Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-364/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli e-2-2(113)-1794/2025 nömrəli qərardadından iddiaçı “Azərsun Kağız və X2” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Azərsun Kağız və X2” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 435,54 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 465,54 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı “Azərsun Kağız və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1794/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “Azərsun Kağız və X2” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı “Azərsun Kağız və X2” MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1794/2025 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsini hazırki iş üzrə doğru tətbiq etməmiş, ümumiyyətlə, araşdırma və hüquqi dəyərləndirmə aparmadan formal tətbiq etməklə kifayətlənmiş və nəticədə qanunsuz, əsassız və ən önəmlisi ədalətsiz qərar qəbul edilmişdir. Məhkəmə sözügedən qərardadda eyni tərəflərin kim olduğunu və eyni əsasın nədən ibarət olduğunu aydılaşdırsa da, tələbin eyni predmet hissəsində heç bir araşdırma aparmadan heç bir qeyd aparmamışdır. Məhkəmə bilməlidir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi üçün həmin iddia ərizəsi üzrə həm tərəflər eyni olmalıdır, həm tələb eyni hüquqi əsas üzrə yaranmalıdır, həm də məhkəmə mübahisəsinin predmeti - yəni iddiaçının cavabdehdən tələb etdiyi nəsnə (pul, əmlak və s.) və ya hüquq eyni olmalıdır. Məsələn, təsəvvür edək ki, A. adlı şəxs B. adlı şəxsin əmlakına 5000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu iş üzrə tərəflər A. və B.-dir, hüquqi əsas AR Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə ziyan vurulması əsasıdır, predmet isə 5000 məbləğində pul vəsaitidir. Hazırki işdə isə "Azərsun Kağız və X2" MMC Cavabdeh xx.xx.2024-cü il tarixli 460 saylı alqı-satqı müqaviləsi üzrə 435,54 manat məbləğində pul vəsaiti tələb edir. Məhkəmənin iddia ərizəsini icraata götürməkdən imtina üçün əsas hesab etdiyi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5932/2024 saylı qiyabi qətnaməsində mübahisə eyni tərəflər və eyni əsaslar üzrə olsa da eyni predmet barəsində olmamışdır, bu da iddia ərizəsinin icraata götürülməsindən imtina olunmasını hüquqi cəhətdən mümkünsüz edir. Məhkəmə isə bu hissədə ümumiyyətlə heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan, qərardadında eyni predmet hissəsi ilə bağlı heç bir qeyd etmədən iddia ərizəsini icraata götürməkdən qanunsuz olaraq imtina etmişdir.Digər bir tərəfdən birinci instansiya məhkəməsi bəlkə də hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5932/2024 saylı qiyabi qətnaməsi ilə iddiaçı "Azərsun Kağız və X2" MMC-nin Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli 460 saylı alqı-satqı müqaviləsi üzrə borc məbləğinə qiymət verilmişdir, yəni iddiaçının 1767,11 manat məbləğində pul tələbi qismən – 1331,57 manat hissədə təmin edilmiş, iddia qalan hissədə əsassız olduğundan rədd edilmişdir və buna baxmayaraq iddiaçı rədd olunan hissəylə bağlı yenidən məhkəməyə müraciət edir. Belə olduğu təqdirdə, həqiqətən də iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Halbuki işin faktiki halları belə olmamışdır. Cavabdeh iddiaçı "Azərsun Kağız və X2" MMCyə xx.xx.2024-cü il tarixli 460 saylı alqı-satqı müqaviləsi üzrə borcu 1767,11 manat olsa da, Bakı Kommersiya Məhkəməsinə ünvanlanan iddia ərizəsində texniki səhv nəticəsində iddia tələbi 1331,57 manat olaraq müəyyən edilmiş, məhkəmə də iddia ərizəsinə baxmış və iddianı təmin edərək müvafiq qətnamə qəbul etmişdir. İddiaçı qətnamədə texniki səhvin düzəldilməsi barədə ərizə ilə məhkəməyə yenidən müraciət etsə də, məhkəmə ərizəni təmin etməmiş, həmin qərardaddan apellyasiya şikayəti verilsə də, apellyasiya instansiya məhkəməsi də hesab etmişdir ki, bu texniki səhv deyildir, iddia tələbi 1331,57 manat olduğu üçün məhkəmə qətnaməsi əsaslı qəbul edilmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5932/2024 saylı qiyabi qətnaməsi ilə iddiaçının iddia tələbi üzrə borc məbləği azaldılmamış, hər hansı hissə rədd edilməmiş, əksinə həm Bakı Kommersiya Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsinin tərəfindən qiymət verilmişdir ki, iddia tələbi 1331,57 manatdır. Hazırki işdə də iddiaçı borcun məhkəmə araşdırmasından kənar qalan digər hissəsini 435,54 manat hissəsini cavabdehdən tələb etməkdədir. Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2-2(113)-1794/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməsi, iş iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı “Azərsun Kağız və X2" MMC-nin Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli 460 saylı alqı-satqı müqaviləsi üzrə 1331,57 manat məbləğində borcun tutulması barədə iş əvvəllər Bakı Kommersiya Məhkəməsində baxılmış və həmin iş üztə 14 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda iddiaçı cavabdehin həmin müqavilə üzrə əvvəlki iddia ilə ödənilməsi tələb etdiyi və qətnamə ilə ödənilməsi qət edilmiş 1331,57 manat məbləğində borcdan əlavə 435,54 manat məbləğində borcun da mövcud olduğunu əsas göstərərək həmin borcun tutulmasını tələb etmiş, birinci instansiyası məhkəməsi tərəfindən MPM-in 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir (Azərbaycan Reespublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hazırkı iddia ilə əvvəllər Bakı Kommersiya Məhkəməsində baxılmış iddianın əsasları(xx.xx.2024-cü il tarixli 460 saylı alqı-satqı müqaviləsi) və tərəflərinin (”Azərsun Kağız və X2” MMC və Cavabdeh) eyni olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, sözügedən iddiaların predmetlərin də eyni olması barədə mövqeyi əsaslı hesab etmir. Belə ki, yuxarıda da göstərildiyi kimi iddianın predmeti anlayışına iddianın obyekti, yəni iddiaçının əldə etməyə çalışdığı maddi nemət də daxildir. Hazırkı halda birinci instansiya məhkəməsi sözügedən iddialar üzrə iddia predmetinin tərkib elementi olan iddianın obyektlərinin (birinci iddiada alqı-satqı müqaviləsi üzrə ümumilikdə 1767,11 manat borcun 1331,57 manat hissəsi, hazırkı halda isə qalıq 435,54 manat hissəsi) fərqləndiyini nəzərə almamış, nəticədə mübahisəyə MPM-in 153.2.2-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Azərsun Kağız və X2” MMC tərəfindən verilmiş şikayət təmin edisin. Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli e-2-2(113)-1794/2025 nömrəli qərardadı ləğv edilsin, iş iddianın icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-364/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-364/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver