükü alan yükü qəbul edib daşıyıcının yanında və ya ən geci yükü qəbul edəndə onun vəziyyətini, gözə çarpan itki və ya zədə almasını yoxlamadıqda və ya yük qəbul edildikdən, bazar günləri və digər istirahət günləri istisna olmaq şərtilə, yeddi gün ərzində xaricdən nəzərə çarpmayan itki və zədələr haqqında daşıyıcıya itki və zərərin ümumi xüsusiyyətini göstərən iradını irəli sürmədikdə yükün qaimədə göstərilən vəziyyətdə yük alan tərəfindən qəbul edildiyi hesab olunur. Xaricdən nəzərə çarpmayan itki və zərərlər aşkar olduqda yuxarıda göstərilən qeydlər yazılı formada irəli sürülür.” Həmçinin, iddiaçı tərəfindən yükün cavabdehə çatdırılması və cavabdeh tərəfindən qəbul edilməsi faktı işin mübahisələndirilməyən halıdır. Gömrük anbarında yüklərin boşaldılması prosesi kimi təqdim edilən videoyazıya gəldikdə isə, birinci instansiya məhkəməsi həmin videoyazıya da münasibət bildirməmişdir. Həmin videoda paletlərin sarğılarının açılması prosesi deyil, bundan xeyli sonrakı proseslər əks etdirilir. Digər tərəfdən, həmin videoda qutulardan bəzilərinin boş olması şifahi şəkildə bildirilsə də, uzun müddət avtomobil nəqliyyatı ilə daşıma zamanı içərisi yüklə dolu olan qutuların alt hissəsində içərisi boş olan qutuların əzilib deformasiyaya məruz qalmadığı da cavabdehin qarşılıqlı iddia tələbinin əsassız olduğunu təsdiq edir. Həmçinin, cavabdeh tərəfindən video-çəkiliş yükün bilavasitə boşaldılmağa başlanması anından deyil, bundan xeyli sonra aparılmışdır. Bu isə, yüklərin “əskik çıxması”nı və bunun “daşıyıcının təqsiri” üzündən baş verməyini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə etmiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməmiş, üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə həvalə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ilk iddia rədd olunan və qarşılıqlı iddia təmin edilən hissələrdə qismən ləğv edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması xahiş edildiyi, cavabdeh ilk iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız mübahisəli ilk iddia rədd olunan və qarşılıqlı iddia təmin edilən hissələrdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən olunur ki, iddiaçı ekspeditor ilə cavabdeh müştəri arasında 21.12.2019-cu il tarixli CF/002/12/2019 nömrəli “Nəqliyyat ekspedisiya xidməti” müqaviləsi bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə, müştərinin yazılı sifarişinə əsasən, ekspeditor yüklərin qəbul edilməsi, toplanması, çeşidlənməsi, anbarda saxlanması, yüklənməsi, boşaldılması, saxlanca verilməsi, daşınması ilə bağlı xidmətlər göstərir, 2.6-cı bəndinə əsasən, müqaviləyə əsasən ekspeditor sifarişin həyata keçirildiyi zaman yüklərə dəyə bilə ziyanın, itkinin və məhv olmanın qarşısını almaq məqsədilə təhlükəsiz daşınmaya dair tələb olunan tədbirləri görməlidir, 2.9-cu bəndinə görə, müştəri ekspeditorun həyata keçirdiyi xidmətlərə görə vaxtında və düzgün qaydada ödəniş olunmasını təmin edir; 4.3-cü bəndinə əsasən, yüklərin daşınması zamanı yükün qorunmasına görə məsuliyyət yükdaşıma sənədlərindəki qayda və şərtlərə əsasən yük daşıyanın üzərinə düşür, 4.5-ci bəndinə görə, tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilə əsasında iddiaçı cavabdehin sifarişi üzrə Avstriya Respublikasından Azərbaycan Respublikası ərazisinə cavabdehin adından və onun hesabına ekspeditor və logistika xidmətləri göstərmişdir. İşdə olan, “X11 GmbH” şirkətinın cavabdehə ünvanladığı 30.04.2020-ci il tarixli məktubuna görə, “X11 GmbH” şirkəti təsdiq edir ki, 84592 NCAP ESRESSO DECAF məhsulunun 5 kartonu xaricində 282464501, 282464491, 282464489, ********* nömrəli çatdırılma qeydlərindəki bütün mallar ekspeditor “Globalsped GmbH” şirkətinə tam miqdarda təhvil verilmişdir. Lagermax yükdaşıma şirkətinin çatdırılma sənədinə əsasən, 24.02.2020-ci il tarixdə ümumilikdə 8 palet olmaqla, 2.542,78 kq yük iddiaçı tərəfindən avtomobil nəqliyyatı ilə Avstriya Respublikasından Almaniya Federativ Respublikasına daşınmış, daha sonra 16.03.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Qısa idxal bəyannaməsinə görə, cavabdeh tərəfindən verilmiş sifariş cəmi dəyəri 27.673,26 Avro olan 13.02.2020-ci il tarixli 100246263/100246266/100252585 və 100246261/100259296 nömrəli invoyslarla 38YS960/38YS581 nömrəli avtomaşınlarda gətirilmişdir. Beynəlxalq yük sənədinə (CMR) əsasən, 8 palet paketin xalis çəkisi 2.734,783 kq təşkil etmişdir. 11.03.2020-ci il tarixli **********1046 nömrəli Gömrük bəyannaməsinə görə, ixracatçı “X11 GmbH” şirkəti, idxalatçı cavabdeh, bəyannaməçi/təmsilçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi, maliyyə tənzimlənməsinə məsul şəxs cavabdeh, valyuta və malların ümumi invoys dəyəri 27.673,26 Avro, ümumi gömrük dəyəri 56.197,72 manat olaraq göstərilmişdir. 16.03.2020-ci il tarixdə “İpəkyolu” GP-nin böyük inspektoru Asim Balayev və Cavabdeh MMC-nin nümayəndəsi Vadim Ponomarenka tərəfindən tərtib və imza olunan “İpəkyolu” GP aktda qeyd edilmişdir ki, “Biz aşağıda imza edənlər “İpəkyolu” GP-nin böyük inspektoru Balayev Asim, Cavabdeh MMC-nin nümayəndəsi Vadim Ponomarenka və 6-cı anbarda yükün boşalmasında iştirak edən fəhlə - X3 bu aktı tərtib etdik ondan ötəri ki, Avstriya Respublikasından ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh MMC-nin ünvanına 38YS960/38YS581 nömrəli avtomaşında gələn və BBGİ-də **********1046 saylı GB ilə rəsmiləşdirilən yükə tərəfimizdən gömrük baxışı keçirildi. Baxış zamanı bəyan olunmuş mallardan “Julius Meinl” nişanlı kofeinlə qovrulmuş qəhvədən 6 ədəd (6 kq), “Julius Meinl” nişanlı Decaf qovrulmuş qəhvədən 50 ədəd, “Julius Meinl” nişanlı Ristreto qovrulmuş qəhvədən 10 ədəd, Lungo Arabica 80 ədəd, “Julius Meinl” nişanlı şüşə qablardan 12 ədəd, “Julius Meinl” nişanlı farfordan mətbəx qablarından 12 ədəd, “Julius Meinl” nişanlı qəhvənin və digər içkilərin hazırlanması üçün qurğulardan 44 ədəd, “Julius Meinl” nişanlı isti içkilərin hazırlanması üçün cihazlardan 1 ədəd əskik olduğu aşkar olundu.” 05.05.2020-ci il tarixli **********1059 nömrəli Gömrük bəyannaməsinə əsasən, ixracatçı “X11 GmbH” şirkəti, idxalatçı cavabdeh, bəyannaməçi/təmsilçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi, maliyyə tənzimlənməsinə məsul şəxs cavabdeh, valyuta və malların ümumi invoys dəyəri 24.071,02 Avro, ümumi gömrük dəyəri 47.310,84 manat olaraq göstərilmişdir. AR Dövlət Gömrük Komitəsinin iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ünvanlanan 17.07.2021-ci il tarixli 1000-190/190-24/011577 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin X4 və Ticarətin Asanlaşdırılması Baş İdarəsindən daxil olmuş 10.07.2021-ci il tarixli 34/130/036873 nömrəli raportda qaldırılan məsələ ilə əlaqədar X2 idarəsində aparılan xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Avstriya Respublikasının “X11 GmbH” şirkətindən Cavabdeh MMC-nin ünvanına ** YS ***/** YS *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş və 11.03.2020-ci il tarixli **********1046 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən 27.673,26 Avro dəyərində müxtəlif adda malların 16.03.2020-ci il tarixdə yük nəqliyyat vasitəsindən boşaldılmasına gömrük nəzarəti Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postunun böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı X7 tərəfindən həyata keçirilmiş, gömrük nəzarəti zamanı yük nəqliyyat vasitəsindən boşaldılan mallarla 11.03.2020-ci il tarixli **********1046 nömrəli gömrük bəyannaməsində bəyan olunan mallar eyniləşdirilmiş və heç bir pozuntu halı aşkar edilməmişdir. Cavabdeh MMC 02.05.2020-ci il tarixdə 24/24/012355 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət etmiş, 11.03.2020-ci il tarixli **********1046 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən 27.673,26 Avro dəyərində müxtəlif adda mallardan 3.602,55 Avro dəyərində malların əskik olduğu səbəbindən həmin gömrük bəyannaməsinin ləğv edilməsini xahiş etmişdir. Sözügedən müraciət əsasında 11.03.2020-ci il tarixli **********1046 nömrəli gömrük bəyannaməsi ləğv edilmiş və 24.071,02 Avro dəyərində digər mallar Cavabdeh MMC tərəfindən 05.05.2020-ci il tarixli **********1059 nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postunun böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı X7 05.05.2020-ci il tarixli **********1059 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların sərbəst dövriyyəyə buraxılışını həyata keçirərkən malların düzgün bəyan olunmadığını aşkar edə bilməmişdir. Belə ki, Asim Balayev 11.03.2020-ci il tarixli **********1046 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən 27.673,26 Avro dəyərində müxtəlif adda malların mart 2020-ci il tarixdə yük nəqliyyat vasitəsindən boşaldılmasına gömrük nəzarətini həyata keçirərkən heç bir pozuntu halı aşkar etmədiyinə, bəyan olunan malların çatışmadığı barədə 16.03.2020-ci il tarixli aktın tərtibi prosesində iştirak etmədiyinə və sözügedən aktdakı adının qarşısında olan imzanın ona məxsus olmadığına baxmayaraq, 05.05.2020ci il tarixli **********1059 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların sərbəst dövriyyəyə buraxılışını həyata keçirərkən bü xüsusatlara diqqət yetirməmiş və malların düzgün bəyan olunmadığını aşkar edə bilməmişdir. Bu səbəbdən Asim Balayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 17.07.2021-ci il tarixli 1000/471Ş nömrəli əmri ilə intizam məsuliyyətinə cəlb edilmiş, Cavabdeh MMC-nin əməlinə hüquqi qiymət verilməsinin, o cümlədən 05.05.2020-ci il tarixli **********1059 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların həmin mallara dair gömrük orqanına təqdim edilmiş 13.02.2021-ci il tarixli **********/100259296 və 100246263/100246266/100252585 nömrəli hesab-fakturalarda göstərilən dəyər və say əsasında gömrük rəsmiləşdirilməsindən keçirilməsinin təmin edilməsi həmin əmrlə Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın e-2-2(103)-835/2021 nömrəli iş üzrə 22.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.01.2022-ci il tarixli 4/1439 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 2-ci cildinin 117-ci vərəqəsində olan 16.03.2019-cu il tarixli aktda “İpək Yolu” GP-nin böyük inspektoru Asim Balayev” sözlərinin qarşısındakı imza - BALAYEV ASİM RASİM oğlu tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır; 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyini icra etməmiş, iddiaçı tərəfindən göstərilmiş ekspeditor və logistika xidmətlərinin dəyərini ödəməmişdir. Belə ki, 24.02.2020-ci il tarixdə ümumilikdə 8 palet olmaqla, 2.542,78 kq yük iddiaçı tərəfindən avtomobil nəqliyyatı ilə Avstriya Respublikasından Almaniya Federativ Respublikasına daşınmış, daha sonra 16.03.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, yük beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (CMR) əsasında, eləcə də tərəflər arasında bağlanmış “Nəqliyyat - ekspedisiya xidməti” müqaviləsi əsasında daşınmışdır. Azərbaycan Respublikasına çatdırılmış yük gömrük rəsmiləşdirilməsi üçün “İpəkyolu” Gömrük Postunun gömrük anbarına yerləşdirilmiş, cavabdeh şirkətin nümayəndəsinin də iştirakı ilə yük boşaldılmış, yük cavabdeh tərəfindən qəbul edilmiş və CMR gömrük möhürü ilə təsdiq edilmişdir. Yüklərin tamamilə boşaldılmasından sonra nə cavabdehin nümayəndəsi, nə də gömrük xidmətinin əməkdaşları tərəfindən heç bir irad bildirilməmiş, hər hansı qüsurun və ya çatışmazlığın olduğu qeyd edilməmişdir. Həmin hal həmçinin CMR-də bu barədə heç bir qeydin olmaması ilə təsdiq edilir. Yük cavabdehə təhvil verilməsindən 5 saat sonra cavabdeh tərəfindən iddiaçıya zəng edilərək, şifahi şəkildə malların əskik çıxması və bu barədə “İpək Yolu” GP-nin böyük inspektoru A.Balayev, cavabdeh şirkətin nümayəndəsi V.Ponomarenko və 6-cı anbarda yükün boşaldılmasında iştirak edən fəhlə M.Rəşad tərəfindən 13.03.2020-ci il tarixli Akt tərtib edilməsi bildirilmişdir. Həmin Aktda cavabdehə göndərilən bəzi malların əskik olduğu qeyd edilmişdir. Cavabdeh isə hesab edir ki, onun ünvanına 11.03.2020-ci il tarixdə cəmi dəyəri 27.673,26 Avro olan 13.02.2020-ci il tarixli 100246263/100246266/100252585 və 100246261/100259296 nömrəli invoyslarla 38YS960/38YS581 nömrəli avtomaşınlarda gələn və Bakı Baş Gömrük İdarəsində **********1046 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yükə “İpəkyolu” gömrük postunda 16.03.2020-ci il tarixdə keçirilən baxış zamanı bəyan olunmuş mallardan “Julius Meinl” nişanlı 6 ədəd kofeinlə qovrulmuş qəhvənin (Gusto Pieno), 50 ədəd Espresso Decaf qovrulmuş qəhvənin, 10 ədəd Ristretto İntenso qovrulmuş qəhvənin, 80 ədəd Lungo Arabicanın, 12 ədəd şüşə qabın, 12 ədəd farfordan mətbəx qabının, 44 ədəd qəhvə və digər içkilərin hazırlanması üçün qurğuların (X9) və 1 ədəd isti içkilərin hazırlanması üçün cihazın (aparat Cafea Dr.Coffee), ümumilikdə 3.495,05 Avro məbləğdə mal və avadanlığın əskik olduğu aşkar edilmişdir. Bununla bağlı olaraq iddiaçının nümayəndəsi ilə telefon əlaqəsi saxlanılaraq malların qablaşdırılmış qutulardan çıxarılması prosesində iştirak edilməsi xahiş edilsə də, qarşı tərəf bundan imtina etmişdir. Daha sonra gömrük postunun inspektorunun iştirakı ilə akt tərtib edilərək çatışmayan mallar müəyyən edilmişdir. Qeyd edilən halın araşdırılması məqsədilə malı göndərən xarici hüquqi şəxsə müraciət olunmuş, müraciətə cavab olaraq 5 ədəd qutu istisna olmaqla, digər bütün malların göndərildiyi qeyd olunmuşdur. Bundan sonra gömrük orqanı tərəfindən yeni gömrük bəyannaməsi təsdiq edilmişdir. Həmin bəyannamədən görünür ki, aktda qeyd edilən mallar mövcud olmamaqla yanaşı, ilkin bəyan olunan malların çəkisi yeni tərtib olunan bəyannamədəki malların çəkisindən azlıq təşkil edir. Bu hal çatışmayan malların iddiaçının təqsirinə görə yoxa çıxması faktını aşkar edir. Belə olan halda, iddiaçı müqavilə şərtləri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İşin apellyasiya araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında ən mübahisəli məqam 16.03.2020-ci il tarixdə mallar cavabdeh tərəfindən açılaraq qəbul edilərkən aşkar olunan çatışmazlıqlarla bağlıdır. Cavabdeh bu faktın təsdiqi kimi həmin tarixdə gömrük orqanının əməkdaşının iştirakı ilə tərtib olunan akta istinad edir. AR Dövlət Gömrük Komitəsi 17.07.2021-ci il tarixli 1000-190/190-24/011577 nömrəli məktubunda “... Asim Balayev 11.03.2020-ci il tarixli **********1046 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən 27.673,26 Avro dəyərində müxtəlif adda malların mart 2020-ci il tarixdə yük nəqliyyat vasitəsindən boşaldılmasına gömrük nəzarətini həyata keçirərkən heç bir pozuntu halı aşkar etmədiyinə, bəyan olunan malların çatışmadığı barədə 16.03.2020-ci il tarixli aktın tərtibi prosesində iştirak etmədiyinə və sözügedən aktdakı adının qarşısında olan imzanın ona məxsus olmadığına baxmayaraq ...” barədə fikr bildirildikdən sonra sözügedən aktdakı imzanın A.Balayevə məxsus olub-olmaması məsələsinin dəqiqləşdirilməsi zərurəti yaranmış, ekspert rəyi ilə məsələ açıqlığa qovuşmuş, məhz bundan sonra işin bu halı mübahisəli olmaqdan çıxmışdır. Məhkəmə kollegiyası ekspertizaya təqdim olunan, əslində 16.03.2020-ci il tarixdə tərtib olunduğu işin digər materilları ilə tam sübuta yetirilən aktda 16.03.2019-cu il tarixinin göstərilməsini texniki səhv olaraq qəbul edir. Apellyasiya şikayətində ilk və qarşılıqlı iddiaların mübahisəli məbləğləri ilə bağlı dəlil irəli sürülməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-312/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar