Məhkəmə qərarları › İş №2-2(103)-362/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-362/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-362/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1403/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 fevral 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 090546 nömrəli, 06 dekabr 2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinə əsasən 10/92-326 nömrəli abonent kodunun adını İddiaçınə dəyişdirilməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, dəymiş 2.000,00 manat məbləğində maddi ziyanın, mediatorun hesabına ödənilmiş 60,00 manat mediasiya xərcinin və dövlət büdcəsinə ödənilmiş 40,00 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.02.2022-ci il tarixli, e-2-2(113)-1403/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin "xxxx" MMC-yə rəsmi qaydada verilməsi, ödənilmiş 40 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılması qərara alınmışdır İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3, 152.1, 152.1.3 və 26.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndinə istinad edərək, qeyd etmişdir ki, "xxxx" MMC kommersiya qurumu olsa da, iddianın predmetini abonent kodunun adını İddiaçınə dəyişdirilməsini öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı tələbi sonuncunun publik səlahiyyətlərinə aiddir və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi də kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid olmadığından hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasına baxılması yolverilməzdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrində göstərilən əsaslar mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsində isə təsbit olunmuşdur ki, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 24-cü bəndində qeyd olunmuşdur ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. İddia ərizəsindən də görünür ki, hazırki mübahisənin predmeti birbaşa tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsindən irəli gəlir və iddia tələbi abonent kodunun adının dəyişdirilməsindən və zərərin əvəzinin ödənilməsindən ibarətdir. Göründüyü kimi hazırki mübahisənin predmeti və xarakteri tərəflərin sahibkarlıq fəaliyyəti zamanı bağlanmış müqavilədən irəli gəlir. Bu hallar isə hazırki mübahisənin inzibati mübahisə olmasını istisna edir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1403/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar