Məhkəmə qərarları › İş №2-2(103)-365/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-365/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-365/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi x1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-555/2019 saylı 05.03.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-555/2019 saylı 17.07.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 105.096 manat əsas borc, 24.217,95 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi, 129.343,95 manat pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qərardadı ilə, prosessual müddətin ötürülməsi ilə verildiyindən, MPM-in 363.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadı ilə cavabdehin həmin şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən, MPM-in 363.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh şikayət verərək həmin qərardadın da ləğv edilməsini və iş üzrə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə onlara çatmayıb. Onlar qətnamənin rəsmi olaraq onlara göndərilməsini xahiş etmişlər ki, bununla da apellyasiya şikayti vermə müddəti bərpa edilməli idi. Lakin məhkəmə onlara göndərilən 06.12.2019-cu il tarixli məktubunda bilirir ki, qətnamə 02.09.2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmişdir, amma bunu sübut edən işdə heç bir poçt qəbzi yoxdur. İş materiallarında qətnamənin onlara rəsmi qaydada gəlib çatması barədə qəbz mövcud olmadığı halda, apellyasiya şikayəti geri qaytarılıb. Bakı Kommersiya Məhkəməsinin 23.04.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasınnın vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 376-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Kazımov cavabdehin şikayəti ilə razılaşmamış, işin vaxtı uzadıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, belə hesab edir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin şikayətindən göründüyü kimi, həmin şikayətini birinci instansiya məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadından verərək ləğvini tələb etsə də, öz narazılığını məhkəmənin bundan əvvəl qəbul etdiyi 27.02.2020-ci il tarixli (qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə) qərardadından bildirərək, işdə məhkəmənin 17.07.2019 qətnaməsinin ona gəlib çatmasına dair sübut mövcud olmadığını mübahisələndirməklə, ondan şikayət vermə müddətini ötürmədiyini bildirir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə əlaqədar qeyd edir ki, birincisi instansiya məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadından göründüyü kimi, məhkəmə, 27.02.2020-ci il tarixli «qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə» qərardadınının özündən belə cavabdehin şikayət vermə müddəti ötürldüyünü müəyyən edərək, həmin şikayəti üzrə məhkəmə icraatını mümkün saymamış geri qaytarmışdır. Belə ki, MPM-in 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. İş materiallarının 110-cu vərəqində olan poçt qəbzindən (ştrix kod: SS651951939AZ) isə görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli «cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə» qərardadı cavabdehə 14.02.2020-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada çatdırılmış, sonuncu isə həmin qərardaddan apellyasiya şikayətini 27.02.2020-ci il tarixində poçta təqdim etmiş, bununla da qanunla müəyyən edilən şikayət vermə müddətini 3 gün ötürmüşdür. Belə olan halda, MPM-in 363.1.3-cü maddəsinin tələbinə görə müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, məhkəmə 05.03.2020-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmənin 27.02.2020-ci il tarixli qərardadından verdiyi şikayətini geri qaytarması qanunvericiliyə tamamilə uyğundur. Hər bir halda, məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin 17.07.2019-cu il tarixli qətnaməsinin ona gəlib çatmadığnı, işdə həmin qətnamənin ona çatdırılmasına dair qəbz mövcud olmadığını mübahisələndirən dəlillərini də əsassız sayır. Belə ki, iş materiallarınnın 84-cü vərəqində olan poçt qəbzindən (ştrix kodu:SS608978862AZ) görünür ki, qətnamə 02.09.2019-cu il tarixdə rəsmi qaydada ona çatdırılmış, işin 104-cü vərəqindən isə göründüyü kimi, həmin qətnamədən apellyasiya şikayətini isə poçta 07.01.2020-ci il tarixində vermişdir. Bununla da cavabdeh qətnamədən şikayət vermənin, MPM-in 360-cı maddəsi ilə müəyyən olunan bir aylıq müddətini - iki aydan da çox ötürmüş olur. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, işə baxan birinci instansiya məhkəməsinin onun şikayətlərinin geri qaytarılması barədə qərardaları ilə razılaşmayıb, onlardan şikayət verməklə ləğvini tələb etməsi ilə yanaşı, həmin şikayətlərində həm də qətnamədən apellyasiya şikayəti vermə müddətiniin bərpasını tələb etməsi prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun hesab edilə bilməz. Çünki, prosessual müdldətin bərpa edilməsini arzulayan cavabdeh MPM-in 133.1-ci maddəsinin tələblərinə əməl edərək, məhkəmənin, onun şikayətinin geri qatarılması barədə qərardadından şikayət vermək əvəzinə, ayrıca olaraq, üzrlü səbəblərini göstərməklə və bununla bağlı sübutlarını, habelə, apellyasiya şikayətini də əlavə etməklə, qətnamədən buraxılmış şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməli idi. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin şikayətinin prosessual müddəti ötürmədiyini vurğulamaqla, dolayısı ilə Bakı Kommersiya Məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən şikayətin geri qaytarılması barədə məhkəmə qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-555/2019 saylı 05.03.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar