Məhkəmə qərarları › İş №2-2(103)-360/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-360/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-360/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2-2(113)-590/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 773797,00 manat gecikdirilmiş borcun və hesablanmış 744571,21 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərci, cəmi 1519268,21 manat pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Məhkəməyə yazılı vəsatət ünvanlayaraq işin aidiyyət qaydalarının pozulmaqla verildiyindən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 saylı qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il tarixli 06- LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 773797,00 manat gecikdirilmiş borcun və hesablanmış 744571,21 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərci, cəmi 1519268,21 manat pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərindən vəsatət verilərək bildirmişlər ki, məhkəmə tərəfindən ilk məhkəmə iclası barədə cavabdehə hər hansı bir məlumat verilməmişdir. İkinci məhkəmə iclasının hazırlıq iclası barədə isə yalnız SMS göndərilmiş və həmin məhkəmə iclasına tərəfimdən ərizə ilə məhkəmənin hazırlıq iclasının təxirə salınması barədə vəsatət təqdim olunmuşdur. Lakin, məhkəmə baxmayaraq ki vəsatətə məhkəmə vaxtında baxış keçirtməmiş və bununla da cavabdehin müdafiə hüquqları pozulmuşdur. Cavabdeh Quba rayonu, Amsar-Qışlaq kəndində pasport qeydiyyatında olmaqla barəsində ev dustaqlığı həbs-qətimkan tədbiri seçilməklə orada yaşadığı üçün və tərəflər arasında yaranmış mübahisənin əsasını təşkil edən texnoloji avadanlığın Xaçmaz rayonunda yerləşdiyini (iddiaçının təqdim etdiyi müqavilə və akta əsasən) nəzərə alaraq hazırki kommersiya mübahisəsinə adiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə isə öz qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında olan xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyətı məhkəməyə müraciət edirlər. Hazırkı işin hallarından görünür ki, iddiaçının (lizinq verənin) hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədir. Bildiririk ki, Cavabdeh Quba rayonu, Amsar- Qışlaq kəndində pasport qeydiyyatında olmaqla barəsində ev dustaqlığı həbs-qətimkan tədbiri seçilməklə orada yaşadığı üçün və tərəflər arasıdna yaranmış mübahisənin əsasını təşkil edən texnoloji avadanlığın Xaçmaz rayonunda yerləşdiyi (iddiaçının təqdim etdiyi müqavilə və akta əsasən) bildirilmiş və həmin avadanlıqlar barəsində tərəflər arasında mübahisənin olduğu bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinin 8-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyətı məhkəməyə müraciət edirlər. Hazırda, iddiaçı - lizinq verən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə olduğu müəyyən edilir. Bununla yanaşı, kollegiya qeyd edir ki, MPM-in müstəsna aidiyyətlə bağlı 39.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iş üzrə mübahisə lizinq müqaviləsi üzrə borcun tutulması ilə bağlı olduğundan, müstəsna aidiyyatla bağlı qeyd olunan maddədə nəzərdə tutulan hallardan hər hansı biri mövcud olmadığından, avadanlığın yerləşdiyi yer üzrə baxılması əsaslı hesab edilə bilməz. Eyni zamanda, cavabdehin qeydiyyatda olduğu yer üzrə işə aidiyyəti məhkəmədə baxılması üçün əsaslar müəyyən edilməmişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin rədd olunması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2-2(113)-590/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar