Məhkəmə qərarları › İş №2-2(103)-364/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-364/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-364/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 17.02.2022-ci il tarixli e-2-2(113)-1315/2022 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh “Chelo Energy Services” LLC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chelo Energy Services” LTD-dən 219.631,91 (iki yüz on doqquz min altı yüz otuz bir dollar doxsan bir sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və 665 (altı yüz altmış beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.02.2022-ci il tarixli, e-2-2(113)-1315/2022 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 440.1, 443.0. və 440.0.3-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdeh “Chelo Energy Services” LLC-nin Azərbaycan Respublikasında hər hansı bir əmlakı və yaxud filial və ya nümayəndəliyinin qeydə alındığı ünvan (yəni olduğu yer) yoxdur. Belə olan halda X1 hüquqi şəxsə qarşı iddiaya baxılmasında Azərbaycan Respublikası Məhkəmələri səlahiyyətli deyildir. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə istinad edərək, məhkəmə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçının Azərbaycan Respublikasında filialı olsa da, cavabdehin Azərbaycan Respublikası ilə hər hansı əlaqəsi mövcud deyil. Mülki Prosessual Məcəllənin ərazi aidiyyəti ilə bağlı qaydaları isə məhz cavabdehin ünvanı ilə tənzimlənir. Ona görə də, iddiaçının Azərbaycan Respublikasında filialının olması Mülki Prosessual Məcəllənin 443.0.2 və ya 443.0.7-ci maddələrinin tətbiq edilməsi üçün əsas ola bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17.02.2022-ci il tarixli e-2-2(113)-1315/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar